Modern.az

Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir”

Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir”

Aktual

21 Noyabr 2019, 18:29

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və növbəti Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri davam edir.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. 

Noyabrın 21-də səfər çərçivəsində Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Şurasının Sədri xanım Valentina Matviyenko ilə görüşdü. Federal Şuranın Sədri bildirdi ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr günbəgün inkişaf edir. Dövlət başçılarımızın görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin dərinləşməsi üçün möhkəm zəmin yaradıb. 

 

V.Matviyenko Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakını yüksək qiymətləndirərək, tədbirin önəmini xüsusi vurğuladı. Qeyd edildi ki, belə forumlar qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından böyük önəm daşıyır. 

V.Matviyenko Bakıya son səfərini xatırlayaraq, Azərbaycanda gördüyü qonaqpərvərlikdən və səfər çərçivəsində keçirdiyi görüşlərdən, apardığı danışıqlardan məmnunluğunu ifadə etdi. Bildirildi ki, parlamentlərarası əlaqələr dövlətlərarası münasibətlər sistemində mühüm yer tutur. Bu baxımdan bu sahədə əlaqələrimizin dərinləşməsi həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir. 

 

Milli Məclisin Sədri V.Matviyenkonun cari ilin aprelində ölkəmizə səfərini xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin parlamentlərarası münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olduğunu söylədi. Spiker MDB PA-nın 50-ci plenar iclasında müzakirə olunacaq məsələlərin MDB məkanı üçün əhəmiyyətindən və qurumun vətəndaş cəmiyyəti institutlarının, o cümlədən demokratiyanın inkişafına verdiyi töhfədən danışdı. Ölkələrimizin nüfuzlu beynəlxalq qurumlarda iştirakını, bu platformada nümayəndə heyətlərimizin mütəmadi görüşlərini təqdir etdi. Sədr dövlətlərimiz arasındakı yüksək siyasi dialoqun iqtisadi sahəyə də müsbət təsirini vurğuladı. Azərbaycanın nəinki Rusiyanın Federal qurumları ilə, o cümlədən bu ölkənin regionları ilə də əlaqələri dərinləşdirməkdə maraqlı olduğunu söylədi. 

Söhbətdə digər məsələlər ətrafında da danışıldı. 

 

* * *

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov MDB PA-nın tədbirlərində iştirak edən Özbəkistan Ali Məclisi Senatının Sədri xanım Tənzilə Narbayeva ilə görüşdü. 

Ali Məclis Senatının Sədri MDB PA tədbirləri çərçivəsində bu görüşdən məmnun qaldığını, azərbaycanlı deputatlarla növbəti dəfə fikir mübadiləsi aparmaq imkanından razılığını ifadə etdi. 

Xanım T.Narbayeva Azərbaycan və Özbəkistan xalqlarının dostluğunun qədim tarixi kökləri olduğunu bildirərək, onların ümumi milli və mənəvi dəyərləri bölüşdüklərini vurğuladı. Qeyd edildi ki, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərir. Özbəkistan tərəfi Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. 

 

Milli Məclisin Sədri Oqtay Əsədov dövlət başçılarımızın görüşlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı. Bildirildi ki,  parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, deputatların nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri onları düşündürən məsələlərin müzakirəsi baxımından böyük önəm daşıyır. 

 

Spiker TÜRK PA çərçivəsində əməkdaşlığımızın daha da inkişafının əhəmiyyətindən danışaraq, bu qurumun türkdilli dövlətlər arasında münasibətlərinin dərinləşməsinə xidmət etdiyini söylədi. Spiker Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən qlobal  neft, qaz və nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülmüş və perspektiv işlərdən danışdı. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün geniş imkanlar olduğunu söylədi. 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

 

***

Həmin gün Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın Şura iclası keçirildi. 

İclasda Plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlərə baxıldı. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxıstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlər müzakirə olundu. 

Noyabrın 22-də MDB PA-nın növbəti plenar sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!