Modern.az

Amerikalı professorun "xeyriyyəçi" adlandırdığı Vardanyan Kremlin fiquru olub - FAKTLAR

Amerikalı professorun "xeyriyyəçi" adlandırdığı Vardanyan Kremlin fiquru olub - FAKTLAR

Aktual

Bu gün, 17:22

"AnewZ"un "The Oligarch's Design | Ruben Vardanyan" sənədli filmində Ruben Vardanyanın təkcə rusiyalı oliqarx deyil, həm də Kremlin geosiyasi maraqlarına xidmət edən fiqurlardan biri olduğu göstərilirdi.

Modern.az xatırladır ki, filmdə çıxış edən ekspertlər onun biznes fəaliyyəti, siyasi əlaqələri və Qarabağdakı fəaliyyəti arasında paralellər apararaq bu qənaəti əsaslandırmağa çalışırlar.

Sənədli filmdə qeyd olunur ki, Vardanyan uzun illər Rusiyanın maliyyə sektorunda fəaliyyət göstərib və ölkənin ən nüfuzlu investisiya banklarından biri hesab olunan Troika Dialogun rəhbərlərindən olub. Müəlliflərin fikrincə, həmin dövrdə onun Kremlin siyasi dairələri ilə münasibətləri formalaşıb və sonrakı illərdə də davam edib. Filmdə ekspertlər bildirirlər ki, Rusiyada iri biznes nümayəndələrinin hakimiyyətin razılığı olmadan fəaliyyət göstərməsi praktiki olaraq mümkün deyil. Bu baxımdan Vardanyanın da Kremlin etimadını qazanan şəxslərdən biri olduğu iddia edilir.

Filmdə Ukraynalı və avropalı ekspertlər Vardanyanın Rusiya hakimiyyəti ilə yaxın münasibətlərini onun sonrakı fəaliyyətində də gördüklərini bildirirlər. Onların sözlərinə görə, Vardanyanın 2022-ci ildə Qarabağa gəlməsi də şəxsi təşəbbüsdən daha çox Kremlin regional planlarının tərkib hissəsi kimi qiymətləndirilir. Sənəd müəllifləri hesab edirlər ki, həmin dövrdə Moskva Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışırdı və Vardanyanın fəaliyyəti bu məqsədə xidmət edirdi.

Sənədli filmdə diqqət çəkilən məqamlardan biri də Vardanyanın Rusiya hərbi-sənaye kompleksi ilə əlaqələri barədə səsləndirilən iddialardır. Filmdə qeyd olunur ki, o, Ukraynanın sanksiya tətbiq etdiyi Volga-Dnepr şirkətinin direktorlar şurasının üzvü olub. Ekspertlərin sözlərinə görə, bu şirkət Rusiyanın hərbi logistikasında mühüm rol oynayıb və müharibə dövründə silah-sursat, pilotsuz uçuş aparatları və digər hərbi yüklərin daşınmasında iştirak edib.

Filmdə həmçinin bildirilir ki, Vardanyan 2024-cü ilə qədər Rusiyanın hərbi texnika istehsalçılarından biri olan KAMAZ şirkətində pay sahibi olub. Sənəd müəllifləri iddia edirlər ki, KAMAZ istehsal etdiyi hərbi avtomobillər və artilleriya platformaları ilə Rusiya Müdafiə Nazirliyinin əsas təchizatçılarından biridir. Ekspertlər bu faktları Vardanyanın Rusiya hərbi-sənaye kompleksi ilə əlaqələrinin davam etdiyini göstərən nümunələr kimi təqdim edirlər.

Filmdə səslənən fikirlərdən birinə görə, Rusiyada iri biznes nümayəndələri müstəqil siyasi oyunçu deyillər. Ekspert bildirir ki, oliqarxlar Kremlin iradəsinə zidd hərəkət etdikləri halda ya bizneslərini, ya da azadlıqlarını itirə bilərlər. Bu səbəbdən onların dövlət maraqlarından kənar fəaliyyət göstərməsi real görünmür. Sənəd müəllifləri bu tezisi Vardanyanın fəaliyyəti ilə də əlaqələndirirlər.

Sənədli filmdə Vardanyanın Qarabağa köçməzdən əvvəl Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı yaydığı açıqlamalara da toxunulur. Burada çıxış edən ekspertlər bildirirlər ki, sadəcə pasportdan imtina etmək vətəndaşlığın avtomatik itirilməsi anlamına gəlmir və bu məsələ ilə bağlı müxtəlif hüquqi prosedurlar mövcuddur. Filmdə bu səbəbdən Vardanyanın Rusiya ilə əlaqələrinin tam kəsildiyi barədə iddiaların inandırıcı olmadığı irəli sürülür.

Müəlliflər Vardanyanın beynəlxalq aləmdə formalaşdırdığı xeyriyyəçi obrazına da xüsusi yer ayırırlar. Filmdə qeyd olunur ki, müxtəlif humanitar layihələr və təhsil təşəbbüsləri sayəsində o, uzun illər Qərbdə nüfuz qazanmağa çalışıb. Bununla yanaşı, ekspertlər bu fəaliyyətlərin onun siyasi və biznes maraqlarını kölgədə saxlamağa xidmət etdiyini iddia edirlər.

Bu kontekstdə sənədli filmdə tədqiqatçı-yazıçı Ergün Kırlıkovalının araşdırmasına da diqqət çəkilir. Bildirilir ki, Kırlıkovalı amerikalı yazıçı və Nassim Nicholas Talebin Ruben Vardanyanı "xeyriyyəçi" kimi təqdim etməsini tənqid edib. Araşdırmada vurğulanır ki, Vardanyan haqqında irəli sürülən ittihamlar və onun Rusiya ilə əlaqələri fonunda belə xarakterizə beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

Filmin sonunda çıxış edən ukraynalı ekspertlərdən biri Vardanyanın fəaliyyətinin təkcə Ukraynanın deyil, Avropa təhlükəsizliyinin də maraqlarına zidd olduğunu iddia edir. Digər ekspert isə bildirir ki, Qarabağdakı fəaliyyəti və Rusiya ilə əlaqələri səbəbindən onun barəsində beynəlxalq hüquqi qiymət verilməsinin vacibliyini düşünür. Bu fikirlər sənədli filmdə ekspertlərin şəxsi mövqeyi kimi təqdim olunur.

Müəlliflər yekunda belə nəticəyə gəlirlər ki, Ruben Vardanyan uzun illər ərzində beynəlxalq ictimaiyyətə humanitar və xeyriyyəçi obrazında təqdim olunsa da, onların araşdırmasına görə bu obrazın arxasında Kremlin maraqları ilə uzlaşan daha geniş siyasi fəaliyyət dayanıb. Sənədli film boyunca səsləndirilən bu qiymətləndirmələr müəlliflərin və filmdə çıxış edən ekspertlərin mövqeyi kimi təqdim edilir.

Qeyd edək ki, Ruben Vardanyan ətrafında beynəlxalq müzakirələr son günlər yeni mərhələyə keçib. Müzakirələrə səbəb olan hadisələrdən biri də livanəsilli amerikalı yazıçı, risk nəzəriyyəçisi və Nassim Nikolas Talebin sosial şəbəkədə yaydığı açıqlama olub. Taleb Bakıda mühazirə keçirmək üçün dəvət aldığını, lakin Ruben Vardanyan həbsdə olduğu müddətdə Azərbaycana gəlməyəcəyini bildirib və onu "siyasi məhbus" kimi xarakterizə edib. Bu mövqe Azərbaycan ictimaiyyətində və mediada geniş rezonans doğurub.

Talebin bəyanatından sonra ABŞ-də yaşayan türk əsilli mühəndis, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı ona açıq məktub ünvanlayaraq bu mövqeyi sərt tənqid edib. Kırlıkovalı məktubunda diqqəti Vardanyanın uzun illər ərzində beynəlxalq aləmdə formalaşdırdığı "xeyriyyəçi" obrazına yönəldib. O bildirib ki, Vardanyanın ictimaiyyətə təqdim edilən humanitar fəaliyyəti onun maliyyə şəbəkəsi, biznes keçmişi və siyasi fəaliyyəti ilə bağlı irəli sürülən iddialardan ayrı qiymətləndirilməməlidir.

Açıq məktubda Nassim Nikolas Talebin öz əsərlərində tez-tez bəhs etdiyi "narrativ tələləri" (narrative fallacy) anlayışına da istinad edilir. Kırlıkovalının fikrincə, Vardanyanın "xeyriyyəçi" kimi tanınması məhz belə bir "narrativ sipəri" yaradıb və bu imic onun ətrafında formalaşan daha mürəkkəb maliyyə və geosiyasi məsələlərin kölgədə qalmasına səbəb olub. O, Talebi Vardanyanı yalnız humanitar layihələri ilə deyil, beynəlxalq araşdırmalarda yer alan iddialar, "Troika Laundromat" işi, Rusiya ilə əlaqələri və Qarabağdakı fəaliyyəti fonunda da qiymətləndirməyə çağırıb.

Kırlıkovalı məktubunun sonunda Talebə müraciətlə bildirib ki, "kölgə maliyyəsi, qanunsuz qlobal maliyyə axınları və hərbi logistika ilə əlaqələndirilən oliqarxın müdafiəsi" etik baxımdan ciddi suallar doğurur. Onun fikrincə, həqiqi humanizm münaqişələrdən zərər çəkən insanların hüquqlarını müdafiə etməyi tələb edir və ictimai xadimlər hər hansı mövqe sərgiləyərkən bütün faktları nəzərə almalıdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!