Bəzən insan heç bir aydın səbəb olmadan daxilində güclü narahatlıq və qorxu hiss edə bilər. Sanki yaxın zamanda xoşagəlməz bir hadisə baş verəcəkmiş kimi yaranan bu duyğu, əslində, bir çox insanın həyatının müəyyən dövrlərində yaşadığı psixoloji hallardan biridir.
Belə anlarda ortada konkret təhlükə və ya real səbəb olmasa da, insanın beynində “nəsə pis olacaq” düşüncəsi yarana bilər. Bu hiss bəzən qısa müddətli olur və keçir, bəzən isə təkrarlanaraq insanın gündəlik həyatına, yuxusuna, münasibətlərinə və ümumi emosional vəziyyətinə təsir göstərə bilər.
Mütəxəssislərin fikrincə, bu cür qorxu və narahatlıq hisslərinin yaranmasında insanın stress səviyyəsi, uzunmüddətli gərginlik, keçmişdə yaşadığı hadisələr, travmatik təcrübələr və beynin təhlükəni dəyərləndirmə mexanizmləri rol oynaya bilər. Bəzən insan fərqində olmasa belə, əvvəlki mənfi təcrübələr və ya davamlı narahatlıq vəziyyəti gələcəkdə baş verə biləcək hadisələrə qarşı həssaslıq yarada bilər.
Digər tərəfdən, insan beyninin əsas funksiyalarından biri təhlükələri əvvəlcədən müəyyən etməyə çalışmaqdır. Bu səbəbdən bəzən real təhlükə olmadığı halda belə, beyin ehtimal olunan risklərə qarşı “siqnal” yarada bilər.
Bəs heç bir səbəb olmadan yaranan bu qorxu hissinin arxasında hansı psixoloji mexanizmlər dayanır? Bu, keçmiş travmalarla, stresslə və ya insanın düşüncə xüsusiyyətləri ilə bağlı ola bilərmi? Mütəxəssislər belə halları necə izah edir və hansı zaman bu hissə xüsusi diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlama verib.
Psixoloq, bu halın insanın müdafiə mexanizminə əsaslandığını söyləyib:
“Müdafiə mexanizmi insanın özünü qorumaq üçün formalaşdırdığı təbii bir reaksiyadır. Əgər insanda heç bir müdafiə mexanizmi olmasaydı, onda qorxu hissi də olmazdı. Lakin bəzi qorxular var ki, onlar artıq fobiya şəklində özünü göstərir. Bu zaman vəziyyət nevroloji və psixiatrik problemlər kimi ortaya çıxa bilər.
Fobiyalar insanın gündəlik həyatına ciddi təsir edir. İnsan bir çox şeydən həddindən artıq qorxmağa, daim narahat və təşvişli olmağa başlayır. Bu vəziyyət onun normal yaşamasını çətinləşdirir. Davamlı həyəcan və təşviş halları isə artıq psixoloji və psixiatrik baxımdan qiymətləndirilməli olan problemlərdir.
Əgər insan qarşısında real təhlükə varsa və buna görə narahatlıq hiss edirsə, bu, normal və təbii reaksiyadır. Lakin ortada real təhlükə olmadığı halda insan daim qorxu, narahatlıq və təşviş içində yaşayırsa, bu artıq psixoloji problem hesab oluna bilər.
Belə vəziyyətlərdə həm psixoloq, həm də ehtiyac olduqda psixiatr tərəfindən qiymətləndirmə və müvafiq dəstək vacibdir. Bəzən insanlar düşünürlər ki, bu vəziyyət zamanla öz-özünə keçəcək və müalicəyə ehtiyac yoxdur. Lakin təəssüf ki, bir çox hallarda bu problemlər öz-özünə aradan qalxmır, əksinə zaman keçdikcə daha da ağırlaşa və insanın psixi sağlamlığına ciddi təsir göstərə bilər”.
Nicat Rüstəmzadə