Modern.az

Ekspert yay məktəblərinə qarşı çıxdı

Ekspert yay məktəblərinə qarşı çıxdı

Təhsil

20 İyul 2019, 15:26

Yayın gəlməsinə ən çox uşaqlar sevinir. Çünki dərslər bitir, tətil başlayır. Yay tətilini xoş və əyləncəli keçirmək  hər bir uşağın arzusudur. Sanki tətil onlara verilən ən bahalı hədiyyə rolunu oynayır.

 

Bir məqam da var ki, tətili istirahət edərək keçirmək uşaqların psixologiyasına da müsbət təsir göstərir. Ancaq elə ailələr olur ki, tətildə də uşağa rahatlıq vermirlər. İsrarla “kitab oxumalısan, yazı yazmalısan, tapşırıqları yerinə yetirməlisən” deyirlər.

 

Tətildə də kitab oxumaq, yazı yazmaq vacibdirmi?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, şagirdlər yay tətilində yüklənməli deyillər.

 

“Bizim düşüncəmizdə belə bir fikir formalaşıb ki, şagird tətildə də ancaq oxumalıdır. Bu çox yalnış bir yanaşmadır. Təbii ki, il ərzində əldə etdikləri bilikləri yaddan çıxarmamaq üçün, müəyyən qədər tapşırıqların verilməsi labüddür. Ancaq bu bütün fənlərdən olmalı deyil. Dünya təhsil sistemində şagirdlər üçün müəyyən olunmuş istirahət günləri elmi-metodoji, psixoloji  xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir. Yay tətilini səmərəli şəkildə keçirən şagirdi, sentyabrda qarşılayanda sanki, fərqli bir insan qarşılayırıq. Ona görə ki,  9 ay  təhsil aldığı müddət ərzində bütün günü fizioloji və psixoloji təzyiqə məruz qalır. Bu ağır yükü atmaq üçün şagirdin tətilə ehtiyacı var”.

 

Ekspert valideynlərə tövsiyə edir ki, uşaqları çox da yükləməsinlər. Daha çox onları təbiətin qoynuna, dənizin sahilinə, xüsusən də istirahət mərkəzlərinə getmələrinə şərait yaratsınlar.

 

“Kənd yerlərinə getsələr, daha yaxşı olardı ki, şəhərə xüsusi bir enerji ilə qayıtsınlar. Biz görürük ki, müəyyən hazırlıq kursları, tədris mərkəzlərində yay məktəbləri təşkil olunur. Bu, düzgün bir şey deyil. 7 yaşdan  14 yaşa  qədər şagirdlərin  ev tapşırıqları ilə yüklənməsi  heç də yaxşı nəticələrə gətirib  çıxarmır. Tədris ili ərzində itirdikləri enerjini bərpa etmək üçün istirahətə ehtiyyacları var”.

 

Jalə Mehdi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı