Modern.az

Nazirlik pensiya ittihamlarına CAVAB VERDİ

Nazirlik pensiya ittihamlarına CAVAB VERDİ

27 Noyabr 2019, 14:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən ittihamlara cavab verib.


Modern.az nazirliyin cavabını olduğu kimi təqdim edir:
 

"Bəzi siyasi partiya fəallarının, “ekspertlərin” və sosial şəbəkə istifadəçilərinin dövlətin həyata keçirdiyi sosial siyasət, xüsusilə pensiya məsələləri ilə bağlı irəli sürdüyü iddialar, sözün əsl mənasında, onların məsələnin mahiyyətindən xəbəsiz olduqlarını və ya bilərəkdən cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güddüklərini aydın göstərir. Sosial ödənişlərin, o cümlədən pensiyaların ciddi şəkildə artırılması və vətəndaşların pensiya sisteminə əlçatanlığının yüksəldilməsi ilə nəticələnən köklü islahatları təhrif olunmuş formada təqdim etmək qərəzdən başqa bir şey deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son zamanlar bu tipli manipulyasiya cəhdlərinin artdığını nəzərə alaraq, qaldırılan məsələlərə aydınlıq gətirir.

 

Pensiya hüququnun əldə edilməsi

 

Azərbaycan dövlətinin pensiya sistemində tətbiq etdiyi və pensiya təminatı proqramının daha da genişləndirilməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verən humanist yanaşma bu gün heç bir ölkədə mövcud deyil.

Belə ki, 1 yanvar 2019-cu il tarixindən reallaşan islahat vətəndaşların 01.01.2006-01.07.2018-ci il tarixlərində fərdi hesablarında 1 qəpik belə pensiya kapitalı olduqda onlara dövlət tərəfindən 2006-cı il 1 yanvar tarixinədək 25 il sosial sığorta stajı hədiyyə edilir və onlara elektron qaydada pensiya təyin edilir.

Nəticədə, cari ilin ilk 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yaşa görə əmək pensiyası təyin olunanların sayı 54% artıb.

Həmçinin qanunvericilikdə güzətli şərtlərlə pensiyaya çıxmaq üçün geniş kateqoriya nəzərdə tutulub. Məsələn, 1-ci qrup əlilliyi olan şəxslər üzrə pensiya kapitalı ümumiyyətlə tələb olunmur. Staj olaraq isə cəmi 5 il olmaqla əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay tələb olunur; 2-ci və 3-cü qrup əlilliyə və ailə başçısını itirmə növü üzrə staj tələbi də qat-qat azdır. Məhz bu əsasda, eləcə də qanunvericlikdə nəzərdə tutulmuş çoxsaylı digər bu kimi güzəştli şərtlərlə, həmçinin qat-qat daha yüngül pensiya kapitalı tələbi ilə hər il minlərlə vətəndaşımız vaxtından əvvəl pensiyaya çıxırlar.

Belə olan halda “yüz minlərlə insanın pensiyadan kənarda qalması” fikri hər hansı  məntiqə və əsasa söykənməyən açıq yalandır!

 

Pensiya məbləği

 

Bu gün Azərbaycan pensiya təminatı sahəsində mühüm addımlar atan bir ölkədir və təkcə bu il dövlət başçısının sosial islahatlar paketlər çərçivəsində minimum pensiya məbləğinin 72 faizlik artımına nail olunub ki, belə bir artım dinamikası heç bir ölkədə müşahidə olunmayıb. Eyni zamanda, minimum əmək haqları iki dəfəyə yaxın, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yaşa görə müavinətin məbləği də təkcə bu il 78 faiz artırılıb.

 

Pensiya yaşı

 

İşçilərin əmək bazarında qalmasının stimullaşdırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən mexanizmlərdən biri də əmək qabiliyyətli yaş həddinin artırılmasıdır. Hazırda inkişaf etmiş ölkələrdə pensiya yaş həddi 65 və daha yüksəkdir. Pensiya yaş həddi 65 dən az olan bir çox ölkələrdə də pensiya yaşı mərhələli şəkildə artırılır.

Azərbaycanda yaşa görə əmək pensiyası üçün yaş həddi kişilər üzrə 64,5 il, qadınlar üzrə isə 61,5 il təşkil edir və hər il 6 ay artırılmaqla həm kişilərdə, həm də qadınlarda 65 yaşa yüksəldilməsi nəzərdə tutulub.

Bununla yanaşı bir çox kateqoriyalar üzrə kifayət qədər erkən pensiya hüququ mövcuddur. Məsələn, zərərli işlərdə işləyənlər, əlilliyi olan şəxslər, çoxuşaşaqlı və ya sağlamlıq imkanları məhdud uşağı olan analar pensiya hüququnu daha öncə qazanırlar.

Bu səbəbdən populizm xatirinə pensiya yaşının azaldılması tələbi ilə çıxış edənlər sığorta-pensiya sahəsindən anlayışları olmamaqla yanaşı ölkədə pensiya sisteminin dayanaqlılığına təhlükə yaratmaq istəyirlər.

 

Pensiya ödənişi üçün gözlənilən müddət

 

Pensiya ödənişi üçün gözlənilən müddət qabaqcıl dünya təcrübəsində olduğu kimi, Azərbaycan qanunvericliyində də orta hesabla 12 il götürülür. Azərbaycanda da rəsmi statistikaya əsasən,  2018-ci ildə gözlənilən orta ömür uzunluğu 2010-cu illə müqayisədə  2,2 il, 1990-cı illə müqayisədə isə 4,7 il artıb və hazırda ölkəmizdə kişilər və qadınlar üzrə orta ömür uzunluğu göstəricilərini təhlil etdikdə, pensiya ödənişi üçün gözlənilən müddətin 12 ildən də çox olduğu aydın olur.  

 

Yaşa görə sosial müavinət hüququ

 

Pensiya hüququ əldə edə bilməyən şəxslərin, yaşa görə sosial müavinət almaq hüququ var. Hazırda kişilərdə əmək pensiyası üzrə yaş həddi 64,5 qadınlarda isə 61,5 olduğu halda, sosial müavinətlərin təyin edilməsi zamanı kişilərin 67, qadınların isə 62 yaşını tamamlaması tələb olunur. Bu yaş həddinin azaldılması və pensiya yaşı ilə bərabərləşdirilərək sosial müavinət təyin edilməsi barədə qanunvericiliyə dəyişiklik büdcə paketi ilə birlikdə Milli Məclisə təqdim olunub və artıq 2 oxunuşda təsdiq olunub. Bu barədə son 2 ayda ictimaiyyətə kifayət qədər geniş açıqlama verilib və bu faktların təhrif edilməsi də məhz qərəzli yanaşmanın nümunəsidir.

 

Son olaraq

 

İrəli sürülən əsassız iddialara cavab olaraq bildiririk ki, ölkədə həyata keçirilən çoxşaxəli sosial islahatlar çərçivəsində təkcə cari ildə əlavə 2,3 milyard manat, növbəti ilin büdcəsində isə əlavə 4 milyard manatadək vəsait sosial proqramlara yönəldilib.

Müstəqillik illərində ilk dəfə olaraq sosialyönümlü xərclər 10 milyard manatdan artıq olmaqla dövlət büdcəsinin 40%-ni təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövləti və hökumətinin apardığı siyasətin mərkəzində “İnsan amili”, Azərbaycan vətəndaşlarının rifahı durur və növbəti illərdə də sosial-iqtisadi islahatlar davam edərək əhalinin gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yaxsılaşdırılmasına və sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcəkdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...