Modern.az

Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə irəliləyib

Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə irəliləyib

14 Oktyabr 2019, 11:26

Dünya İqtisadi Forumu tərəfindən nəşr edilmiş “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötən ilki göstəricidən 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB iştirakçıları arasında yüksək nəticələr əldə edib.

 

Modern.az xəbər verir ki, hesabatda yer alan istiqamətlərdən biri də əqli mülkiyyətin qorunması sahəsidir və ölkəmizin bu sahə üzrə göstəriciləri olduqca müsbət sayıla bilər. Belə ki, “İnstitutlar” indikatorunun “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə Azərbaycan 70,4 bal ilə 30-cu yerdə qərarlaşıb. Bu indikator üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini də geridə qoyub.

Ölkəmiz Ermənistandan - 35, Gürcüstandan isə 64 pillə irəlidə qərarlaşaraq, Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün bildirək ki, burada Rusiya Federasiyası 90-cı, Ukrayna isə - 118-ci yerdədir.

Əqli mülkiyyətin qorunmasının səviyyəsi ölkəyə xarici investisiyaların cəlb olunması ilə sıx əlaqəlidir. “İnnovasiya” göstəricisi də müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Hesabatın “Patent ərizələri” sub-indeksi üzrə Azərbaycanın reytinqi yüksəlib və bu, ölkəmizin “İnnovasiya” indeksi üzrə ötən ilki göstəricidən 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmasına səbəb olub.

Qeyd edək ki, “Qlobal Rəqabətlilik İndeksi”nin son beş ilin nəşrlərinə görə, Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri 2015-ci ildə - 92-ci yer, 2016-cı ildə - 71-ci yer, 2017-cı ildə - 37-ci yer, 2018-cı ildə isə 36-cı yer, 2019-cu ildə isə 30-cu yer olmaqla yüksələn xətt üzrə dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?