Modern.az

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA

Hadisə

19 İyun 2018, 13:42

İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Milli Məclisin 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatı Çingiz Qənizadə Modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, zəhərlənənlərin sayı təxminən 45 nəfərdir:

“Baş həkimlə əlaqə saxlamışam. Pambıq əkini ilə məşğul olan “MKT” deyilən bir qurum var. Onların pambıq sahəsində müqavilə ilə işləyən işçilərinin sayı çoxdur. Ehtimal olunur ki, fəhlələr alaq əleyhinə vurulan kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya təxminən 45 nəfər müraciət edib. Lakin zəhərlənənlərin heç birində ciddi əlamət yoxdur, yüngül ürək bulantısı var.

 

Müraciət edənlərin hamısına sistem köçürülüb və evlərinə buraxılıb. Sadəcə müəyyən adamlar panikaya düşüblər. Buna baxmayaraq ehtimal var ki, xəstəxanaya müraciət edənlərin sayı artacaq”.

 

Deputat Azərbaycanın bir neçə rayonlarda bu cür halların ardıcıl baş verməsinə də münasibət bildirib:

“Hesab edirəm ki, ölkəyə gətirilən kimyəvi maddələrin tərkibi ən yüksək səviyyədə araşdırılmalıdır. Onun normadan artıq vurulmasına göstəriş verən hər bir şəxs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir. Biz insanlarımızın həyatı, sağlamlığı ilə hansısa pambıq və ya kənd təsərrüfatı məhsulunun xatirinə oynaya bilmərik. Cənab prezident qarşıya məqsəd qoyub, amma kortəbii işlərin görülməsini, Azərbaycan vətəndaşlarının həyatını təhlükəyə qoymağı deməyib! Düşünürəm ki, bu fakta görə dərhal cinayət işi başlanmalıdır. Ölkənin bütün ərazilərindəki pambıq əkilən yerlərdən nümunə götürülərək laboratoriyada analiz olunmalıdır. Analizin cavablarına uyğun olaraq kimyəvi maddəni normativ qaydadan artıq tətbiq edən şəxslər məsuliyyətə cəlb edilməlidir”.

 

Qeyd edək ki, bu barədə ilk məlumatı “Report” İnformasiya Agentliyi yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı