Modern.az

40 min qadın sürücümüz var - Qaydaları kim daha çox pozur: xanımlar, yoxsa kişilər?

40 min qadın sürücümüz var - Qaydaları kim daha çox pozur: xanımlar, yoxsa kişilər?

23 May 2019, 12:34

“Yol qəza hadisəsi onun kim tərəfindən törədilməsindən deyil, vətəndaşın yol hərəkəti haqqında qanuna necə əməl etməsindən asılıdır”.

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov qadın sürüclərlə bağlı danışarkən bildirib.


V.Əsədov qeyd edib ki, “Yol hərəkəti haqqında” qanuna görə, sükan arxasında əyləşən sürücü nə vəzifəyə, nə də kateqoriyaya bölünür:

“Əslinə baxanda qadın sürücülərlə kişi sürücülər müqayisə edilməməlidir.  Kateqoriyadan asılı olmayaraq, sürücü olan şəxs tələbləri bilməli və onu düzgün şəkildə yerinə yetirməlidir. Çünki ən azından öz təhlükəsizliyini təmin etməlidir. Hazırda ölkədə 1 milyon 400 minə yaxın sürücü var. Bunun təxminən 40 minini qadınlar təşkil edir. Doğrudur, müqayisə etmək istəməzdim, ancaq kişi sürücülərlə müqayisədə, qadın sürücülər  təhlükəsizlik  kəmərindən daha çox istifadə edirlər.

Amma sükan arxasında diqqətin yayınması, mobil telefonla danışmaq qadınlara xas olan xüsusiyyətlərdən biridir”.


Şöbə rəisi deyib ki, əksər qadınların təhlükəsizlik qaydalarına riayət etməsi sevindiricidir:


“Biz bunu 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində sürücüləri təbrik edən zaman açıq-aşkar görürük”.

 

Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı isə deyib ki, hazırda Azərbaycanda 60 min sürücülük hüququna malik qadın var:


“Onun hamısı təbii ki, avtomobil idarə etmir. Sürücülük vəsiqəsi alsalar da, fikirləşirlər ki, nə vaxtsa avtomobilə də sahiblənəcəklər. Kişi sürücülərə nisbətən qadın sürücülər azlıq təşkil edir, təxminən 5 faizdir. Əslində bu elə də çox böyük rəqəm deyil. Ancaq çox təəssüf olsun ki, nədənsə  xanım sürücülər kişi sürücülərin yaddaşında daha çox qayda pozan, təhlükəli maşın sürən sürücü  kateqoriyası kimi yadda qalır”.

E.Muradlı deyir ki, bəzən avtoxuliqanlıq, sərxoş vəziyyətdə avtomobili idarə edən xanım sürücülər də olur:

“Bəlkə də dünyanın bir çox ölkələrində bu cür hallara adi baxırlar, ancaq bizim mental xüsusiyyətlərimiz bir az buna yaxşı baxmağa imkan vermir. Ümumilikdə isə bu cür vəziyyəti bütün xanım sürücülərə də aid etmək düzgün deyil.

Çünki kifayət qədər səliqəli avtomobil idarə edən xanım sürücülər də var. Hətta deyərdim ki, xanım təlimçi sürücülərin də sayı getdikcə artır. Düzdür, onların hamısına demək olmaz ki, yüz faizlik avtomobili idarə etmək qabiliyyətinə malikdir. Hətta elələri olur ki, onların özlərinə də təlim keçmək lazımdır”.


Müsahibimizin sözlərinə görə, ən doğrusu peşəkar təlimçilərə müraciət etməkdir:

“Çünki qeyri-peşəkar təlimçi nə öyrədəcəksə, gələcəkdə o sürücü də qeyri- peşəkar kimi formalaşacaq və nəticədə yol qəzalarının sayı, insan ölümləri də qaçılmaz olacaq”.

 

Jalə Mehdiyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu