Modern.az

Türkiyənin müharibəyə qoşulma ehtimalı sıfırdır - ŞƏRH

Türkiyənin müharibəyə qoşulma ehtimalı sıfırdır - ŞƏRH

Analitika

Bu gün, 17:24

ABŞ ilə İran arasında hərbi eskalasiya getdikcə daha da şiddətlənir. ABŞ İranın körpü və digər infrastrukturuu vurmaqla hədələyir və bir sıra enerji təsisatlarını vurur. Bununla yanaşı cavab atəşi adı altında İran körfəz ərəb ölkələrindəki enerji resurslarını, eləcə də buradakı ABŞ bazalarını vurur.

Bu isə ərəb ölkələrinin İrana qarşı öz təhlükəsizliyini müdafiə etmək üçün vahid cəbhə yaradıb-yaratmayacağı məsələsini gündəmə gətirir. Üstəgəl İranın Türkiyənin yaxın müttəfiqi olan Qətəri vurması da suallar yaradır. 

Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi hücumlar ABŞ-İran arasında ikitərəfli böhran çərçivəsini aşaraq, regional təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərən yeni mərhələnin başlandığını göstərir:

“Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Qətər kimi ölkələrin hədəfə alınması Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) daxilində ortaq müdafiə sisteminin yaradılması ilə bağlı müzakirələri sürətləndirə bilər. Bununla belə, bu ölkələrin İrana münasibəti və xarici siyasət prioritetləri tamamilə eyni deyil.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri son illərdə müdafiə sahəsində əməkdaşlığı gücləndirsələr də, Oman uzun müddətdir vasitəçilik rolunu qoruyub saxlamağa çalışır. Qətər isə bir tərəfdən ABŞ-ın regiondakı ən böyük hərbi bazalarından birinə ev sahibliyi edir, digər tərəfdən isə İranla diplomatik əlaqə kanallarını açıq saxlamağa xüsusi önəm verir. Buna görə də yaxın perspektivdə İrana qarşı yönəlmiş, NATO-ya bənzər vahid hərbi ittifaqın formalaşacağını gözləmək real görünmür.

Bunun əvəzində hava və raketdən müdafiə sistemləri, erkən xəbərdarlıq mexanizmləri, kəşfiyyat məlumatlarının mübadiləsi, dəniz təhlükəsizliyi və strateji enerji infrastrukturunun mühafizəsi kimi sahələrdə daha geniş regional təhlükəsizlik mexanizmlərinin yaradılması ehtimalı kifayət qədər yüksəkdir. ABŞ-ın da uzun illərdir Körfəz ölkələri arasında inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin qurulmasını təşviq etdiyi məlumdur”.

Ekspert vurğulayıb ki, Türkiyə baxımından isə məsələ daha həssas xarakter daşıyır:

“Qətər Ankaranın regiondakı ən yaxın strateji tərəfdaşlarından biridir. İki ölkə arasında müdafiə sahəsində sıx əməkdaşlıq mövcuddur və Türkiyənin Qətərdəki hərbi mövcudluğu mühüm çəkindirici amillərdən biri hesab olunur. Bu səbəbdən Qətərin təhlükəsizliyini təhdid edən istənilən inkişaf Ankara tərəfindən diqqətlə izlənilir.

Bununla yanaşı, Türkiyənin İrana qarşı yaradılacaq birbaşa hərbi blokun tərkibində yer alması ehtimalı olduqca aşağıdır. Çünki Ankara İranla uzun quru sərhədini bölüşür, enerji, ticarət və sərhəd təhlükəsizliyi kimi strateji sahələrdə Tehranla münasibətlərini tamamilə qoparmaq niyyətində deyil. Türkiyənin ənənəvi xarici siyasət xətti regional böhranlarda tərəflərdən birinə çevrilməkdən daha çox balans yaratmağa və diplomatik həll yollarını açıq saxlamağa əsaslanır.

Bu baxımdan Ankaranın üstünlük verəcəyi model, bir tərəfdən başda Qətər olmaqla strateji tərəfdaşlarının təhlükəsizliyinə dəstək göstərmək, digər tərəfdən isə İranla diplomatik təmasları davam etdirərək gərginliyin daha genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmiş çoxşaxəli siyasət olacaq. Əgər gələcəkdə yeni regional təhlükəsizlik mexanizmi formalaşarsa, Türkiyənin bunu İrana qarşı hərbi ittifaq kimi deyil, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi, dəniz nəqliyyatının qorunması, raketdən müdafiə və böhranların idarə olunması kimi ortaq təhdidlərə fokuslanan inklüziv təhlükəsizlik platforması kimi dəstəkləməsi daha real görünür”.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə qeyd edib ki, İran hakimiyyətinin əsas hədəflərindən biri region ölkələrinin də bu hərbi əməliyyatlara qoşulması, regionda böyük müharibə ocağının yaranmasıdır:

“Xüsusən ərəb ölkələrini müharibəyə cəlb etməklə Tehran hakimiyyəti ABŞ-İran qarşıdurmasını regional qarşıdurmaya çevirməyi hədəfləmişdi. Amma Körfəz ərəb ölkələri bu tələyə düşmür. Çünki İran hərbçiləri ABŞ-nin Körfəz ərəb ölkələrindəki bazalarını vurur. Körfəz ərəb ölkələri bu müharibəyə qoşulmağı məqsədəuyğun hesab etmir”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin müharibəyə qoşulma ehtimalı isə yox dərəcəsindədir:

“Çünki savaş Türkiyənin savaşı deyil. Bu savaş heç region ölkələrinin də savaşı deyil. Bu savaş Tehran hakimiyyətinin ABŞ və İsrailə qarşı iddialı davranışının, siyasi-ideoloji düşüncəsinin savaşıdır. Bu savaş İranın regional hegemonluq iddiası ilə bağlı savaşdır. İranın bu dini, ideoloji savaşının region ölkələrinə aidiyyəti yoxdur. Ona görə də Körfəz ərəb ölkələri - BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Qətərin İrana qarşı müharibəyə qoşulma ehtimalı azdır. Qətərin isə həm Türkiyə, həm də İranla formal münasibətləri mövcuddur. Düzdür, Qətər banklarında İranın 12 milyard dollara qədər vəsaiti dondurulub. Dondurulan vəsaitin yarısının sərbəstləşdirilməsi gözlənilir. Amma İranla Qətər münasibətləri düşmənçilik səviyyəsində deyil. O baxımdan da Qətərin İranla münasibətlərinin kəskinləşib müharibə səviyyəsinə qalxacağı ehtimalı azdır. Düzdür, ABŞ və İsrail istərdi ki, İran hakimiyyəti Körfəz ölkələrini də müharibəyə qoşsun. Ancaq Körfəz ölkələri ictimai təhlükəsizlik baxımından bu addımı hələ ki atmır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!