Modern.az

Ziyarətçilərin üzündə təbəssüm yaradan dünyanın ən şən qəbirstanlığı - FOTOLAR

Ziyarətçilərin üzündə təbəssüm yaradan dünyanın ən şən qəbirstanlığı - FOTOLAR

15 Fevral 2020, 11:39

Qəbirstanlıq elə bir yerdir ki, ölümün varlı, kasıb, yaxşı, pis, güclü, zəif, sağlam, xəstə demədən hamı üçün eyni olduğuna bir daha əmin olursan. Ona görə də dəfn mərasimləri, məzarlıq ziyarətləri insanlarda bədbin əhval yaradır və həyatı sorğulamağa, cavabsız suallarla boğuşmağa zəmin yaradır.

 

Dünyadakı bütün qəbiristanlıqlar kimsəsiz və rəngsizdir. Məzarlıqlarda ancaq hüzn, kədər var. Ancaq Rumıniyanın Sapıntsa kəndində yerləşən  “Şən” qəbiristanlıq, yəqin ki, dünyanın ən qəribə və rəngarəng məzarlığıdır.

 

Modern.az həmin məzarlıq haqqında məlumatı diqqətinizə çatdırır:

Qəbiristanlığın bu adı daşımasına səbəb baş daşlarına ölənlərin məşğuliyyəti və həyatından olan səhnələrlə bağlı rəngli rəsmlərin çəkilməsi, onların şəxsiyyəti barədə yumorla şeirlər yazılmasıdır. Bəzi qəbirlərin hər iki tərəfində rəsmlər var. Bir tərəfdə ölən adamın həyatı təsvir olunur, digər tərəfdə isə ölümün səbəbi göstərilir.

 

Bu qəbiristanlıqda qorxu, kədər əvəzinə insanların üzündə təbəssüm yaradan, onları güldürən, düşündürən şeirlər, qısa həyat hekayələri var.

Hər şey kəndin sənətçi ruhlu adamı Stan Petraşın sayəsində başlayıb. Sapıntsada baş daşları daşdan deyil, taxtadan hazırlanır.1935 ci ildə o öz şeirini taxta üzərinə oyma üsulu ilə yazdıqdan sonra bu ənənə halını alır. Stan 40 il ərzində 800-ə yaxın məzarın üzərində gülməli, tənqidi, düşündürücü şeir və rəsmlərdən ibarət sənət əsərləri yaradır. 1977-ci ildə özü də bu məzarlığın “sakinlərindən” biri olur.

 

Ölənin arxasınca danışmazlar, deyiblər. Biri öləndə adətən sevənləri onun haqqında ancaq xoş sözlər deyir, onu yaxşı insan kimi xatırlamağa çalışır. Habil Əliyev demiş, kimsə öləndən sonra onu elə tərifləyirlər ki, adamın sağ ikən ölməyi gəlir.

Lakin bu kənddə hamı bir-birini tanıdığı üçün əhaliyə kimin kim olduğu bəllidir. Bu da məzar daşlarına gülməli şəkildə əks olunub. Hətta ölünün həyatından xoş olmayan detallara belə yer verilir. Məsələn, ölən adamın içki düşkünü, yaxud da şorgöz olduğunu baş daşları sayəsində öyrənmək olar.

 

İllərdir davam edən ənənə, təbii ki, öz üslubunu da formalaşdırıb. Məzarlıq dili və ədəbiyyatına görə, sarı rəng bərəkət, qırmızı ehtiras, qara isə, əlbəttə ki, ölümü ifadə edir. Məzar daşlarına çəkilən qara quş faciəli, yaxud da şübhəli bir şeyi simvollaşdırır. Ağ quşlar isə sevgi, rahatlıq və həsrət mənasına gəlir.

Məzarlıq hazırda açıq hava muzeyi kimi fəaliyyət göstərir və çox sayda turist cəlb edir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?