Modern.az

20 yaşlarında insan niyə özünü uğursuz hiss edir?

20 yaşlarında insan niyə özünü uğursuz hiss edir?

Aktual

Bu gün, 12:38

20 yaşlarında bir çox gənc özünü yaşıdlarından geri qalmış və uğursuz hiss edə bilər. “Artıq nəyəsə nail olmalı idim”, “hamı məndən öndədir” kimi düşüncələr bu yaşda psixoloji təzyiq yaradır. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəblərindən biri insanın özünü başqaları ilə müqayisə etməsidir. Xüsusilə sosial şəbəkələrdə yaşıdlarının uğurlarını, gəlirlərini, səyahətlərini və həyatlarının yalnız müsbət tərəflərini görən gənc öz həyatını daha mənfi qiymətləndirə bilər. Bununla yanaşı, ailənin və cəmiyyətin “erkən yaşda uğur qazanmaq” gözləntisi də bu təzyiqi artırır.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Modern.az-a açıqlamasında bildirib ki, müasir dövrün sürətli tempi insanlarda hər şeyə tez nail olmaq istəyini gücləndirib:

“İndiki sürət əsrində, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu sürət insanların davranışlarına, həyat tərzinə və düşüncələrinə də təsir göstərir. İnsanlar hər şeyi tez əldə etmək, tez nəticə qazanmaq və tez uğura nail olmaq istəyirlər. Sanki hamı tələsir. Bununla yanaşı, sosial şəbəkələr insanlarda yeni müqayisə meyarları formalaşdırır. Xüsusilə 15–20 yaşlı gənclər həmyaşıdlarının uğurlarını gördükdə “O buna tez nail oldu, mən niyə nail ola bilmirəm?”, “Onda var, məndə niyə yoxdur?” kimi suallar verməyə başlayırlar. Əslində, bunun psixologiyada izahı var. Sosial müqayisə nəzəriyyəsinə görə, insan özünü qiymətləndirərkən başqalarının nailiyyətlərini meyar kimi götürə bilər. Bu müqayisə bəzən motivasiya yaratsa da, mənfi nəticələrə də səbəb ola bilər”.

Sosioloqun sözlərinə görə, sosial mediada insanların həyatlarının əsasən parlaq tərəflərini nümayiş etdirməsi gənclərdə yanlış təsəvvür yaradır:

“Gənc sosial mediada həmyaşıdının uğurunu gördükdə bunu öz həyatına tətbiq edir və “Mən 20 yaşında niyə buna nail olmamışam?” sualını verir. Halbuki qarşı tərəfin yaşadığı çətinliklər, uğursuzluqlar və problemlər sosial mediada görünməyə bilər.

Üzeyir Şəfiyev qeyd edib ki, arzularla real imkanlar arasında böyük fərq yarandıqda gəncdə məyusluq və ruh düşkünlüyü yarana bilər:

“İnsan başqalarının nailiyyətlərini özünə meyar götürdükdə “Mən niyə buna nail olmadım?” sualı ilə qarşılaşır. Bu, bəzi hallarda özünəinamın zəifləməsinə və psixoloji problemlərə gətirib çıxara bilər.

Böyük hədəflərin olması vacibdir. Lakin həmin hədəflər insanın potensialı, bacarığı və inkişaf imkanları nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Əsas məsələ yalnız sürətli olmaq deyil, düzgün istiqamətdə hərəkət etməkdir.

Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova da Modern.az-a açıqlamasında 20 yaşın insan üçün həssas keçid mərhələsi olduğunu bildirib:

“İyirmi yaş insan üçün həm başlanğıc, həm də keçid dövrüdür. Bu mərhələdə insan həyatının necə formalaşacağı, qarşıda onu nələrin gözlədiyi və hansı məsuliyyətlərin yaranacağı barədə düşünür.

Bu dövrdə insan özünü başqaları ilə müqayisə etməyə başlayır. “Mənim sinif yoldaşlarım universitetə qəbul oldular, mən isə olmadım”, “Onlar daha bacarıqlıdır”, “Mən geridə qalmışam” kimi düşüncələr ortaya çıxa bilər. Müqayisənin olduğu yerdə isə stress, gərginlik və təzyiq yaranır.

Təəssüf ki, bu təzyiq bəzən ailədən də gəlir. Valideynlərin “Başqaları bunu etdi, sən edə bilmədin”, “Sən geridə qaldın” kimi ifadələri gəncin özünəinamına ciddi təsir göstərə bilər”.

Psixoloqun sözlərinə görə, perfeksionist insanlar bu təzyiqi daha ağır keçirirlər:

“İnsan özündən həddindən artıq yüksək nəticələr gözlədikdə və həmin gözləntilər reallaşmadıqda ruh düşkünlüyü, özünəinam itkisi və ümidsizlik yarana bilər. “Mən bacarmıram”, “Məndən heç nə olmayacaq” kimi düşüncələr artdıqca insan özünü daha uğursuz hiss etməyə başlayır.

Bu yaşda “Mən kiməm?”, “Mən kim olacağam?”, “Həyatım necə olacaq?” kimi sualların yaranması normaldır. İnsan özünü kəşf etməli, müxtəlif təcrübələr yaşamalı və həyat istiqamətini zamanla müəyyənləşdirməlidir. 20 yaşda bütün bunları dərhal bilmək vacib deyil”.

Vəfa Rəşidova valideynlərə də uşaqları başqaları ilə müqayisə etməmələri barədə çağırış edib:

“İyirmi yaşlı gənclərə hər zaman bunu demək lazımdır: özünüzü heç kimlə müqayisə etməyin. Hər insanın öz həyat yolu, planı və tempi var.

Valideynlər də uşaqlıqdan övladlarına özlərini ifadə etmək, qərar vermək və məsuliyyət götürmək imkanı yaratmalıdırlar. “Sən bunu bacarmazsan”, “Sən edə bilməzsən” kimi ifadələr uşağın özünəinamına təsir edə bilər.

Uşağın qarşısındakı bütün yolları valideyn özü seçməməlidir. Ona həmin yolları kəşf etmək, səhv etmək və öz təcrübəsini qazanmaq imkanı vermək lazımdır. Bu, gələcəkdə gəncin özünəinamının formalaşmasına kömək edir”.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür