Modern.az

Bir mahnıyla şöhrət tapan BƏSTƏKAR - Qəmbər Hüseynli “Cücələrim” mahnısına görə həbs edilməmişdi...

Bir mahnıyla şöhrət tapan BƏSTƏKAR - Qəmbər Hüseynli “Cücələrim” mahnısına görə həbs edilməmişdi...

Reportaj

16 Aprel 2020, 12:36

Bəstəkar Qəmbər Hüseynli... Bu ad bəzilərinə tanış gəlməyə bilər... Elə isə “Cücələrim” mahnısını yada salın... Şübhəsiz ki, böyüklü-kiçikli hamının böyük zövqlə dinlədiyi “Cücələrim” mahnısını eşitməyən yoxdur...

Bəli söhbət “Cücələrim” mahnısını bəsətələyən şəxsdən gedir. Bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun özünəməxsus yeri var.


16 aprel tarixi Qəmbər Hüseynli doğum günüdür..

Modern.az-ın məlumatına görə, Qəmbər Muxtar oğlu Hüseynli  16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunub. 1929-cu ildə isə Gəncə Pedaqoji texnikumuna daxil olub. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.

Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyir.

Bununla da istedadlı bir bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir Hacıbəylinin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. O, "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" kimi əsərlərin altına imza atır.

Bəstəkarın "Tellər oynadı" romans-mahnısı uzun illrədir sevə-sevə dinləyirlər.

Qəmbər Hüseynli yaradıcılığında bütün dünyanı dolaşan bir sənət incisi də var - "Cücələrim".

Onun şair Tofiq Mütəllibovun sözlərinə yazdığı bu mahnı 1948-ci ildə ərsəyə gəlib.

1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.

Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir:

"Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"

Bəstəkarın şah əsəri olan “Cücələrim” bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarından biridir.

Yeri gəlmişkən, Sovet multfilm sənayesinin şedevrlərindən olan "Nu, poqodi!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib.


Qəmbər Hüseynli deyəndə “Cücələrim” yada düşür. Mahnı indiyədək 100-dən çox xarici dildə səslənib, 148 xalqının dilinə tərcümə olunub. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması deməkdir.

Sənətşünasları yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci Azərbaycan mahnısı olmayıb.

Qəmbər Hüseynlinin həyat və yaradıcılığını araşdıran jurnalist, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov bəstəkarın vaxtilə həbsə düşdüyünü yazır:

"Qəmbər Hüseynlinin həbsxana həyatı yaşaması faktı doğrudur... Amma bu, “Cücələrim”ə görə yox”, 1948-ci ildən sonra da yox, 1941-ci ildə olub...".

Araşdırmaçı jurnalist bildirir ki, Q.Hüseynli vaxtilə Üzeyir bəy Hacıbəyliyə yazdığı məktubda etiraf edir ki, 1941-ci ilin dekabrında həbs olunub:

"Deməli, gənc bəstəkarın “Cücələrim” mahnısına görə həbs olunması barədə bəzi internet resurslarındakı məlumatlar uydurmadır.  Əgər “Cücələrim” sovet ideologiyasına uyğun deyildisə, bu mahnının mətni 148 dilə necə tərcümə oluna bilərdi?
Q.Hüseynli 1941-ci ilin dekabrında həbs edilir. Onun yaxınlarının dediyinə görə, gənc bəstəkar 1941-ci ildə hərbi xidmətə çağırılır və o, hərbi komissarlığa gec gəldiyi üçün həbs olunur.
Amma Q.Hüseynli özü Üzeyir bəyə məktubunda başqa versiyadan danışır. Hətta o vaxtkı Cinayət Məcəlləsinin hansı maddəsi ilə həbs olunduğunu da etiraf edir. Və yazır, etiraf edir ki, “təqsirim qorxaqlıq ucundan olan bir cinayət idi”.
İstedadlı bəstəkarın özünün yazdığına görə, 3 il 8 ay həbsdə qalıb, 1945-ci ilin iyulunda azdlığa çıxıb. Üzeyir bəyə məktubunda bildirir ki, “1945-ci ilin iyul ayında SSRİ Ali Sovetinin ümumi əvf fərmanına görə mən də başqa vətəndaşlar kimi qazamatdan azad oldum”".

M.Həsənov arxiv materailları əsasında bildirir ki, Q.Hüseynli 1947-ci ildə Üzeyir Hacıbəyliyə məktub yazmaqla ondan kömək istiyirdi:

"Gənc bəstəkar həbsdən çıxandan sonra bir il səkkiz ay işsiz qaldığını xatırladaraq, dahi həmkarından həyat və məişət şəraitini düzəltmək üçün kömək istəyirdi. Görünür, həbsxana həyatı yaşaması bir çox qapıları onun üzünə bağlayıbmış... İncəsənət işləri idarəsindən və radio komitəsindən ona sifarişlər verilmir, əsərləri radioda səsləndiriləndə müəllif kimi adı çəkilmirdi. İfaçılar onun yazdığı əsərləri oxumurdular, ona görə ki, bu əsərlərin qəbul olunacağına əmin deyildilər və s. və i.a.

Ona görə də Q.Hüseynli yazır: “Üzeyir əmi, mən belə hiss edirəm ki, mənə hələ də şübhəli adama baxılan bir nəzərlə baxırlar. Mən şübhəli vətəndaş deyiləm”.

Daha sonra isə yazır: “Mən istəyirəm dövlət, partiya, öz ittifaqım qarşısında, şəxsən sizin qarşınızda özümü doğruldum və bizi dinləyən xalqın etimadını qazanım. Mən sənətimi sevirəm”.
Bu cümlələr də Q.Hüseynlinin məktubundandır.

O, sonda Üzeyir bəydən iki xahiş edir: “Birinci xahişim odur ki, mənə də başqa yoldaşlarım kimi mümkünat verilsin ki, yazdıqlarımdan mənfəətbərdar olum.

...İkinci xahişim odur ki, əgər bunları etmək imkan daxilindən kənardırsa, o zaman mənim Kirovabad şəhər Filarmoniyasına bədii rəhbər sifətilə işləməgə göndərilməmə köməklik edəsiniz”.
Bu məktub 1947-ci il aprelin 3-də yazılıb.

Bundan düz bir ay sonra, mayın 4-də Bəstəkarlar İttifaqından İncəsənət İşləri İdarəsinə bir məktub göndərilir. Məktubda İncəsənət İşləri İdarəsinin xətti ilə rayon musiqi dərnək və müəssisələrinə kömək üçün göndərilən yaradıcı briqadanın siyahısına Cahangir Cahangirov, Andrey Babayev və daha dörd nəfər bəstəkarla yanaşı Qəmbər Hüseynlinin də adı daxil edilir.

Bəstəkarlar İttifaqının nəzər-diqqətindən kənarda qalan, çörək pulu qazanmaq üçün qarşısında bütün qapılar bağlı olan Qəmbər Hüseynlinin adı, nəhayət, siyahıya salınır ki, o da işləsin, pul qazansın, yaradıcılıqla məşğul olmaq imkanı əldə etsin.

“Üzeyir əmi” işsiz qalmış gənc bəstəkara hələlik bu köməyi edə bilir...".

Q.Hüseynli bu dünyadan çox erkən, 45 yaşında getdi... Bəstəkar 1961-ci il iyulun 31-də işıqlı dünyaya əlvida deyib.

10 may 1961-ci il tarixində Q.Hüseynliyə “Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilib.


25 noyabr 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı.

2018-ci ilin yanvarında Gəncədə bəstəkarın heykəli ucaldılıb.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir