Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Modern.az-a geniş müsahibə verib. Millət vəkili müsahibədə ekologiya ilə bağlı xeyli maraqlı məqama toxunub.
- Sadiq müəllim, YAP-ın VIII qurultayı keçirildi. Burada partiyanın sədri, Prezidentin həm ölkə əhəmiyyətli, həm də ümumilikdə region üçün çox ciddi çıxışları oldu. Necə düşünürsünüz, YAP-ın bundan sonrakı fəaliyyətində əsas istiqamətlər nələr olacaq?
- Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələdə ölkəmizin qarşısında duran vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün müəyyənləşdirilən strateji hədəflərin kökündə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi, müstəqil Azərbaycanın möhkəmləndirilməsi ideyası və xalqla hakimiyyətin birliyinə söykənən siyasi xətt dayanır. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafı naminə formalaşmış siyasi irsin daşıyıcısıdır. Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışlarında müəyyənləşdirilən istiqamətlər bu tarixi siyasi xəttin müasir dövrün çağırışlarına uyğun davam etdirildiyini göstərir. Qarşıda duran əsas vəzifələr əldə edilmiş tarixi nailiyyətləri qorumaq, müstəqilliyimizi daha da möhkəmləndirmək, iqtisadi gücümüzü artırmaq və vətəndaşlarımızın rifahını yüksəltməkdir. Azərbaycan bu gün regionda yeni reallıqlar yaradan, sülh və əməkdaşlıq gündəliyinə təsir göstərən dövlətdir. Bu mövqenin davamlılığı güclü iqtisadiyyat, müasir ordu, milli həmrəylik və ardıcıl dövlət siyasəti tələb edir. YAP-ın gələcək fəaliyyətində əsas istiqamətlərdən biri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və bu ideyaların müasir Azərbaycanın inkişaf hədəfləri ilə uzlaşdırılmasıdır. Eyni zamanda, partiya vətəndaşlarla sıx təmasları genişləndirməli, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamalı, gənclərin dövlətçilik ruhunda yetişməsinə və ictimai fəallığının artmasına töhfə verməlidir. Hakim partiya olaraq YAP-ın məsuliyyəti dövlət siyasətinin mahiyyətini cəmiyyətə çatdırmaqla yanaşı, ölkəmizin inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsində fəal iştirak etməkdir. Əminəm ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə sadiqlik və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xəttin davam etdirilməsi Azərbaycanın qarşısında yeni inkişaf imkanları açacaq. Əsas məqsədimiz güclü dövlətçiliyi qorumaq, iqtisadi və sosial tərəqqini sürətləndirmək, milli həmrəyliyi möhkəmləndirmək və gələcək nəsillərə suveren, təhlükəsiz və firavan Azərbaycan miras qoymaqdır.
- Paşinyan COP17 çərçivəsində Azərbaycanla sülh sazişi imzalandıqdan sonra ekoloji məsələlərə daha çox diqqət ayrılacağını bildirib. Sizcə, Ermənistanın ekoloji əməkdaşlığa hazır olduğunu göstərən ilk konkret addımı nə olmalıdır?
- Azərbaycan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Lakin davamlı sülh qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və üzərinə götürülmüş öhdəliklərə əməl olunması ilə mümkündür. Ekoloji təhlükəsizlik də bu prinsiplərdən kənarda qala bilməz. Çünki çirklənmiş çay sərhəd tanımır, zəhərlənmiş suyun fəsadları isə yalnız bir ölkənin ərazisi ilə məhdudlaşmır. Ermənistanın COP17 çərçivəsində ekoloji məsələlərə daha çox diqqət yetirmək niyyətini konkret addımlarla təsdiqləməsi vacibdir. Bunun üçün ilk növbədə mövcud problemlərin həllinə siyasi iradə göstərilməlidir. Xüsusilə Oxçuçayın çirklənməsi məsələsi ciddi yanaşma tələb edir. Çayın ekoloji vəziyyətinin müstəqil və obyektiv qiymətləndirilməsi, monitorinq nəticələrinin şəffaf şəkildə açıqlanması, çirklənmə mənbələrinin müəyyənləşdirilməsi və zərərin aradan qaldırılması istiqamətində real tədbirlərin görülməsi ilk addımlar ola bilər.Azərbaycanın mövqeyi aydındır. Transsərhəd su ehtiyatlarının qorunması beynəlxalq ekoloji hüququn, dövlətlərin məsuliyyətinin və qonşuluq münasibətlərinin mühüm tərkib hissəsidir. Bu sahədə beynəlxalq konvensiyaların tələbləri seçmə qaydada tətbiq oluna bilməz. Ətraf mühitə təsir göstərən fəaliyyətlər barədə məlumatların açıqlanması, mümkün zərərin qarşısının alınması və qonşu dövlətlərin qanuni maraqlarının nəzərə alınması məsuliyyətli davranışın əsas şərtləridir.
Mənim mətbuatda bu mövzuya həsr etdiyim yazıların ruhuna uyğun olaraq vurğulamaq istərdim ki, ekologiya yalnız təbiətin qorunması məsələsi ilə məhdudlaşmır. Bu, həm də dövlətlərin məsuliyyətinin, siyasi iradəsinin və beynəlxalq öhdəliklərə münasibətinin göstəricisidir. Ekoloji problemlərin həllini gələcək əməkdaşlıq vədlərinə bağlamaq əvəzinə, artıq mövcud olan problemlərin aradan qaldırılmasına başlamaq lazımdır. Ermənistan ekoloji əməkdaşlığa həqiqətən hazır olduğunu göstərmək istəyirsə, ilk addım sözlə niyyət bildirmək yox, mövcud ekoloji problemlərin həlli üçün məsuliyyət götürmək olmalıdır. Azərbaycan prinsipial mövqeyindən çıxış edərək regionda ekoloji təhlükəsizliyin möhkəmləndirilməsini dəstəkləyir. Bunun üçün isə şəffaflıq, qarşılıqlı məsuliyyət və beynəlxalq hüquqa hörmət əsas götürülməlidir.

- Ermənistanla mümkün ekoloji əməkdaşlıq Azərbaycanın keçmiş işğal dövründə təbiətə vurulmuş zərərə görə kompensasiya tələblərinə necə təsir edə bilər? Bu iki məsələ paralel aparılmalıdırmı?
- Əlbəttə, bu iki məsələ paralel şəkildə nəzərdən keçirilə bilər. Gələcəyə yönəlmiş ekoloji əməkdaşlıq keçmişdə vurulmuş zərərin araşdırılması və hüquqi qiymətləndirilməsi məsələsini arxa plana keçirməməlidir. İşğal dövründə Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarı, meşələrin və digər təbii ekosistemlərin zədələnməsi, su ehtiyatlarının çirklənməsi ilə bağlı məsələlər ölkəmiz üçün çox vacibdir. Bu zərərin müəyyənləşdirilməsi, sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi qanunla müəyyən olunmuş qaydada davam etdirilməlidir. Eyni zamanda, gələcəkdə ekoloji problemlərin qarşısını almaq, transsərhəd su ehtiyatlarını qorumaq və regional ekoloji təhlükəsizliyi təmin etmək üçün əməkdaşlıq imkanları da araşdırılmalıdır. Azərbaycanın mövqeyi aydındır. Biz sülhün və əməkdaşlığın tərəfdarıyıq, eyni zamanda milli maraqlarımızın və qanuni hüquqlarımızın qorunmasını vacib hesab edirik. Davamlı sülh həm gələcəyə məsuliyyətlə yanaşmağı, həm də mövcud problemlərin hüquqi müstəvidə həllini tələb edir.
- İki ölkənin parlamentlərinin ekologiya komitələri arasında birbaşa təmas təşəbbüsünü dəstəkləyərsinizmi? Belə bir təklif sizə gəlsə, cavabınız nə olar?
- Azərbaycanın Ermənistanla münasibətlərə dair mövqeyi dövlətimizin müəyyən etdiyi sülh və normallaşma siyasətinin prinsiplərinə əsaslanır. Parlamentlərarası dialoq da bu ümumi siyasi çərçivədən kənarda nəzərdən keçirilə bilməz. Hər hansı təmasın məqsədi, məzmunu və nəticəsi regionda davamlı sülhə, qarşılıqlı etimadın möhkəmlənməsinə və Azərbaycanın milli maraqlarının qorunmasına xidmət etməlidir. İki ölkənin parlamentlərinin ekologiya komitələri arasında birbaşa təmas təklifi irəli sürülərsə, belə təşəbbüsə fərdi və ya yalnız komitə səviyyəsində qərar verilə bilməz. Məsələ dövlətimizin ümumi siyasəti, mövcud siyasi reallıqlar və milli maraqlar kontekstində qiymətləndirilməlidir.
- Xəzərin səviyyəsinin enməsi ilə bağlı komitəyə təqdim edilmiş son elmi proqnoz nə deyir? Azərbaycanın hansı sahilyanı əraziləri üçün təcili tədbir görülməlidir?
- Xəzər dənizinin dayazlaşması artıq ciddi ekoloji, iqtisadi və strateji çağırışdır. Cənab Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində bu məsələyə xüsusi diqqət çəkərək bildirdi ki, dənizin səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Azərbaycanın Xəzər sektorunda isə suyun geri çəkilməsi nəticəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib. Dövlət başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə nəticələrin fəlakətli xarakter ala biləcəyini vurğuladı. Prezidentin çıxışından irəli gələn əsas məqam budur ki, Xəzərin dayazlaşmasını yalnız iqlim dəyişmələri ilə izah etmək olmaz. Çay axınının azalması və təsərrüfat fəaliyyətinin təsirləri də kompleks şəkildə araşdırılmalıdır. Buna görə də ilk növbədə dəniz səviyyəsinin gələcək dinamikasına dair obyektiv elmi qiymətləndirmə aparılmalı, müxtəlif ssenarilər əsasında risklər müəyyənləşdirilməli və qabaqlayıcı tədbirlər görülməlidir. Azərbaycan üçün təxirəsalınmaz diqqət tələb edən istiqamətlər sahil xəttinin geri çəkildiyi ərazilər, limanlar, gəmiçilik marşrutları, enerji və nəqliyyat infrastrukturu, eləcə də sahilyanı yaşayış məntəqələri və həssas ekosistemlərdir. Xüsusilə limanların fəaliyyətinin davamlılığı, sahilyanı infrastrukturun uyğunlaşdırılması, biomüxtəlifliyin qorunması və sahil ərazilərində yaranan ekoloji risklərin qiymətləndirilməsi üzrə tədbirlər elmi monitorinqin nəticələrinə əsaslanmalıdır. Ayrı-ayrı ərazilər üzrə prioritetlər isə müvafiq qurumların və elmi təşkilatların aktual məlumatları əsasında dəqiqləşdirilməlidir. Hesab edirəm ki, dənizin qorunması ayrı-ayrı dövlətlərin səyləri ilə məhdudlaşa bilməz. Elmi məlumatların mübadiləsi, razılaşdırılmış monitorinq və əlaqələndirilmiş tədbirlər Xəzəryanı ölkələrin ortaq məsuliyyətidir.

- Xəzər geri çəkildikcə Azərbaycan sahillərində üzə çıxan torpaqların hüquqi statusu necə müəyyənləşdirilir? Həmin ərazilər kimin balansına keçir və istifadəyə verilməsinə kim qərar verir?
- Xəzərin səviyyəsinin enməsi nəticəsində üzə çıxan torpaqların hüquqi statusu məsələsinə diqqətlə yanaşılmalıdır. Burada torpaq qanunvericiliyi, su qanunvericiliyi, sahil zolağının hüquqi rejimi, dövlət mülkiyyəti və ekoloji təhlükəsizliklə bağlı tələblər birlikdə nəzərə alınmalıdır. Torpağın suyun altından çıxması onun avtomatik olaraq hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətinə keçməsi demək deyil. Ərazinin hüquqi statusu, sərhədləri, torpaq kadastrındakı vəziyyəti və istifadəyə dair şərtlər qanunvericiliyə uyğun müəyyən edilməlidir. Bu məsələlərdə aidiyyəti dövlət qurumlarının səlahiyyətləri və ərazinin konkret hüquqi xüsusiyyətləri əsas götürülməlidi. İstifadəyə verilmə qərarları da müəyyən edilmiş hüquqi prosedurlara uyğun qəbul edilməlidir. Məncə, Xəzərin sahil zolağında dövlət maraqlarının, ekoloji tarazlığın və ictimai mənafenin qorunması xüsusi əhəmiyyət daşıyır.
- Bu torpaqlar sahildəki otellərə, istirahət mərkəzlərinə və fərdi mülklərə avtomatik birləşdirilə bilərmi? Belə halların qarşısını almaq üçün ayrıca qanun dəyişikliyinə ehtiyac görürsünüzmü?
- Xeyr, hər hansı ərazinin Xəzərin geri çəkilməsi nəticəsində üzə çıxması həmin sahənin yaxınlıqdakı otelə, istirahət mərkəzinə və ya fərdi mülkə avtomatik birləşdirilməsi üçün hüquqi əsas yaratmır. Belə məsələlərdə mülkiyyət hüquqları, torpaqayırma qaydaları, sahil zolağının hüquqi rejimi və ekoloji məhdudiyyətlər nəzərə alınmalıdır. Ərazinin faktiki olaraq hansı mülkə yaxın yerləşməsi onun hüquqi mənsubiyyətini müəyyən etmir. Mövcud qanunvericiliyin bu cür halları tənzimləmək üçün yetərli olub-olmadığı hüquqi təhlil əsasında aydınlaşdırılmalıdır. Əgər hüquqi boşluqlar və ya tətbiq zamanı problemlər aşkarlanarsa, qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə baxmaq mümkündür. Əsas istəyimiz Xəzərin sahil zolağının qanunsuz zəbtinin qarşısını almaq, dövlət və ictimai maraqları qorumaq, təbii sərvətlərdən istifadədə hüquqi bərabərliyi təmin etməkdir.

- Güclü yağış zamanı Bakının bəzi küçələrinin keçilməz hala düşməsini yalnız yağıntının intensivliyi ilə izah etmək olarmı? İnfrastrukturun çatışmazlığı ilə fövqəladə hava hadisəsinin təsirini ayıran müstəqil qiymətləndirmə tələb edəcəksinizmi?
- Güclü yağıntı təbii hadisədir, lakin onun şəhər infrastrukturuna təsiri bir sıra amillərdən asılıdır. Yağış sularının axıdılması sistemlərinin mövcud vəziyyəti, drenaj şəbəkələrinin ötürücülük imkanları, ərazinin relyefi və şəhərsalma xüsusiyyətləri bu baxımdan mühüm rol oynayır. Buna görə subasma hallarının səbəblərini müəyyənləşdirərkən həm meteoroloji şərait, həm də infrastrukturun hazırlıq səviyyəsi nəzərə alınmalıdır. Cənab Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixində Bakı və Abşeron yarımadasında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə qaldırdığı məsələlər bu sahənin dövlət səviyyəsində diqqətdə saxlanıldığını göstərir. Su təsərrüfatı infrastrukturunun yenilənməsi, yağış və tullantı sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsi, müasir həllərin tətbiqi şəhərin iqlim risklərinə davamlılığının artırılması baxımından əhəmiyyətlidir. Konkret subasma hadisələrinin texniki səbəblərinin müəyyənləşdirilməsi isə aidiyyəti qurumların və mütəxəssislərin səlahiyyətinə daxildir. Belə araşdırmaların nəticələri infrastrukturun təkmilləşdirilməsi və gələcək risklərin azaldılması üçün əsas ola bilər. Parlamentin roluna gəldikdə, hesab edirəm ki, burada səlahiyyət bölgüsünü düzgün nəzərə almaq lazımdır. Milli Məclis hər bir küçədə baş verən hadisənin texniki araşdırmasını aparan və ya icra qurumlarının gündəlik fəaliyyətini əvəz edən orqan deyil. Parlamentin əsas vəzifəsi qanunvericilik bazasını təkmilləşdirmək, dövlət siyasətinin hüquqi əsaslarının formalaşmasında iştirak etmək və öz səlahiyyətləri çərçivəsində parlament nəzarətini həyata keçirməkdir. Əgər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə və ya sistemli problemlərin müzakirəsinə ehtiyac yaranarsa, müvafiq komitə məsələni öz səlahiyyətləri daxilində nəzərdən keçirə bilər.
- Leysan xəbərdarlığı əvvəlcədən verildiyi halda yolları və evləri su basırsa, hazırlığın yetərli olub-olmadığını kim yoxlamalıdır? Məsul qurumları komitəyə dəvət edib konkret ünvanlar üzrə izahat istəyəcəksinizmi?
- Bir daha qeyd edim ki, parlament icra hakimiyyəti orqanı deyil və dövlət idarəçiliyində hər bir strukturun öz səlahiyyətləri və məsuliyyət dairəsi var. Parlamentin əsas funksiyası qanunvericilik fəaliyyətini həyata keçirmək, dövlət siyasətinin hüquqi əsaslarının formalaşdırılmasında iştirak etmək və qanunla müəyyən edilmiş çərçivədə parlament nəzarətini təmin etməkdir. Konkret küçələrdə və ünvanlarda baş verən subasma hallarının araşdırılması, drenaj sistemlərinin vəziyyətinin yoxlanılması, qabaqlayıcı tədbirlərin görülməsi və operativ müdaxilənin təşkili isə müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyəti qurumların vəzifəsidir. Güclü yağışlar zamanı yaranan problemlərin səbəbləri həmin qurumlar tərəfindən araşdırılmalı, infrastrukturun vəziyyəti qiymətləndirilməli və zəruri tədbirlər görülməlidir.
- Yağış sularının axıdılması sistemlərinə ayrılan vəsaitin nəticəsini yoxlamaq üçün parlament səviyyəsində araşdırmaya ehtiyac varmı? Komitəniz aidiyyəti qurumlardan xərc və görülmüş işlər barədə məlumat tələb edəcəkmi?
- Dövlət vəsaitlərinin xərclənməsi konkret nəticələrlə müşayiət olunmalıdır. Milli Məclis hökumətin hər il təqdim etdiyi dövlət büdcəsini müzakirə edir və təsdiqləyir. Bu, dövlət vəsaitlərinin prioritet istiqamətlər üzrə bölüşdürülməsində parlamentin mühüm konstitusion funksiyalarından biridir.
Drenaj və yağış sularının idarə olunması sistemlərinə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, əldə olunan nəticələrin qiymətləndirilməsi isə müvafiq səlahiyyətli qurumların və mərkəzi icra orqanlarının məsuliyyətinə daxildir. Eyni zamanda, bir daha qeyd edim ki, parlament öz səlahiyyətləri çərçivəsində bu sahədə görülən işlərlə bağlı məsələləri nəzərdən keçirə və zərurət yarandıqda müvafiq qurumların fəaliyyətinə parlament nəzarəti həyata keçirə bilər.
Mən hesab edirəm ki, hazırkı mərhələdə bu məsələ üzrə ayrıca araşdırıcı komissiya yaradılmasından daha çox, mövcud nəzarət mexanizmlərinin səmərəli işləməsi, aidiyyəti qurumların məsuliyyətini tam yerinə yetirməsi və ayrılan vəsaitlərin real nəticələr verməsi vacibdir.

- Alimlərin praktik ekoloji həllər yaratmaq əvəzinə reytinq xalları toplamaq yarışına girdiyini bildirmisiniz. Bu qənaətiniz konkret hansı araşdırmaya əsaslanır?
- Mən bu fikri Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə keçirilən 3-cü Yaşıl Texnologiyalar Beynəlxalq Konfransında səsləndirmişəm. Bu mövzuda mətbuatda da yazım dərc olunub. Tənqidimin konkret hədəfi alimlərin elmi fəaliyyətini qiymətləndirən sistemdə bəzən real elmi və ictimai faydadan daha çox nəşrlərin sayına, istinad göstəricilərinə və beynəlxalq reytinqlərdə mövqeyə üstünlük verilməsidir.
Mən elmi nəşrlərin, beynəlxalq jurnallarda dərc olunan məqalələrin və akademik göstəricilərin əhəmiyyətini inkar etmirəm. Problem o zaman yaranır ki, bu göstəricilər elmi uğurun əsas ölçüsünə çevrilir, tədqiqatın hansı problemi həll etdiyi, hansı yeniliyi yaratdığı və cəmiyyətə nə verdiyi arxa plana keçir. Xüsusilə ekologiya sahəsində bu yanaşmanın nəticələri ciddi müzakirə olunmalıdır. Çünki burada söhbət yalnız elmi mübahisələrdən yox, insanların həyatına, iqtisadiyyatın gələcəyinə və planetin ekoloji təhlükəsizliyinə təsir edən problemlərdən gedir. Bu gün qlobal istiləşmə, iqlim dəyişmələri, su ehtiyatlarının azalması və ətraf mühitə antropogen təzyiqlərin artması bəşəriyyətin qarşısında duran əsas çağırışlardandır. Alimlər insan fəaliyyətinin təbiətə təsirlərini araşdırıb, bu təhlükələrin səbəblərini müəyyənləşdiriblər. Beynəlxalq iqlim konfranslarında, o cümlədən COP platformalarında da bu problemlər müzakirə olunur. İndi isə elmi bilikləri konkret həllərə çevirmək, ekoloji zərəri azaltmaq üçün yeni texnologiyalar yaratmaq zərurəti daha da artır. Mənim tənqidim məhz burada başlayır. Əgər alim öz uğurunu yalnız məqalələrinin sayı və reytinq göstəriciləri ilə ölçürsə, amma onun tədqiqatı suyun qorunmasına, tullantıların azaldılmasına, enerji səmərəliliyinin yüksəldilməsinə və ya iqlim risklərinin zəiflədilməsinə heç bir praktik töhfə vermirsə, bu elmi fəaliyyətin tətbiqi nəticələri barədə sual yaranır. Əlbəttə, fundamental elmin bütün nəticələri dərhal praktik tətbiqə çevrilmir. Lakin elmi siyasət elə qurulmalıdır ki, perspektivli ideyaların texnologiyaya, innovasiyaya və ictimai faydaya çevrilməsi üçün şərait yaradılsın. Azərbaycanda enerji sahəsində bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi və müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər göstərir ki, elmi biliklərlə texnoloji inkişaf arasında əlaqəni gücləndirmək mümkündür. Bu yanaşmanı digər ekoloji istiqamətlərdə də genişləndirməli, universitetləri, elmi müəssisələri, dövlət qurumlarını və özəl sektoru daha sıx əməkdaşlığa təşviq etməliyik.
- Rəhbərlik etdiyiniz komitədə deputatların ən çox fikir ayrılığı yaşadığı məsələ hansıdır? Sonuncu dəfə hansı layihə ilə bağlı hökumətin təqdim etdiyi yanaşmanın dəyişdirilməsinə nail olmusunuz?
- Bizim komitədə fikir ayrılığı yoxdur. Çünki hər bir deputat xalqın təmsilçisi olaraq, ilk növbədə Azərbaycanın milli maraqlarını, dövlətçiliyimizin möhkəmləndirilməsini və vətəndaşlarımızın rifahının yüksəldilməsini əsas götürür. Təbii ki, ayrı-ayrı məsələlərə dair müxtəlif təkliflər və müzakirələr ola bilər. Bu, parlament fəaliyyətinin təbii və faydalı tərəfidir. Əsas odur ki, müzakirələr ortaq məqsədə, yəni ölkəmizin inkişafına, ekoloji təhlükəsizliyin təmin olunmasına və dövlət siyasətinin uğurla həyata keçirilməsinə xidmət etsin. Komitəmiz öz fəaliyyətində cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətti, dövlətimizin milli maraqlarını və qanunvericiliyin tələblərini rəhbər tutur. Hər bir qanun layihəsinə və təşəbbüsə də məhz bu prinsiplər əsasında yanaşırıq. Bizim üçün əsas məsələ kimin hansı təklifi irəli sürməsi yox, həmin təklifin ölkəmizə və xalqımıza nə dərəcədə fayda gətirməsidir. Ümumi məqsədimiz dövlətimizin inkişafına töhfə vermək, qanunvericiliyin təkmilləşdirilməsində iştirak etmək və vətəndaşlarımızın maraqlarını layiqincə təmsil etməkdir.
- Xəzərin çəkilməsi və paytaxtdakı subasmalarla bağlı ayrıca açıq dinləmə keçirəcəksinizmi? Həmin dinləmədə müstəqil ekspertlərin və zərərçəkmiş sakinlərin də iştirakını təmin etməyə hazırsınızmı?
- Xəzərin səviyyəsinin enməsi və şəhərlərdə subasma riskləri həm ekoloji, həm iqtisadi, həm də sosial baxımdan ciddi əhəmiyyət daşıyan məsələlərdir. Bu problemlərin həlli elmi araşdırmalar, dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti və müvafiq infrastruktur tədbirləri tələb edir. Belə məsələlərin parlament səviyyəsində müzakirəsi, müstəqil ekspertlərin, alimlərin və vətəndaşların fikirlərinin öyrənilməsi faydalı ola bilər. Açıq dinləmələr mövcud problemlərin səbəblərini daha dolğun anlamağa, görülən tədbirlərin nəticələrini qiymətləndirməyə və əlavə təklifləri nəzərdən keçirməyə imkan yaradır. Xüsusilə Xəzərin dayazlaşmasının sahilyanı ərazilərə təsiri, şəhərlərdə yağış sularının idarə olunması və müvafiq dövlət proqramlarının icrası diqqətdə saxlanılmalıdır. Açıq dinləmənin keçirilməsi məsələsinə komitənin iş planı və parlament prosedurları çərçivəsində baxıla bilər. Əsas məqsəd müzakirələrin konkret təkliflərə və problemlərin həllinə xidmət etməsidir.

- Salyanda seçicilərinizin sizə ən çox müraciət etdiyi üç problem hansıdır? Onlardan hansı sizin deputatlığınızdan əvvəl də mövcud olub və hələ həllini tapmayıb?
- Salyanda seçicilərimizin müraciətlərində əsasən üç məsələ ön plana çıxır. Bunlar məktəblərin tikintisi və təmiri, elektrik enerjisi təchizatı və yolların vəziyyətidir. İlk növbədə, bəzi kəndlərimizdə yeni məktəblərin tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə ehtiyac var. Uşaqlarımızın keyfiyyətli təhsil alması üçün müasir və sağlam təhsil mühitinin yaradılması vacibdir. Bu məsələ rayonumuzun gələcəyi, gənc nəslin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Elektrik enerjisi təchizatı ilə bağlı qaldırdığımız məsələlərin həlli istiqamətində artıq müsbət irəliləyişlər var. “Azərişıq” tərəfindən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. Yaxın vaxtlarda rayonumuzun bir sıra kəndlərində başlanmış kabel xətlərinin yenilənməsi işlərinin başa çatdırılması gözlənilir. Bu da elektrik təchizatının keyfiyyətinin yüksəlməsinə və mövcud problemlərin azalmasına kömək edəcək. Üçüncü mühüm məsələ yolların vəziyyətidir. Xüsusilə bir neçə kəndi əhatə edən Qarabağlı və Kürsəngi kənd yolunun təmirinə böyük ehtiyac var. Bu yolun yenidən qurulması əhəmiyyətli maliyyə vəsaiti tələb etdiyindən məsələ hələ tam həllini tapmayıb. Mən bu problemi hökumətin iclasında da qaldırmışam. Ümid edirəm ki, növbəti ilin dövlət büdcəsinin hazırlanması zamanı məsələyə diqqət yetiriləcək və yolun təmiri üçün müvafiq vəsaitin ayrılması nəzərə alınacaq. Ümumiyyətlə, seçicilərimizin qaldırdığı problemləri daim diqqətdə saxlayır, onların həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edirik. Bütün məsələlərin eyni vaxtda həlli mümkün olmasa da, əsas məqsədimiz hər bir problemin mərhələli şəkildə aradan qaldırılmasına nail olmaqdır. Regionların inkişafı, kəndlərimizin abadlaşması və insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
- Salyanda hansı dövlət qurumunun fəaliyyətindən daha çox narazısınız və məsələni rəhbərlik qarşısında qaldırmısınızmı?
Salyanda heç bir dövlət qurumunun fəaliyyətindən xüsusi narazılığım yoxdur. Hər bir qurumun rəhbərliyi və əməkdaşları öz vəzifələrinin öhdəsindən gəlməyə, dövlətə və vətəndaşlara xidmət etməyə çalışırlar. Təbii ki, fəaliyyət zamanı müəyyən çətinliklər və həllini gözləyən məsələlər yarana bilər. Vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirə bilməyən qurumlar və ya vəzifəli şəxslərlə bağlı isə qanunvericiliyə uyğun olaraq nəzarət orqanları və mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görürlər. Əsas istəyimiz hər hansı qurumu tənqid etmək yox, mövcud problemlərin həllinə nail olmaq, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və vətəndaşlarımızın rifahına xidmət etməkdir. Hamımızın ortaq məqsədi Azərbaycan dövlətinə və xalqımıza layiqincə xidmət etməkdir.
- Deputat sorğularına formal cavab verildiyi və problemin həll olunmadığı hallar varmı? Belə vəziyyətdə növbəti addımınız nə olur?
- Adətən, deputat sorğularımıza formal cavablar verilmir. Hökumət üzvləri və təsərrüfat subyektlərinin rəhbərləri müraciətlərimizə dolğun cavablar verir, qaldırılan məsələlərə diqqətlə yanaşırlar. Çünki hamımızın ortaq məqsədi Azərbaycan dövlətinə və Azərbaycan vətəndaşına xidmət etməkdir.
Deputat olaraq bizim vəzifəmiz seçicilərin qayğılarını, problemlərini və təkliflərini aidiyyəti qurumlara çatdırmaq, onların həlli istiqamətində çalışmaqdır. Dövlət qurumları ilə parlament arasında qarşılıqlı əməkdaşlıq da elə bu məqsəd üçün çalışırıq.
Əlbəttə, bəzi məsələlərin həlli müəyyən vaxt və əlavə tədbirlər tələb edə bilər. Belə hallarda aidiyyəti qurumlarla əlaqələrimizi davam etdirir, problemin həlli üçün zəruri addımların atılmasına çalışırıq. Əsas prinsipimiz budur ki, dövlət orqanları da, deputatlar da eyni amala xidmət edirik. Bizim üçün ən böyük məsuliyyət Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının yüksəlməsi və hər bir vətəndaşın probleminə həssas münasibət göstərilməsidir.