Modern.az

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

1 Sentyabr 2017, 00:03

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.

 

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq.

 

Bayramı namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

 

Fətvada deyilir ki, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişi kimi qəbul olunur. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir – şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü