İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə həyatımızın demək olar ki, bütün sahələri rəqəmsallaşıb. Dövlət qurumlarından və bank sistemindən tutmuş, sosial şəbəkələrə, onlayn alış-veriş platformalarına və şəxsi məlumatlarımıza qədər hər şey internet üzərindən idarə olunur. Bu isə rahatlıq və sürət qazandırmaqla yanaşı, yeni təhlükələri də özü ilə gətirir.
Demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrində kiberhücumlar, haker hücumları, məlumatların oğurlanması, dəyişdirilməsi və ya sistemlərin fəaliyyətinin iflic edilməsi ilə bağlı xəbərlərlə qarşılaşırıq. Bəzən bu hücumlar milyonlarla istifadəçini, bəzən isə bütöv dövlət qurumlarını və iri şirkətləri hədəfə alır. Nəticədə həm ciddi maliyyə zərərləri yaranır, həm də insanların şəxsi məlumatlarının təhlükəsizliyi risk altına düşür.
Adətən "haker" sözü eşidilən kimi insanların ağlına qanunsuz şəkildə sistemlərə daxil olan, məlumatları oğurlayan və ya zərər vuran şəxslər gəlir. İctimaiyyət daha çox bu peşənin mənfi tərəfi ilə tanışdır və "haker" anlayışı çox vaxt cinayətkar fəaliyyətlə əlaqələndirilir.
Ancaq məsələnin digər tərəfi də var. Görəsən "yaxşı haker" anlayışı həqiqətən mövcuddurmu? İnformasiya təhlükəsizliyi sahəsində sistemləri qorumaq, boşluqları aşkar etmək və kiberhücumların qarşısını almaq üçün çalışan mütəxəssislər də varmı? Onlar hansı prinsiplərlə fəaliyyət göstərirlər, cinayətkar hakerlərdən nə ilə fərqlənirlər və bu sahədə etik qaydalar necə müəyyən olunur?
Mövzu ilə bağlı informasiya texnologiyaları (İT) mütəxəssisi Fərhad Mirəliyev Modern.az-a açıqlama verib:
“Əlbəttə ki, qeyd etdiyiniz məsələ insanların öz seçimindən asılıdır. Belə ki, bu sahədə bilikli və bacarıqlı mütəxəssislər öz biliklərini həm müsbət istiqamətdə, həm də arzuolunmaz məqsədlər üçün istifadə edə bilərlər.
Məsələn, iri İT şirkətlərinin əksəriyyətinin “Bug Bounty” proqramları mövcuddur. Bu proqramlar çərçivəsində onlar öz proqram təminatlarının açıq şəkildə test edilməsini təklif edir və testlər nəticəsində hər hansı təhlükəsizlik boşluğu aşkar olunarsa, bunun müqabilində mükafat təqdim edirlər. Yəni peşəkar mütəxəssis, məsələn, Facebook və ya WhatsApp proqram təminatını test edərkən hər hansı boşluq aşkar edərsə, bu barədə rəsmi şəkildə vendora məlumat verir və həmin şirkətin mükafatlandırma proqramı mövcuddursa, bunun müqabilində mükafat ala bilir. Bu, fəaliyyətin qanuni istiqamətlərindən biridir.
Bundan başqa, bu gün təkcə İT şirkətlərində deyil, banklarda və digər təşkilatlarda da kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən struktur və departamentlər mövcuddur. Bu qurumlarda adətən "Qırmızı Komanda" (Red Team) və "Göy Komanda" (Blue Team) fəaliyyət göstərir. Bu komandalardan biri müdafiə strategiyası və taktikasını qurur, digəri isə özünü haker rolunda təqdim edərək həmin sistemləri test edir. Başqa sözlə, onlar həm infrastrukturu qurur, həm də kənardan edilə biləcək hücumları imitasiya edərək sistemləri sınaqdan keçirirlər. Məqsəd real hücum baş verməzdən əvvəl mövcud boşluqları aşkarlamaq, onları aradan qaldırmaq və mümkün risklərə qarşı hazırlıqlı olmaqdır.
Digər kateqoriyaya aid şəxslər isə aşkar etdikləri təhlükəsizlik boşluqlarını qara bazarda satırlar. Məsələn, WhatsApp-da elə bir boşluq ola bilər ki, hələ heç kimə məlum deyil. Hər hansı bir şəxs həmin boşluğu aşkar etdikdən sonra onu rəsmi şəkildə WhatsApp-a bildirmək əvəzinə, məsələn, Rusiyanın xüsusi xidmət orqanlarına böyük məbləğ qarşılığında sata bilər. Çünki qara bazarda təklif olunan məbləğ bəzi hallarda şirkətin rəsmi mükafat proqramı çərçivəsində verilən mükafatdan daha yüksək olur. Nəticədə isə həmin boşluğu satın alan tərəflər ondan istifadə edərək müxtəlif zərərli əməllər törədə bilirlər”.
Nicat Rüstəmzadə