Modern.az

Əflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ

Əflatun Amaşov: ““Reket jurnalistika”ya qarşı pozitiv meyllər müəyyən mənada sıradan çıxdı” - MÜSAHİBƏ

22 İyul 2019, 09:30

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Mətbuatımızın yaranmasının 144-cü ilində Modern.az-ın suallarını cavablandırıb. Ə.Amaşovla müsahibəni təqdim edirik.

 

-  Əflatun müəllim, sizinlə mətbuat günü ərəfəsində danışırıq. İstərdim ki, söhbətimizi də bu istiqamətdə başlayaq. Bu gün mətbuatımızda ən çox müzakirə olunanlar sırasında jurnalistlərin peşəkarlıq məsələsi dayanır. Dəqiqləşdirilməmiş, araşdırılmamış informasiyaların cəmiyyətə ötürülməsi istiqamətində narazı təbəqə yaranıb. Hansı ki, o narazı təbəqə müasir jurnalistikanın inkişaf etmədiyi qənaətindədir. Bəs Mətbuat Şurası olaraq jurnalistikanın, medianın peşəkar olması, yetişməsi istiqamətində hansı işləri görürsüz?

 

- Fürsətdən istifadə edib Sizi, o cümlədən bütün jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibəti ilə  təbrik edirəm. Jurnalistika çətin peşədir. Jurnalistlərin əməyi müstəsna əməkdir. Bu əməyə dəyər verilməsi, bütövlükdə cəmiyyətə dəyərdir.

 

Hansısa prosesə obyektiv qiymət vermək üçün mütləq müqayisəli yanaşmaq lazımdır. Söhbət yalnız konkret nələrisə müqayisə etməkdə deyil. Ümumən dövrlərin ahənginə və tələbinə diqqət yetirilməlidir. Bir vaxtlar internet yox idi. İnsanlar məlumatları ənənəvi mediadan əldə edirdilər. Təxminən 15-20 il öncəni deyirəm. Amma o zaman da tənzimləmələrə ehtiyac var idi. Mətbuat Şurası elə buna görə formalaşdı. Şura yaranmaqla həm jurnalistikanın cəmiyyət həyatındakı önəmini vuğuladı, həm peşəkarlıq üçün çağırış etdi, həm də jurnalistikaya yad təmayüllərlə mübarizəyə başladı. Hesab edirəm ki, uğurlarımız az olmadı. Ancaq internet həyatımızın bütün sahələrinə olduğu kimi, bu sahəyə də xüsusi rəng qatdı. Biz rəngin obrazlı desəm, əksər hallarda ağ deyil, qara və ya boz çalarlarını gördük. Məncə, bunu da müəyyən mənada təbii saymaq mümkündür. Bütün cəmiyyətlər yeniliyi ağrılı keçirir. Bir sıra dəyərlər sıradan çıxır. Tamamilə yeni dəyərlər aktuallaşır. Elə jurnalistika baxımından da. Doğru vurğulayırsınız ki, mətbuatdan, jurnalistikadan narazı təbəqə yaranıb. Narazı təbəqə həmişə olub. Sadəcə indi onun arqumentləri daha tutarlıdır.

 

- Bu durumda Mətbuat Şurası nə edir? Hansı işləri görür?

 

- Şura ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Bizim diqqət etdiyimiz peşəkarlıq meyarları dəyişməzdir. Ancaq qurumun o meyarların pozulmasına münasibət meyarları dəyişməlidir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, Mətbuat Şurası haqqında qanun olmalıdır. Bəzən müəyyən şəxslər siyasi nöqteyi-nəzərdən çıxış edərək bunu mediaya təzyiq vasitəsi kimi qiymətləndirirlər. Halbuki belə hal əsla ola bilməz.

 

Azərbaycanda normal fəaliyyət göstərən media orqanlarının sayı kifayət qədərdir. Əlbəttə, onların da çatışmazlıqları var, amma ümumən işlərini günün tələbləri səviyyəsində qura bilirlər. Biz istəyirik ki, bu kütləvi informasiya vasitələrinin tətbiq etdikləri fəaliyyət meyarları əsas götürülsün, qorunsun. Təəssüf ki, fərqli meyllərlə üzləşirik. Siz dediyiniz kimi, dəqiqləşdirilməmiş, araşdırılmamış materiallar dövriyyəyə buraxılır. Belə durumda mübarizənin indiki forması yetərlidirmi, yaxud nə dərəcədə yetərlidir? Əslində sualınızın qoyuluşu bu suala cavabı aktuallaşdırmaqdadır.

 

Mətbuat Şurası özünün Nizamnamə tələblərindən irəli gələn bütün vəzifələri həyata keçirməkdədir. Qurum həm jurnalistikanın peşəkarlaşmasına, həm onun ictimai nüfuzunun qorunmasına səy göstərir, həm də mövcud sahədəki neqativ meyllərlə mübarizə aparmaqdadır. Biz çalışırıq. Müəyyən məsələlər var ki, onların həlli zamandan asılıdır. 

 

-  Mediamızın problemləri var və bunu inkar edə bilmərik. Problemlərin aradan qaldırılması istiqamətində apardığınız işlər öz bəhrəsini verirmi?

 

- Əlbəttə, tam nəticə yoxdur. Heç ona ümid də etmirik. Dediyim kimi, həlli zamanla mümkünləşəcək məsələlər var. Bizim missiyamız o olmalıdır ki, həmin məsələləri gündəmdə saxlayaq və saxlayırıq da.

 

İnkarçılıq yol deyil. Doğru vurğuladınız ki, problemləri inkar edə bilmərik. Mətbuat Şurasının sədri, eləcə də parlamentdə təmsil olunan jurnalist-deputat kimi bu məsuliyyəti anlayıram. Fəaliyyətimi də ondan irəli gələrək qurmağa çalışıram. Vaxtilə gördüyümüz bir çox iş faydasını verib. Görünür, yenə də səbrli olmaq lazımdır.

 

- Onlayn mediaya maliyyə yardımı ayrılması məsələsini də bir neçə dəfə gündəmə gətirmisiz. Qəzetlərə ildə 2 dəfə pul ayrılır. Bəs onlayın media hansı şərtlər altında fəaliyyət göstərməlidir ki, maliyyə ayrılması məsələsi real olsun? Hər halda, bu məsələnin də öz şərtləri mövcuddur. Nədir o şərtlər?

 

- Əslində bir qədər öncə səsləndirdiyiniz suala cavabda bu məqama xüsusi toxunmaq mümkün idi. İndidən konkret maliyyələşmə şərtlərindən danışmaq tezdir. Ümumən  kimlərsə media orqanı kimi fəaliyyət göstərdiklərini bildirirlərsə, onların hüquqi şəxs statusunda olmaları mütləqdir. Mən bilirəm ki, indi üzdə olan bir çox internet informasiya resursları işlərini bu tələbə uyğun qurublar. Onlara deyən olmayıb ki, belə lazımdır. Sadəcə normal məntiq bunu deyir.

 

Problem ondadır ki, ilk baxışdan normal olan bu fəaliyyətdə də qeyri-müəyyənlik var. Baxın, saytların əksər hissəsi təşkilati hüquqi forma baxımından məhdud məsuliyyətli cəmiyyətdirlər. Faktiki olaraq isə kütləvi informasiya vasitəsi funksiyasını yerinə yetirirlər. Məsələyə aydınlıq gəlməsi üçün hüquqi mexanizmlər olmalıdır. Prosesə kompleks yanaşılmalıdır. Mən parlamentdə dəfələrlə bu məqamı da qabartmışam.

 

Ümumən internet mediaya dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmalıdır. Bunun səbəbini dəfələrlə əsaslandırmışıq.

 

- Problemlərdən danışmışkən əsas problem “reket jurnalistika” ilə bağlıdır ki, bundan təkcə media deyil, cəmiyyət də əziyyət çəkir. “Reket jurnalistika”ya qarşı mübarizə aparsanız da, tam olaraq kökünü kəsmək mümkün deyil. Maraqlıdır, niyə “reket jurnalistika”nın sonu gəlmir?

 

- Mətbuat Şurası yarandığı gündən «reket jurnalistika»ya qarşı mübarizə aparmaqdadır. 2010-cu ilədək bu mübarizənin effekti daha çox görünürdü. 2010-cu ildən sonra yeni mənzərənin şahidi olduq. Səbəb internet mediadır. Əvvəla bir sıra neqativ ünsürlər «fəaliyyətlərini» internet media üzərinə keçiriblər. Digər tərəfdən, sahənin belə demək mümkünsə, ələçatımlılığı başqalarını da həvəsləndirir. Nəticədə faktiki olaraq 2010-cu ilədək əldə etdiyimiz pozitiv meyllərin müəyyən mənada sıradan çıxdığını gördük. Hesab edirəm ki, «reket jurnalistika»nın kökünün tam kəsilməməsinin bir, özü də obyektiv səbəbi budur.

 

İkinci səbəb də obyektivdir. Mübarizədə konkret hüquqi mexanizmlər mövcud deyil. Bir qədər öncə Mətbuat Şurası haqqında qanunun vacibliyini təsadüfən vurğulamadım. Qanun sahəyə kompleks yanaşmanı həyata keçirəcək. Təbii ki, məsuliyyət yaradacaq. İndiki məqamda vəziyyətdən ən optimal çıxış yolu budur.

 

- Dünya ölkələrinin  mediasında “reket jurnalistika” anlayışı nə dərəcədə özünə yer tapıb?

 

- «Reket jurnalistika» şərti olaraq seçilmiş addır. Söhbət mediadakı neqativ təmayüllərdən gedir. Bu təmayüllər isə bütün dünyada mövcuddur. Sadəcə azlıq və ya çoxluq dərəcəsi var.

 

Əlbəttə, Azərbaycanda vəziyyət fərqlidir. Burada yerli xüsusiyyətlər də önəmlidir. Bizim istəyimiz odur ki, mediaya sui-istifadə, müxtəlif təmənnanı gerçəkləşdirmək vasitəsi kimi yanaşılmasın. Media insanların şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşsın.

 

Heç kəs deyə bilməz ki, dünya mediasında belə hallar yoxdur. Var. Mübarizəyə gəldikdə isə, qanunun aliliyi önəmlidir. Jurnalistika imtiyazlı sahədir. Ancaq bu imtiyazın gətirdiyi imkanlar ayrı-ayrı fərdlərin təhdidi, mənəvi təzyiqi ilə nəticələnirsə, meydana qanunlar çıxmalıdır. Bizim istəyimiz də budur. Düşünürəm ki, söz azadlığına xələl gətirməyən qanuni mexanizmlər tətbiq olunsa və onların işləkliliyi təmin edilsə, «reket jurnalistika» adlandırdığımız neqativ meyllər daha sürətlə sıradan çıxacaq. Təbii ki, ictimai qınaq da önəmlidir. Mətbuat Şurası bu tədbiri həyata keçirməkdədir. Ancaq ictimai qınaqla üzləşən KİV anlamalıdır ki, bu qınaq qanuni məsuliyyət daşımamaq üçün olan xəbərdarlıqdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi