Modern.az

Deputat: “Dövlət xüsusi fond yaradaraq sosial evlər tikintisini həyata keçirə bilər”

Deputat: “Dövlət xüsusi fond yaradaraq sosial evlər tikintisini həyata keçirə bilər”

Aktual

4 Fevral 2013, 17:24

“Əhalinin mənzil şəraitini yaxşılaşdırmaq üçün sosial evlər proqramı həyata keçirilməlidir”. Bu sözləri Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, qeyd edib ki, Azərbaycanda son illər kifayət qədər mənzil tikilib. “Və hətta bu zamanda tikilən mənzillərin ümumi kvadrat metrəsi sovetlər dönəmində tikildiyindən də çoxdur. Amma bu gün mənzil tikintisi əsasən özəl sahədədir. Milli Məclisin payız sessiyasında təklif etmişdim ki, sosial evlərin tikintisinə dövlət xüsusi vəsait ayırsın, bununla bağlı müəyyən proqram tutulsun və dövlət şirkəti bu işləri həyata keçirsin”.

  M. Qurbanlı vurğulayıb ki, sosial evlər bir çox ölkələrdə mənzil tikintisində istifadə olunan variantdır. “Vaxtı ilə Avropa ölkələrində, İtaliya, Fransada bu cür proqramlar həyata keçirilib, hazırda Hindistanda keçirilir. Bu gün Türkiyədə sosial evlər, yəni tikintisi dövlət tərəfindən maliyyələşən evlər tikilərək vətəndaşlara uzun müddətli kredit hesabına verilir. Azərbaycanda vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün hökumət ipoteka siyasətini həyata keçirir, xüsusilə gənclər üçün ipoteka siyasəti var. Gənclər güzəştli şərtlərlə ipoteka krediti götürərək, mənzil ala bilərlər. Eyni zamanda dövlətin özü mənzil fondundan vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edir, mənzil alır və s. Amma bununla yanaşı yenə bu fikirdəyəm ki, ölkəmizdə sosial evlər proqramı həyata keçirilməlidir. Bu yalnız Bakı şəhərində deyil, Gəncədə, Sumqayıtda, Şəkidə, Lənkəranda digər sənaye mərkəzi olan şəhərlərimizdə həyata keçirilməlidir”.

Millət vəkili bildirib ki, bu proqramın mahiyyəti odur ki, vətəndaşlar həmin evləri alırlar və uzun müddət onun haqqını ödəməyə başlayır. “Bu ödəmələr başa çatdıqdan sonra həmin mənzillər vətəndaşın mülkiyyətinə çevrilir. O müddət ərzində vətəndaş həmin evi sata, girov qoya bilməz. Lakin ödəmələr başa çatdıqdan sonra vətəndaş həmin mənzili öz mülkiyyəti kimi istifadə edə bilər. Əslində koperativ ev tikintisinin başqa formasıdır. Koperativ ev tikintisində mənzilin tikintisi üçün vətəndaş onun müəyyən hissəsi və ya çox hissəsini ödəyirdi. Burada isə vətəndaş heç nə ödənmir, mənzili alır və mənzili aldıqdan sonra aybaay, çox da böyük olmayan məbləğdə mənzil haqqını ödəyir. Bu haqq vətəndaşın kirayədə qalarkən verəcəyi puldan da az olur. Ona görə vətəndaş sosial evlərdə yaşamağa üstünlük verir”. M. Qurbanlı qeyd edib ki, Türkiyənin şəhərlərində bələdiyyələr bələdiyyə hesabına və yaxud dövlət hesabına bu cür tikintilər həyata keçirib, Hindistanda da bu proqram həyata keçirilir, Çində buna bənzər variantlar var. “Bu gün də Azərbaycanda dövlət xüsusi fond yaradaraq bu fond vasitəsilə sosial evlər tikintisini həyata keçirdə bilər. Bu ideya, təklifi Milli Məclisdə səsləndirmişəm və bu gün də bu fikirlərimin üzərində qalıram və gələcəkdə də hökumətə bu cür təkliflə müraciət edəcəyəm”.

 

“MBA Group” konsaltinq şirkətinin direktoru, iqtisadi ekspert Nüsrət İbrahimov da sosial evlərin tikilməsi proqramının həyata keçirilməsini vacib hesab edir. “Sosial evlərin tikilməsi üçün müəyyən şərtlər var, büdcədən müəyyən xərclər ayrılmalıdır, icra strukturlarının üzərinə bəzi vəzifələr qoyulmalıdır. Elə gənc ailələr var ki, onların mənzil almaq imkanı məhduddur. Bu gün Bakı şəhərində mənzilin qiyməti orta hesabla 62 min manat civarındadır. Bu vəsaiti toplayıb ev almaq çətindir. İpoteka ilə bu mənzili almaq üçün ilkin ödəniş verməlisən. Ona görə də sosial evlərin tikilməsi proqramının qəbulu vacibdir və güman edirəm ki, bununla müəyyən problemlər öz həllini tapar”, – deyə N. İbrahimov əlavə edib.

 

Aytən ƏLİYEVA  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı