Modern.az

Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək

Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək

27 May 2019, 09:53

Ermənistanın siyasi təlatümlər dərinləşir.

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bu günlərdə həbsdən çıxan 2-ci prezident Robert Koçaryana baş çəkib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğu barərə məlumat verilmir.

Məlumata görə, Robert Koçaryan yaxın vaxtlarda bəyanatla çıxış edəcək.

Bundan əvvəl verilən məlumata görə, Koçaryan tibb mərkəzlərinin birincə  müayinədən keçib.

Qeyd edək ki, Yerevan məhkəməsi mayın 18-də Koçaryanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Hazırkı baş nazir Nikol Paşinyan hər nə qədər buna mane olmağa çalışsa da, məhkəmə qərarından geri çəkilməyib.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistan hakimiyəti ilə “Qarabağ klanı” və separatçı rejim arasında ziddiyətlər münaqişəyə çevrilir. 

Keçmiş hərbçi Nazim Bayram deyir ki, Koçaryana qarşı qaldırılmış cinayət işinin icraatının dayandırılması Paşinyanın daxili siyasətdə ilk və ən ciddi məğlubiyəti sayıla bilər.

“Qərara etiraz olaraq, məhkəmələrin girişlərini zəbt etmək çağırışı yeni hakimiyətin idarəçilikdə acizliyinə dəlalət edir. 
Çox az adamın (minə yaxın) bu çağırışa səs verib, küçəyə çıxması isə Paşinyanın reytinqinin və dəstəyinin qanunauyğun olaraq, azalmaya doğru getdiyini göstərir. Əhalidə inqlab eyforiyası keçir, reallığa ayıq baxış öz yerini tutur. İnsanlar anlayır ki, dövlət hakimiyətinin üç qolundan biri olan məhkəmə hakimiyətinin problemlərini küçə metodları ilə həll etmək olmaz”. 

Nazim Bayram deyir ki, Qarabağ erməniləri arasında ən yüksək nüfuza malik olan, 2020-ci ildə tanınmamış qondarma rejimin "prezidentliyinə" ən real namizədlərdən biri, general Vitali Balasanyanın xidməti avtomaşınının Ermənistanda polis tərəfindən saxlanılması, axtarış etmək cəhdi də Ermənistan hakimiyəti ilə “Qarabağ klanı” arasındakı münaqişənin alovlanmasından xəbər verir.

“Bu hərəkəti Qarabağ erməniləri özlərinə həqarət hesab etmiş, sosial şəbəkələrdə və mediada ciddi etirazlara səbəb olmuşdu. Cavab olaraq, Ermənistandan, "bizim uşaqlar niyə Qarabağda ölməlidilər?", "Qarabağ erməniləri türkdülər!", "Niyə 2016-cı ilin apreldə cəmi bir qarabağlı ölüb, qalan itkilər Ermənistandan olub?!" kimi ritorik suallar və ittihamlar səslənməyə başlayıb. 
Ayrı-seçkiliyin və dərinləşən ədavətin qarşısını almaq üçün Ermənistanın və Qarabağın bir sıra hərbi xadimləri ictimayətə birlik çağırışlı müraciətlər ünvanlayırlar.
Erməni mediasında, "erməni inqlabının 2016-cı ilin aprelində başladığı" artıq etiraf olunur. 
Paşinyan “Qarabağ klanı”nı, "oyun qurub, müharibə çıxardıb, ərazilərin bir hissəsini verib, onu hakimiyətdən yıxmaq" planlarında ittiham edir. Bu zaman onun oğlunun xidmət etdiyi batalyon Qarabağdan Ermənistana çıxarılıb.
Eyni zamanda Ermənistan parlamenti 2016-cı ilin aprel uğursuzluğunun səbəblərini araşdıran kommissiya təyin edib. 
Beləliklə, düşmən düşərgəsində qarşısıalınmaz ziddiyətlər dərinləşir və kəskinləşir”.


Keçmiş hərbçinin sözlərinə görə, baş verənlərin fonunda Azərbaycanın hərbi potensialını gücləndirməsi, genişmiqyaslı hərbi təlimlər keçirməsi, Ermənistana siyasi-diplomatik və hərbi-siyasi təzyiqlərini artırması qarşı tərəfdə qorxuya səbəb olub.


“Ermənilərin daxili münasibətlərinə yaxşı bələd olanlar bilirlər, onlardakı daxili bölücülük bizim heç bir regionumuzda yoxdur. Bizdə sadəcə regionçuluqdursa, onlarda tamam başqadı - millət "qan təmizliyinə" görə 4 ya 5 kateqoriyaya bölünür. Yuxarıdakı daha aşağıdakına "legitim" təkəbbürlə baxır və ermənilər bununla barışırlar. Bu sırada ən aşağıdakı kateqoriya, əslən Qarabağdan və Azərbaycanın digər yerlərindən olan ermənilərdir. 
Orta və böyük yaşlı nəsil bilir, Azərbaycandan çıxan ermənilər Ermənistana getmədilər, hamısı səpələndi Rusiyaya. Bizim bir qonşu evini satıb, İrəvana köçmək istəmişdi, gedib orada ev almışdı. 3-4 gündən sonra yeni qonşusu deyib, "bir qonşu kimi evinin salamat qalmasına qarant verirəm, amma sənə və ailənin salamat olmasına qarantiya vermirəm". Evi qoyub, köçmüşdülər Moskvaya, Ermənistana bir daha qayıtmamışdılar. O, sadəcə bəxtini sınamışdı. Daha realistlər İrəvan tərəfə heç baxmamışdılar, çünki münasibət bəlli idi.
Uzun illər ermənilər bu "cini" "Qarabağ şüşəsinə" salıb, böyük çətinliklərlə orada saxlaya bilmişdilər. Doğrudur, Qarabağ ermənilərinə qarşı əsl münasibət heç vaxt dəyişməmişdi (yuxarıda göstərdiyim kateqoriyalaşma erməni milli özünüidentifikasiyasının əsasını təşkil edir və dəyişməzdir). Lakin məişətdə özünü biruzə versə də, ictimai-siyasi müstəvidə açıq dilə gətirilmirdi. İndi isə Paşinyan bəyan edir ki, "Ermənistan müstəqil dövlətdir, Dağlıq Qarabağ onun daxili işlərinə qarışa bilməz". Ermənistanda "qarabağlılar türklərdir!" ifadəsi az qala sloqana çevrilir... 
"Cin şüşədən çıxdı". Paşinyan onu geri qaytara bilməyəcək, buna maraqlı da deyil, daxili təbiətinə də ziddir və mümkün deyil.

Bütün bunların bizim üçün praktiki dəyəri proseslərə, o cümlədən, düşmən ordusuna mənəvi-psixoloji və ideoloji təsirindədir. Dağlıq Qarabağ separatçılarının 20 minlik ordusu var, onlardan 10 mini Ermənistan çağırışçılarıdır. Yəni yarısı. Ordunun əhvalı onun döyüş qabiliyətinin baş göstəricisidir”. 


Xatırladaq ki, R.Koçaryan “2008-ci ildə ökədə konstitusyon quruluşu devirməkdə və böyük məbləğdə rüşvət almaqda ittiham olunurdu.

Onu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulmuş separatçı  rejimin indiki və keçmiş rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək, kütləvi etirazları amansızcasına boğdu. Nəticədə azı 10 nəfər öldü.

Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Koçaryandan sonra hakimiyyətə , ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Serj Sarkisyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Koçaryanı cinayət məsuliyyətinə cəlb edib.

Koçaryanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu bölgəsinin erməni separatçı qüvvələri tərəfinbdən işğalından sonra başlayıb.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır