Modern.az

“Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb” - Deputat

“Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb” - Deputat

Aktual

28 Avqust 2019, 16:43

“Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzlikdən gəlib, işğalçı dövlət olmasını rəsmən etiraf edib”.

Modern.az xəbər verir ki, bu barədə deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu danışıb. Onun sözlərinə görə, rəsmi İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədi ilə həyata keçirib:

“Çünki Ermənistanın baş naziri Xankəndinə qeyri- qanuni səfəri zamanı Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanıdığını bildirərək əslində işğalçılıq siyasətinin baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib. Bütün bunlar azmış kimi Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə Naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış edib . Bu müharibəyə təhrikdir və belə məsiliyyətsiz və provakativ bəyanat verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə onu mütləq alacaqlar! Hələlik isə bütün dünya ictimaiyyəti , xüsusilə və ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və advekat cavab verməlidir”.

Dünyada işğalçı ölkənin işğalçılıq siyasətindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirlərinin olduğunu xatırladan H. Babaoğlu əlavə edib ki, bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər fərqli vasitələrlə həyata keçirilir:

“Təəsssüf ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir. Rəsmi İrəvanı bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələr əsasında həllinə məcbur etmirlər. Ona görə də hazırki vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get - gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır. Belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandatı ilə sülhə nail olmaq missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu real addımlar ataraq işğal faktına son qoymalı və regionda sülh yaratmalı ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətlərilə öz ərazi bütövlüyünü bərpa edtməlidir. Regionda və ən əsası isə Ermənistanda hamı bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı