"Rəqibin hücumda keyfiyyəti əladır. Onlar texniki cəhətdən güclüdürlər, rəqibə oynamaq üçün çox yer verməməliyik. Başlanğıcdan dəqiq olmalıyıq və sürətlə yüksəlməliyik. İlk oyundakı kimi oynasaq və bir az üstünə qoysaq, yaxşı nəticə əldə edə biləcəyimizə inanıram".
Modern.az xəbər verir ki, bu sözləri "Viktoriya" klubunun baş məşqçisi Mixal Bilek Çempionlar Liqasında pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Oyunumuzla bağlı iki variantımız var. Bunlardan biri üçlü müdafiədir. Son məşqdən sonra baxacağıq. Vatslav Jemelka ilk oyunda sol cinahda yaxşı çıxış etdi. Sabah da belə mövqedə oynaya bilər. Lukaş Heydanı isə kiminlə əvəz edəcəyimə qərar verməklə bağlı sabaha qədər vaxtım var. İki mümkün 11-liyim var. Hər ikisi də keyfiyyətlidir. Sabah səhər hazırlığına az qalmış qərar verəcəyəm. Bütün futbolçularım hazırdırlar. Oynamaq istəyirlər və matça tam kökləniblər", - deyə baş məşqçi söyləyib.
O, Bakıdakı görüşlə sabahkı qarşılaşmanın oxşar olacağını bildirib: ""Qarabağ"ın üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la cavab oyununu bir daha izlədik. "Ferentsvaroş" hesabı açmaq çalışdı, sonra 1:3 məğlub oldu. "Qarabağ"ın da istədiyi budur. Açıq futbol oynasaq, "Qarabağ" təhlükəli olacaq. Biz buna imkan verməməliyik".
Mixal Bilek sabah məşqçilik karyeranısının ən vacib oyununa çıxacağını vurğulayıb: "Məşqçi kimi Çempionlar Liqasının qrup mərhləsində olmamışam. Mənimlə yanaşı, əksər oyunçularımız da burada olmayıb. Evimizdə güclüyük. Bu, bizim üçün böyük çağırışdır. İnanıram ki, uğurlu olacağıq. Azarkeşlərdən güclü dəstək alacağıq"
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.