Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Qitə Kubokunda Azərbaycan cüdoçuları komanda hesabı ilə 1-ci yerdədir. Modern.az xəbər verir ki, Qitə Kubokuna 23 nəfərlik heyətlə yollanan Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabı ilə ilk pillədə qərarlaşıb. İsrail, Yaponiya və Gürcüstan komandaları isə müvafiq olaraq 2, 3 və 4-cü yerləri tutublar.
Xatırladaq ki, ötən il Gürcüstan komandası 6 medalla yarışın birincisi idi. Tural Safquliyev (81 kq) və Şaxmad Maqomedov (90 kq) turnirin qalibləri, Şahin Qəhrəmanov (90 kq) ikinci, Hüseyn Rəhimli (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) isə üçüncü oldu.Yarışın birinci günü Azərbaycan cüdoçusu Hüseyn Rəhimli (73 kq) bürünc medala sahib olub. 81 kq-dək kateqoriyada Tural Safquliyev ikinci dövrədə gürcüstanlı Yason Çilindrişvili ilə qarşılaşıbvə ona ipponla qalib gəlib. Dörddə bir finalda Tural, ukraynalı Sergey Qonçuk və macar idmançısı Milan Kollerə qalib gəlmiş komanda yoldaşı Məmmədəli Mehdiyevlə görüşüb. Çudoçularımızın qarşılaşması Tural Safquliyevin gələbəsi ilə bitib və beləliklə o, yarımfinala çıxıb. Burada israilli Asaf Çenə xal hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Nəhayət finaldakı rəqibi yaponiyalı Takanori Naqaseyi ipponla məğlub edən cüdoçumuz Tural Safquliyev özünün favorit statusunu təsdiqləyib.
Bürünc medal uğrunda mübarizəni davam etdirən Məmmədəli Mehdiyev ilk qarşılaşmada erməni Mqer Karapetyanı, daha sonra isə rusiyalı Arsen Prşmaxovu məğlub edərək üçüncülükdə qərarlaşıb. 90 kq-dək olan çəkidə çüdoçumuz Şahin Qəhrəmanov rusiyalı Dmitrli Renevi və gürcü Zviyad Qoqoçurini məğlub edərək dörddə bir finalda Ukraynadan olan Stanislav Retinskiylə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Şahin yarımfinalda tataminin sahibi Paşa Tavelurini də məğlub edib. Beləliklə, finalda Azərbaycan cüdoçuları Şexmad Maqomedov və Şahin Qəhrəmanov birincilik uğrunda mübarizə aparıb və müvafiq olaraq 1-ci və 2-ci yerləri öz aralarında bölüşdürüblər.
Tbilisidə keçirilən Qitə Kubokunu izləməyə Gürcüstanın Baş naziri Bidzina İvanişvili, daxili işlər naziri İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, tanınmış şəxslər təşrif buyurub.
|
|
|
|
Şahanə RƏHİMLİ