Arxiv
20 Noyabr 2019, 09:31 | ƏDƏBİYYAT
Rüzgar kimi əsib keçdin...

Ünlü ifaçı Novruz Novruzlunun əziz xatirəsinə
 

Sən dünyamıza bir sel kimi gəlmişdin, rüzgar kimi əsib keçdin... “Hər şey ayrılıqdan başladı. Bu gün bir div kimi canımız ayrılıqlar əlində. Ayrılığın nə vaxtdır ixtiyar var əlində...”

Sən nə vaxtsa tanıdığın və sevdiyin mavi gülə bir nəğmə oxuyurdun, xatırlayırsanmı? Vəsf etdiyin o qızın gözlərinin içi, sən olanda gülərdi... Həyat yolunda  yapayalnız, yaralı bir qadının indi xəyalı qırılmış, acılara yenilmiş, gözlərinin günəşi batmış, atəşi sönmüşdü, xəbərin varmı? İllər, xöşbəxtliyə uzaqdan boylanan və yaşanmış günlərə yanan o əzik mavi gülə nə etmişdi, kimlər onu bu hala gətirmişdi, heç bildinmi?
Mən belə yaşadım, mən belə gördüm. Bir canın bir cana ehtiyacı var. Cahilin kamilə, dərdlinin təbibə, təbibin dərmana ehtiyacı var...”
Vətən oğullarına, - “Sonsuzluğa gedən yol səndən keçər, bir gülüşün cahanı güldürər” deyərdin nəğmələrinlə. Bu dünyada bircə yol vardı, o da  haqqın yoluydu sənə görə. Gəncliyə, - “Ac olanla çörəyini paylaş, haram yemə, haqq üçün öl, zülüm dolu səltənətdən en, zalıma qarşı kin duy, fağır olan insanları sev” deyə müraciət edərdin. Nəsimiyə heyranlığını onun “Səni bu zülfü-cəmal ilə, bu kəmal ilə görüb, qorxdular “həqq” deməyə döndülər “insan” dedilər” başlıqlı misraları ilə nəğməyə çevirmişdin. Sevilirdin, ona görə ki, sən də haqsızlığa qarşı barışmaz mövqe sərgiləyərdin öz nəğmələrinlə,  halından məmnun kölələrə qarşı isə üsyan edərdin: “Ey özündən bixəbər qafil, oyan! Həqqə gəl, kim həqq deyil batil, oyan...”  

Doğmalıq qanla ölçülməz ki, ruhla bağlıdı. Səninlə ilk ünsiyyətdən anlamışdım bunu. Sanki biz  illərin tanışı idik. Elə bil eyni ailədə doğulmuşduq, sanki uşaqlığımız, yeniyetməliyimiz bir keçmişdi. Amma gerçək olan bu idi ki, ikimiz də Xan Arazın sahilində dünyaya gəlmişdik, onun nəğmələri ilə böyüyüb boya-başa çatmışdıq. Atalarımızı erkən itirməyimiz, eyni ali məktəbə daxil olmağımız, tələbəlik illərindən yaradıcılığa könül verməyimiz, dərvişliyə, sufiliyə aşinalığımız, eyni əqidəyə qulluq etməyimiz bizi bir yolun yolçusu etmişdi... “Göydə bircə bulud yox, üst-başım su içində. Bu nə yoldu gedirəm can qorxusu içində...”.

“Savalan” çox ağır dönəmdə, min-bir əziyyətlə sənət meydanına atılmışdı. Onun ilk yaradıcısı İshaq Ozanoğlu mühacir həyatı yaşamağa “məhkum” olan zamanlar, ayaqda qalmaq üçün bu qrup nələrdən keçməmişdi ki? Bir tərəfdən maddi-mənəvi sıxıntılar, digər tərəfdən musiqi sənəti ilə bağlı yeni ifaçılıq mədəniyyətinə tamaşaçını alışdırmaq cəhdləri, təbii ki, müəyyən zaman, gərgin əmək və ən əsası səbr, dözüm tələb edirdi. Müharibənin törətdiyi ağrı-acılara, dövrün çətinliklərinə mətanətlə sinə gərib milli-azadlıq mücadiləsinin önündə yürümək, insanlara mənəvi dəstək olmaq, səmavi musiqi parçaları ilə onların ruhuna qanad vermək “Savalan”ın ən ümdə məqsədlərindən idi. “Yol gedirəm mən dəli. Bu yol dəli, mən dəli. Bu nə yoldu əvvəli və sonrası içində”...

“Savalan” sevildikcə, bu qrupda yarpaq tökümü də başlamışdı. Ünlü musiqiçi Cavad İsmayıl Günaz.tv-də jurnalistlik fəaliyyətini davam etdirmək üçün Amerikaya köçüb getmişdi. Tanınmış alim və gözəl musiqiçi Fəxrəddin Salimi də məyyən səbəblərdən bu qrupu tərk etməli olmuşdu.  Belə bir vaxtda sən irəli çıxmışdın, əziz Novruz bəy! Həlimət xanım və İffət bəylə əl-ələ verərək,  böyük fədakarlıqlar göstərmiş, “Savalan”ı dağılmağa qoymamışdın. Uzun ayrılıqdan sonra ilk dəfə 45 dəqiqəlik repertuarla tamaşaçı qarşısına çıxmaq üçün tərəddüd edib, - “Hələ çox tezdi, bir qədər işləyib böyüməliyik” desən də, israr etdiyimi görüncə razılıq vermişdin. Tamaşaçılarla səmimi görüşdən sonra isə -“Yaxşı ki, gəldik” deyib məmnunluq ifadə etmişdin... “Savalan”la bağlı “Sabir bağı”ndakı görüşümüzdən və burada saatlarla çəkən söhbətlərimizdən sonra Türkiyənin “Törə” dərgisində dərc olunan yazım da, sənə və rəhbəri olduğun “Savalan”ın varlığına ithaf olunmuşdu.  

Biz, adətən səninlə məşqlərdə, tədbirlərdə, çəkilişlərdə görüşərdik. Son görüşümüz  isə “Muğam mərkəzi”ndə keçirilən Nəsiminin 650 illik yubiley törənində baş tutmuşdu. Məşqdə səni çox gümrah və nikbin görmüşdüm. Nəzakət Teymurova ilə (onun sadəliyinə heyran idin) o günkü duetin möhtəşəm alınmışdı. Özünün dediyin kimi, sən peşəkar musiqiçilərlə işləməkdən ayrıca bir zövq alırdın: “Mən onları çox sevirəm. Onlar da mənə sayğı göstərirlər. Sevinirəm ki, artıq öz “qab”ımdayam. Eyvaz bəylə, İffət  bəylə bizim əsas işlərimiz hələ bundan sonra başlayır”. Müxtəlif vaxtlarda Mehriban Zəki, Tünzalə Ağayeva ilə də eyni səhnəni paylaşmışdın və bununla bağlı məmnunluğunu da ifadə etmişdin. Həlimət xanımla sənin çıxışın isə bir başqa gözəllik daşıyırdı. Siz səhnədə bir-birinizi tamamlayırdınız...

Son vaxtlar yaradıcılığının çiçəklənmə dövrünü yaşayırdın. Səni tez-tez tədbirlərdə, efirlərdə görmək olurdu. Çıxışların  qulaqlarımızın pasını yuyardı, duyğularımızı təzələyirdi. Səni izləmək bir zövq işi idi. Çıxış etdiyin tədbirlərlə, verilişlərlə bağlı irad və təkliflərimi eşitmək, duymaq istədiyindən, öncədən məni məlumatlandırmağı da unutmazdın. Tənqid zamanı mübahisə etməzdin, bütün incəliklərə varmağımı tələb edərdin, tərif duyanda isə susub düşüncələrə dalardın... Olduqca təvazökar insan idin. Kimsə sənin üzünə tərif söyləyəndə utandığından söhbəti dəyişərdin, amma bütün hallarda yenə də söhbəti fırladıb sənətin üstünə gətirərdin. Dostlarla söhbətinin ana mövzusu hər zaman sənətlə, səmavi musiqilərlə bağlı olardı. Bu musiqlər sənin ruhunun tərcümanı idi. Sən əsl dərviş idin. Öz “zikr” musiqilərinlə yaradana sevgini onunla  bölüşməyə can atardın. İfa zamanı gözlərini qapatmağın, ruhən səmaya uçuş etməyin də bununla bağlıydı: “Mən yürüdüm yanə-yanə, eşq boyadı məni qanə. Nə aqildim, nə divanə, bir gör, məni eşq neylədi: Dərdə giriftar eylədi...”

Son vaxtlar toylara aldığın dəvətlərdən də imtina etməzdin. Bu təkcə maddi sıxıntınla bağlı deyildi; sanki unudulmaqdan da qorxurdun. Opera və Balet Teatrının səhnəsində “solo-konsert” də vermişdin; dostları sənətinin işığına toplamışdın. Son illər çox hızlı çalışırdın, sanki harasa tələsirdin... Opera və Balet Teatrının solisti olsan da, zaman-zaman “Yuğ” və Akademik Milli Dram Teatrının səhnələrində də rol almışdın. Bir sənət adamı olaraq xarici ölkələrə aldığın dəvətlər təkcə “Savalan”la məhdudlaşmırdı, bu, həm də adları çəkilən teatrlardakı çıxışlarınla bağlıydı.

Bu gün “Savalan” qrupunu sənsiz təsəvvür etmək çətindi! Səndən sonra İffət bəy də ürəyindən gedəcəkdi, Tanrım qıymadı...  

Həyatda insan olmağın bədəlini ödəməli olursan bəzən. O zaman yaşamağa ümidin tükənəndə  düşdüyün durumun mahiyyətinə varmadan bir dost sənə, -“Sən hər şeyi haqqa burax! Beynini keçmişinlə kodlama, qalx ayağa, toparlan! Unutma, yaşadıqlarımız bir təcrübədi və bu həyat mübarizə meydanıdır” deyib ağrıyan yaralarını sarımağa cəhd edir. O, sən idin! Mənə tez-tez Hz.Əlinin sözlərini xatırladardın: “İnsanları tanıdıqca tənhalaşdım...”.
Sən “insanın ən yaxın dostu təbiətdi” deyərdin. Bəli, təbiət, müvəqqəti də olsa, insana öz acılarını unutdura bilir. Buna görə də bəzən könül istəyir ki, qoynunda olduğun təbiətin gözəlliyini dostlarınla da paylaşasan. O gecə sosial şəbəkədə bir neçə rəsm paylaşmışdım. Sən də həmən reaksiya vermişdin, - “Bura haradır? Əla yerdi, gözəldi...” demişdin. Və səhəri gün sənin qəfil ölüm xəbərini eşitmişdim... Bunun nəyi gözəl oldu ki, əziz dost?!

Son illər daxilən çox dəyişdiyini, çox şeyə görə peşiman olduğunu dönə-dönə vurğulayırdın, -“Kaş on beş il öncə dəyişmiş olardım” deyərdin. Səni anlayırdım, amma görünür tanrım dəyişməyinə razı olmadı; səni tez apardı... “Bədən cana yükdü, yük yenə də onu sevdi. Sonsuzluğa gedirik an qorxusu içində...”

Gənc qızının faciəli ölümü saçlarını birdən-birə bəyaza bürümüşdü. Qar kimi ağ saçların simana bir nuranilik bəxş etmişdi. Bu ilahi nur sənin daxili dünyanla vəhdətdə idi. Yaşlandıqca kamilləşirdin, müdrikləşirdin... Bu hər kəsə nəsib olmur, bilirsən... Sənin verdiyin və aldığın “salam”lar da özəl idi, gözəl idi... Əslən naxçıvanlı idin, amma nədənsə ilk baxışda səni şəkiliyə bənzətmişdim.. Şəkililərə bənzər ləhcədə danışsan da, səhnədə bunu heç vaxt hiss etdirməzdin. Bu sənin peşəkarlığınla bağlı idi.... 

Bir göynəyən ürəyin vardı, qədrini bilmədin; çox yüklədin... Səhhətin üçün narahat olan dostlara, - “Ağrı keçir, amma bir az ağırlıq var” deyərdin. Son aylar “Biolob” klinikasının şefi (özün belə deyirdin) Həsənağa həkimdən müalicə aldığını söylərdin. Hətta mənə də o həkimi məsləhət görmüşdün... Daşlar da böyrəklərini incidirdi: “Bu tərbiyəsizlər düşmək istəmir, onlar məni paramparça etdi”. Mən də ağrılarına bu şəkildə şərik olardım, - “Daş düşsün daşın başına” deyərdim....  

Allah ayrılığın üzünü qara eləsin. Yalansız, riyasız, olduğu kimi görünən, düşündüyü kimi danışan dostlarımı vaxtlı-vaxtsız itirirəm. Sən bu sırada üçüncüsən... Hər bir dost öz gedişi ilə insandan nələrsə alıb aparır... Sən də apardın; düzlüyü, nəcibliyi, sədaqəti, səmimiyyəti, xeyirxahlığı, insanlığı alıb apardın... Sən, dostlarına tanrının bir lütfü idin, bilirdinmi?... Daha mənə kimsə sənin kimi “salamüelleyküm” deyə bilməyəcək... Daha məndən vətənpərvərlik ruhunda şeirlər istəməyəcəksən... Bizim bir yerdə çıxış etmək imkanlarımız da olmayacaq... “Savalan”la bağlı  düşüncələrimizi birlikdə bölüşə də bilməyəcəyik...  

Ramazan bayramı ərəfəsində İşərişəhərdəki “İncəsənət” restoranında “Savalan”ın 10 illik yubiley tədbirini idarə etməyi mənə həvalə etmişdin: “Bu, sıradan bir yubiley tədbiri olmayacaq. Ruhunda nə varsa orada tökərsən ortaya”. Mənə görə bu gün də sıradan bir gün deyil...  Bağışla ki, səninlə bağlı keçmişdə danışa bilmədim... Səninlə bağlı ruhumu bu yazıda istədiyim kimi ifadə edə bilmədim... Bağışla...

“Savalan” millətin varlığı, birliyi və bütövlüyü baxımından simvolik anlam daşıyır. Zəmanəmizin aydınlarından biri kimi sən də bu ilahi ucalığa doğru yol aldın, yürüdün, yürüdün, amma ürəyin tab gətirmədi... Özün getdin, amma nə yaxşı ki, ailən, övladların, səni sevən dostların və ən əsas isə  həmişəyaşar nəğmələrin qaldı... Məzarın nurla dolsun, ruhun şad olsun, əziz DOST!

 

Məleykə Alı qızı,
Sənətşünas

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI 12 Avqust 2020, 13:32 Sabahın hava proqnozu 12 Avqust 2020, 13:24 Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü 12 Avqust 2020, 13:18 Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev 12 Avqust 2020, 13:12 Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov 12 Avqust 2020, 13:07 Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15