Modern.az

“Şəhid olsam, anama deyin dalımca ağlamasın” - Şəmkirli əsgərin HEKAYƏTİ - FOTOLAR

“Şəhid olsam, anama deyin dalımca ağlamasın” - Şəmkirli əsgərin HEKAYƏTİ - FOTOLAR

Reportaj

10 İyul 2016, 11:41

Vətəni qibləgah edən şəhidlər - XXVI

     
Şahnaz Alıyeva şəhid yaralarına, şəhid xəbərlərinə öyrəncəlidir, sən demə. Onunla Şəmkirin Kür qəsəbəsində görüşdük. Aprel döyüşlərində həlak olmuş şəhid Vüsal Alıyevin anası bəxtəvər günlərindən, sınıq taleyindən danışdı.

1987-ci ildə əmisi oğlu İntizam Alıyevlə ailə həyatı qurduqdan sonra Rusiyaya  gediblər.  O zaman Azərbaycanda vəziyyət pisləşməyə başalayırdı, iqtisadiyyat çökmüş, iş yerləri bağlanmışdı. İnsanlar qurtuluş yolunu Azərbaycanı tərk edib, getməkdə görürdülər. Bir parça çörək arzusu ilə xaricə axışırdılar. Rusiyada bərqərar olandan sonra, işləri də pis getmədi.  Elə bil ki, Allah da bu gənc ailənin köməyinə çatmışdı. Güzəranlarını qurmuşdular. Hətta qohumlarına da yardım edirdtilər. İntizamın 1 oğlu, 1 qızı dünyaya gəlmişdi. Arzuları çox idi. 1992-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddiası qızışmışdı. Vətən müharibəsi bir çox azərbaycanlını qərib torpaqlarda qurduqları cah-calaldan əl çəkməyə vadar etdi. Vətən təəssübü, vətən qeyrəti çəkən oğlanlar qərib torpaqlarda qazandıqları hər şeyi atıb, Azərbaycanın harayına gəldilər. Gəldilər ki, Azərbaycana arxa-dayaq olsunlar. Baxmayaraq ki, çoxsu vətəndən küsüb getmişdi. Amma qeyrət dəmi gələndə, Vətəndən küsmək olmur ki...
Vətəni unutmaq, atmaq, onu ancaq sərvətlərinə görə sevmək şərəfsizlərin işidir. Əsl Vətən oğulları Vətənə dar gündə qayıdır, dar gündə Vətəni qoyub qaçmır. Azərbaycan nizamsız Qarabağ döyüşlərinə başlyanda, Milli Orudumuz da yenicə yaranırdı. Bu Ordunun içərisində könüllülər briqadaları da yarandı.


İntizam Alıyev də həyat yoldaşı Şahnazı, 6 yaşlı qızı Tatyananı və 4 yaşlı oğlu Royalı da götürüb Vətənə qayıtdı. Özləri ilə gətirdikləri bir əyin-baş geyimləri oldu. Ailəsini ata evində Tovuzun  Qovlar kəndində yerləşdirdi. Özü isə könüllülər briqadasında vuruşmağa başladı. Bu gözəl, şux qamətli, gözləri daim Vətən eşqi ilə yanan pəhləvan cüssəli oğlanın qəhrəmanlıqları artıq ermənilərin arasında da yayılmışdı. Topaqlarımıza yiyələnmək istəyənlərin arzularını gözündə qoyurdu. 1994-cü ilin  iyul ayına qədər döyüşdü. Gecəsi-gündüzü olmadı.  İyul ayının 14-də şəhid oldu. Şahnaz və İntizamın əmisi oğlu, Şəmkirin Tatar kəndində yaşayan  əkiz qardaşlardan biri - Bilal Alıyev də Qarabağ müharibəsində 1993-cü ildə şəhid oldu.



Təzə gəlin Şahnazın qara günləri başladı, nə başladı...  Müharibə dövrünün ağır həyat tərzi, pis güzəran, yoxsulluqdan ailə  himayəsində yaşadığı qayınanasıgilin də yanında söz-söhbəti tükənmədi. İki il sonra ailənin böyükləri, yığışıb belə qərara gəldi ki, Şahnazı ərə versinlər. Belə məsləhət etdilər ki, seçdikləri namizəd ər, Şahnazın özünə və balalarına sahib çıxacaq.  Əlacsızlıqdan Şahnaz da böyüklərin sözündən çıxmadı, iki uşaq ilə ata evinə qayıdası deyildi ki...
Şahnaz İlhama ərə getməyə razılıq verdi.  Və bəlalı və keşməkeşli  günləri də bundan sonra başladı. Əkiz oğlu dünyaya gəldi. İlhamla heç yola gedə bilmədi. Atdığı səhv addım, qadına baha başa gəldi. Neylədisə, ürəyi İlhamla barışmadı. Bir müddət keçmişdi, İlham başqa qadın yanına getdi.
Şahnaz könlünün ilk ovu şəhid İntizam Alıyevin soyadından çıxmamışdı. Hətta təzə doğulmuş əkiz oğlanları Vusal və Vuqarı da onun soyadına yazdırdı. Uşaqlar da Alıyev soyadının daşıyıcıları oldular.

Tovuzun Qovlar kəndindəki küçə, bir məktəb şəhid İltizam Alıyevin adını daşıyırdı. Tovuz rayonunda şəhid ailəsi kimi müvəqqəti sığınacaq üçün verilən evdə yaşamağa başladı. Deyirdilər ki, şəhid ailəsi kimi ona daimi ev verəcəklər. Dörd balasını dolandırmaq üçün, evin həyatyanı torpaq sahəsində əkin-biçin elədi... Yaşamaq üçün minimum şərait yaratdı. Yavaş-yavaş uşaqları da böyüyürdü. 4 il əvvəl isə Şəmkirdən olan doğmaları oan məsləhət etdilər ki, Kür qəsəbəsində yeni torpaq sahəsi verilir, köçüb ora getdin. “Məsələhətli don gen olar” deyiblər. Şahnaz da qohumları  ilə məsləhətləşib, uşaqlarını da başına yığıb, Kür qəsəbəsində məskən saldı.

Artıq böyük Royal da boya-başa çatmışdı. Royalın əli iş tutandan sonra, onu da atası kimi Rusiyaya, çörək dalınca işləməyə göndərdi. Yeni ev düşərli oldu. Royala toy edib, gəlin gətirdi.  Royal Rusiyada çörəkpulu qazanırdı, qardaşı Vuqar isə rayonda işləyib evə yardım edirdi, o biri qardaş Vüsal isə həyət-bacada anasının əkin-biçin işlərinə, kənd təsərrüfatına kömək edirdi. Qızı Tatyana da ərə getmişdi. Yavaş-yavaş ağır günləri unutmağa başlayırdılar. Daha balaları böyüyüb, harayına çatırdı şahnazın. Məhəllədə bir cüt qardaş üçün yeni ev  tikməyə  başladılar. Bu evin bütün əziyyətini və çətinliyini çəkən, evin divarını hörüb qaldıran isə Vüsal oldu. 2014-cü ilin oktyabrın 4-ü  əkizlərin 18 yaşı tamam oldu. Oktyabrın 6-si isə Şahnaz bir cüt balasını əsgər yola saldı.

Mart ayıının sonu Royal Rusiyadan anasına yenə pul göndərdi ki, aprelin 1-i əsgəri xidmətlərini başa vurub gələn  qardaşlarını layiqli qarşılaya bilsin. Aprelin 1-i səhər o başdandan gedib bazarlıq elədi, son dəfə telefon danışığında oğlanlarından hansı yeməyi istədiklərini soruşanda, Vüsal “Ana sənin paxlavanın yerini heç nə vermir” demişdi. Gəlini Sevinc ilə köməkləşib, günortaya qədər paxlavanı da hasilə gətirdilər.  Royal 1 saatdan bir zəng edib, qardaşlarının gəlib -gəlmədiyini soruşurdu.
Axşamüstü Vuqar və Vuqsal evə telefon zəngi edib dedilər ki, gələsi olmadılar, onları təlimə aparıblar. Ananın əlləri-qolları qırılıb yanına düşdü, bişirdikləri qazanlarda dolu qaldı, qapağı açılmadı. Və sonra bildi ki, ermənilərlə təmas xəttində döyüş başlayıb.


Bir həftə əvvəldən Azərbaycan əsgərləri ölkənin müxtəlif istiqamətlərində yerləşən hərbi hissələrdə təlimlərə aparılmışdılar. Elşad Cəfərov da yaxın dostları Vusal və Vuqar qardaşları ilə eyni hərbi hissədə idi. Təlimlərə gedib-gəlmək çox yorucu idi. Hər təlim onlara əzab-əziyyət kimi görünürdü. Təlimin 5-ci günü komandanlıqdan xəbər gəldi ki, döyüş istiqaməti var. Əsgərlər arasında həyəcanlanan da oldu. Lakin sevinənlər, sevincdən bir-birini qucaqlayıb öpənlər, “Vətən, əsgərlərin səni xilas etməyə gəlir” deyə qışqıranlar bir-birinə qarşdı.
Vətən və vətənpərvərlik  mahnılarının sədaları yüksəldi. Əsgərləri sakitləşdirmək mümkün deyildi. Bölmə komandiri şamaxılı balası, heykəltəraş Samir Kaçayev dəstəsini başına yığıb, ürəksiz əsgərlərlə təbliğata başladı. Vuqar və Vusal qardaşları da Samirin komandirlik etdiyi  dəstədə idilər. Bir neçə saat ərzində artıq əməlli-başlı əhval-ruhiyyə yarada bilmişdilər.  Komandirlər bilirdi ki, sabah qarşıda böyük sınaq var...  

Əsgərlərin müharibə ərəfəsindəki  əhval-ruhiyyəsini  Vüsal və Vüqar qardaşları ilə birlikdə hərbi xidmət keçən Elşad Cəfərov danışır:

- Mən Elşad Cəfərov Vüqar və Vüsalla yaxın dost idim. Vüsal şam yeməyində yaman sevinirdi. Manı oxuyurdu, uca səslə deyirdi ki, gedirik QƏLƏBƏYƏ, gedirik, Şəhid olmağa!  
Səhərisi bizi sıraya düzüb, döyüş bölgəsinə Tərtərin Qapanlı kəndi ərazisinə gətirdilər. Əvəlcə tanklar qabağa keçdi, minalanmış zonalar təmizləndi. Biz isə tankların izi ilə, qabağa getdik.  Aprelin 1-dən 2-nə keçən gecə idi. Qızğın döyüş gedirdi. Erməni tərəfdən bizi silah yağışını tutmuşdular, minaaxtaranlar çox çətinlikə irəliləyirdilər. Təbii ki, artıq ətrafımızda yaralanan əsgərlər və şəhid olanlar var idi. Axıra 10-15 nəfər qalmışdıq. Yanımda bir nəfər əsgərin yaralandığını gördüm. Məndən kömək istəyirdi, dönüb əlimi ona uzadanda, məni də vurdular.   Yanımdakı əsgər isə şəhid oldu. Qolumdan yaralanmışdım. Erməni tərəfin atdığı atəş məni tutdu. Gözümü yumub kəlmeyi-şəhadətimi söylədim, elə bildim ki, ölmüşəm. Bir neçə dəqiqədən sonra gözümü açdım ki, nəfəsim gəlir. Artıq arxadan geri çəkilmək əmri gəlmişdi, lakin ermənilərin atəşinə görə tərpənə bilmirdik. Bu zaman komandirlərimizdən biri kapitan Nizami Qəhrəmanov erməni tərəfə top atəşi atdırdı, tozanaq qopdu yanımızda olan yaralı və sağlam əsgərlər mövqeyumizə çəkildik. Biz xeyli ərazini azad etmişdik. Zabitlərimiz bizi çox böyük məhəbbətlə qarşıladılar, qucaqlayıb bağırlarına basırdılar, sevincdən ağlayırdılar. Yaralı əsgərlərin yaralarından öpürdülər. Xəstəxanada yatanda tabor komandirinin müavini Samiddin Zamanov  yanımıza gəlmişdi. Əyilib yaralı qolumdan öpdü.



Vüqarla Vüsal əkiz qardaş idilər.  Əkizlərin birinin digərini tərk edib getməsi, ayrılığı və ya əbədi ayrılığı digəri üçün çox çətin və dözülməz olur. Elm sübut edib ki, əkizlər bəzən  bir-birinin həyatını yaşamağa məhkumdurlar.  Vüqar indi əkiz tay qardaşı Vüsal haqqında danışır:

 
- Biz hamımız sevinirdik ki, müharibəyə, döyüşməyə gedirik.  Bir il yarım yeyib-içib yatmışdıq. Bu borcu qaytarmaq vaxtı gəlmişdi. Döyüşə girməzdən əvvəl Samir Kaçayev bizə dedi ki, “şəhid olsam, məni neytralda və ya düşmən əlində qoymayın”. Komandirimiz idi, aramızda böyük xətir-hörmət var idi. Dost idik onunla, çox vətənpərvər, qeyrətli öğlan idi.
Eyni xahişi biz qardaşlar da ondan elədik. Vüsal isə mənə dedi ki, “hansımız şəhid olsaq, anamıza deyərik ki, dalımızca ağlamasın, şəhidi ağlamazlar, şəhidlik uca zirədir”.
Bizim bölükdə çox mehriban şərait var idi, komandirlərimiz də, əsgərlər də bir-birinə  “can” deyib, “can” eşidirdilər. Çünki bilirdik ki, hərbi xidmətdən qayıtdıqdan sonra, nə vaxtsa üz-üzə gələcəyik.
Elə ilk döyüşdə əziz dostumuz Samir Kaçayev gözümüzün qabağında şəhid oldu, düşmən snayperinin atəşi onun başından dəymişdi. Qardaşım dedi ki, tez Samiri çıxart döyüş bölgəsindən. Yanımızda söz haqqı var idi.
Tez Samiri çıxardım döyüş zonasından. Anasının yeganə oğlu və bizim gözəl dostumuz şəhid olmuşdu. Vüsal qumbara atan idi. Onun sərrast qumbara atması var idi. Çox uzaq nöqtəyə ata bilirdi. Sən demə müharibə belə olurmuş, yanında ən sevimli dostun ölür, onun ölümünə inanırsan və cansız bədənindən ayrılıb, gedirsən yenə vuruşmağa. Torpaq dostdan da, anadan da, qardaşdan da şirin olurmuş.
Mən də Samirin cansız bədənini arxada gözləyən  hərbi və mülki maşınlar dayanan hissəyə gətirib, təhvil verdim. O məqamda artıq qardaşım Vüsal irəliləyib qabağa getmişdi...
Seyulana bayraq taxılanda komandirimiz Samir sağ deyildi. Qardaşım Vüsal isə bunu görmüş, bayraq taxılan yerdə qol götürüb oynayımışı.
...Ətrafımda yaralı əsgərlər və şəhidlər var idi. Yaralı döyüşçü, Zaqatalanın Muxax kəndindən olan, anasının bircə oğlu Rəvan Nurayev qollarımın arasında can verdi. Sevinə-sevinə “mən şəhid oluram” deyib, gözlərini yumdu. Və sonra qazaxlı balası Orxan Əliyevin şəhid olduğunu gördüm. Onu da meydandan çıxardım. Neçə gün qardaşımı axtardım. Gizli, sürünə-sürünə daha 4 yüngül, 8 ağır yaralı çıxardım. Mənim yanımda Masallı rayonundan olan Ülvi Qüdrətzadə var idi. Bir də ki, tibb məntəqəsinin iki əsgəri. Mən qolumdan yaralı idim. Məntəqədə dedilər ki, gəl müalicə olun, etiraz etdim. Getdim qardaşımı axtarmağa.  
Gücümüz çatan qədər daşıdığım əsgərləri hərbi və mülki maşınların yanına gətirib, təhvil verirdik. Öz qardaşımı isə tapa bilmədim. Sonda əliboş, ümidləri üzülmüş halda geri döndüm.  Mənə dedilər ki, qadaşım erməni ilə üzbəüz dərəyə yıxılıb, yaralı qalıb orda. Məni yandıran odur ki, qardaşım dörd gün neytral zonada yaralı qalıb, əzabla can verib... qardaş itirdiyimə çox üzgünəm, haraya baxsam, yeri görünür... Biz bir-birimizlə nəfəs alırdıq. Nəfəsim tükənib.  Ancaq ki, şəhidliyindən qürurur duyuram. Onun zirvəsi, onunla birlikdə şəhid olanların zirvəsi, bütün Qarabağ şəhidlərinin zirvəsi təkcə Tanrıdan uca deyil. Tanrı yanındadır. Onlar Tanrı dərgahına ucalıblar. Ən uca zirvədə dayanıblar. İndi də müharibə gözləyirəm. Qardaşımın, atamın qisası var. İntizam Alıyev mənim mənəvi atamdır. Onun adı bizim ailədə çox əzizdir. Bizi dünyaya gətirən ataya isə dönmək belə, istəmirəm. Bizim o qədər ağır günlərimiz olub ki, dərdimizi, yükümüzü anam çəkib. Qardaşım əsgər olanda ona zəng vurdu ki, “ata gəl səni görüm”, gəlmədi.... Bundan sonra heç gəlməsin. Nəyimə gərəkdir. 


Bu cəsur oğlandan 2-5 aprel günlərində etdiyi fədakarlıqlar haqqında müvafiq orqanlara xəbər verilib-verilmədiyini soruşdum. Dedi:  “Müharibədən bircə salamat baş gətirmişəm, onu da belə mənası olmayan savaşlara həsr etmək istəmirəm. Kimdir məni eşidən, kimdir, məni dinləyən? Ancaq yaralı əsgərlərin əksəriyyəti məni unutmayıb. İndi də onlarla əlaqələrimiz var. Kiməsə lazım olsa, kimisə narahat etsə, axtarıb tapar. Özüm bilirəm, yaxınlarım bilir, Allahım bilir, bəsimdir! Mən o şəhidləri çıxaranda, yaralılara yardım edəndə insanlıq borcumu yerinə yetirirdim, mükafat haqqında fikirləşmirdim. Mükafatı qardaşım Vüsal qazandı. Halal xoşu olsun!”.

...Vüqar aprelin 1-də anasına zəng vurub deyir ki, “ana qardaşım yaralıdır, xəstəxanadadır, onu tapım gələcəyəm”. Şahnaz qohum-əqrabasını yığıb Tərtərə gedir, oğlunu “gördüm” deyən olmur.  Oradan Ağdamın Sarıcalı xəstəxanasına gedir... İki dəfə Bakıya gedib-qayıdır. Qarşısına kim çıxırsa, yalvarır ki:

“Müharibədir, hər şey ola bilər, oğlum ölübsə. ölüsünü verin, diridirsə, dirisinin yerini deyin.  Mən Vətənə şəhid verməyə öyrənmişəm. Təkcə deməyin ki, neytral zonadadır. Balamı ermənilərə yem etməyin”. Ancaq hərbçilərdən kimsə deyir ki, “oğlun neytral zonada qalıb”. Aprelin 8-nə kimi xəstə ana nə ağrayan yerini bildi, nə xəstə canı əlində oldu, gecə-gündüz yalquzaq kimi uladı, balasını istədi. Diz çöküb Allaha yalvardı. Əhd etdi ki, oğlunun meyitini tapıb gətirsələr, Allaha minnətdarlıq olaraq oruc tutacaq.
Gətirdilər oğlunu, 8 aprel axşamı... Kür qəsəbəsi yarandığı gündən belə izdiham görməmişdi.

Şahnaz ana:

- Aprelin 9-u balamı dəfn etdilər.  Mən dövlətimdən, elimdən-obamdan çox qayğı, hörmət gördüm. Vüsalın tabutunu qarşılamaq üçün Şəmkir rayon mərkəzinə 583 avtomobil getmişdi. İnsanlar oraya axın edəndə görüblər ki, icra başçısı başının dəstəsi ilə oğlumun tabutunu gözləyir. Dili söz tutan, ayaqları yer tutan balaca uşaqların da əllərində Azərbaycan bayrağı,   dillərində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı var idi. Şəmkirli qızı olduğuma görə, yenidən köçüb öz elimdə yaşadığıma görə qürur duydum.
Biz hələ Kür qəsəbəsinin qeydiyyatına düşməmişdik. Ancaq Şəmkir mənim oğlumu öz sakini kimi dəfn etdi. Oğlumla qürur duydum. Mən oğlumdan bir xəbər bilmək üçün Azərbaycanı bölgə-bölgə axtaranda, insanlarda ruh yüksəkliyi gördüm, bütün avtomobillərdə bayraq asılmışdı. 1992-94-cü illərdə belə təntənə yox idi. İnsanlar qələbə acıdırlar. O vaxtdan bu vaxta kimi Tovuz rayonu məni İntizam Alıyevin şəhid ailəsi kimi hesaba almır. Adımı yazıb şəhid ailələri siyahısına, demişdilər ev verəcəklər, balalarım böyüdü, ev hələ də yoxdur. İli ilə satırlar. Bizə müvəqqəti sığınacaq vermişdilər, sənədi -sübutu ilə təhvil verdim. Evin məhləsindəki əl damını və əkib-becərdiyim əlavə torpaq sahəsindəki bağ-bostanımı ucuz qiymətə satıb, gəlib burada yurd saldım. Mənə deyirlər ki, evi satmısan. Mənim ev növbəmi əlmdən almaq üçün bəhanə edirlər. Dedim ki, belə deyil axı, hökumətə məxsus evi kim sata bilər ki, mən də satım. Ondan sonra, hələ də deyirlər ki, gözlə...

Şahnaz ana göz yaşları içərisində oğlunun boyunu oxşayıb sevdi, vətənpərvərliyindən , zəhmətkeş olmasından, min bir əzaba qatlaşmasından, Vüsalın balalarının ən seçilmişi olduğundan danışdı. Dedi ki, Şəmkirin Tatar kəndindəki digər qohumunun yeganə övladı  Nurlan Qasımov da Vüsalla eyni gündə şəhid olub. İndi onların nəslinin 4 şəhidi var. Bütün şəhid evlərində olduğu kimi, Şahnaz da oğlu üçün qırmızı örtüklü bir guşə yaradıb. Oraya Vüsalın şəkillərini və cib dəftərini düzüb. Cib dəftərinə yazdığı bu şeiri göstərdi mənə:

Süfrənin başında görməsən məni,
Çəkilib kənara ağlama ana!
Soruşan olsa ki, oğlun hardadır?
Qürurla söylə ki, əsgərdi balam. 

Əsgərliyini bitirib gələcək əkiz oğlanların ikisi üçün də kostyum tikdirmişdilər. O kostyumları indi heç kim geyinmir. Böyük oğlu Royal da Rusiyadakı işini atıb, ailənin başına qayıdıb gəlib. Vüqarı Şəmkir rayon İcra Hakimiyyəti  işlə təmin edib. Onları şəhidlər üçün olan ev siyahısına da yazıblar. Oğlu vəsiyyət etsə də “ana mənim üçün ağlama”... analar bunu bacarmırlar...
İndi Vüsalın məzarının üstünə bir naməlum qız gəlir, hər cümə axşamı məzarın üstünə çiçəklər düzüb gedir. Nə bilimək olar, bəlkə elə şəkil çəkmək qabiliyyəti olan Vüsal da cib dəftərindəki qara qələmlə çəkdiyi bu şəkli o ismi pünhan qız üçün çəkibmiş...

Aida Eyvazlı

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir