Modern.az

Tarixi “Qız Qalası” 3D rəqəmsal formata köçürülür

Tarixi “Qız Qalası” 3D rəqəmsal formata köçürülür

17 May 2020, 14:51

 

 

 

Tarixi “Qız Qalası” 3D rəqəmsal formata köçürülür.

 

18 may Beynəlxalq Muzeylər Günü münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi ilk dəfə olaraq Qız Qalası memarlıq abidəsini «World Heritage 3D Scanning» proqramında təqdim edir.

 

"İçərişəhər"DTMQİ Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, layihə Almaniyanın EKМ Global Consulting GmbH. şirkəti (www.ekmgc.de) və mədəni irs üzrə startaper Səbinə Zülalovanın (sabinazulalova.com) birgə əməkdaşlığı ilə həyata keçiriləcək.

 

Qeyd olunub ki, 2020-ci il Azərbaycan xalqının milli irsi olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20-ci ildönümüdür:

 

“Bu münasibətlə "İçərişəhər" Muzey Mərkəzi İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi kimi yeni bir layihəyə start verilib və ilk olaraq Qız Qalasından başlayıb. Burada tətbiq edilən «World Heritage 3D Scanning» proqramı vasitəsi ilə tarixi abidələrin vizuallaşdırılması və sənədləşdirilməsi aparılır, memarlıq və mədəni irs obyektinin rəqəmsal arxivləşdirilməsi üçün xüsusi sənədlər yaradılır. DWG fayl isə üçölçülü sənəd kimi hər hansı bir üçölçülü faylın proqram təminatıdır.


Bu proqram bir obyekti tam ölçüdə skan edərkən məlumatları, abidə və ya obyekt kataklizmlər nəticəsində dağılmaya məruz qalarsa onun yenidən peşəkar şəkildə qurulması və bərpası zamanı istifadə edilə bilən rəqəmsal mediada saxlayır.
Qız Qalasının 3D 360 o virtual turu da ilk dəfə olaraq bütün mərtəbələr üzrə iki dildə məlumat nöqtələri, qalanın yuxarısından şəhərin panoramik mənzərəsi və öz veb saytınıza yerləşdirə biləcəyiniz virtual tur üçün keçid kodu vasitəsilə təqdim edilir.


Bu formatda ilk dəfə təqdim edilən layihə Azərbaycanın bütün görməli yerlərinin rəqəmsal arxivləşdirilməsinin başlanğıcıdır. Mədəni irsin idarə edilməsi sahəsində obyekt haqqında məlumatların düzgünlüyü və peşəkar sənədlərin çox vacib olması baxımından 3D skan təqdimat bu işdə müstəsna rol oynayır.
Bu funksiya gələcəkdə abidələrin qorunma və bərpa işlərində kömək edəcək həmçinin arxeoloji tədqiqatların aparılmasına da təsir edə bilən dəqiq və detallı məlumatlar yaradır”.

 

“İlk dəfə 3D Scanning versiyası hazırlanmış Qız Qalası Bakının ən möhtəşəm və əzəmətli tarixi memarlıq abidəsidir. Qalanın hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Abidə onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanır və silindrik formaya malikdir. Qala səkkiz yarusludur. Mərtəbələr arasında əlaqə pilləkənlərlə saxlanılır.
Bir çox tədqiqatçılar Qız Qalasının ilkin olaraq dini məqsədlərlə ucaldıldığını və bir ibadətgah olduğunu qeyd edirlər. Bir sıra alimlərin fikrincə isə, bu zərdüştlərin daxmasıdır. Ona görə onlar Qız Qalasını e. ə. VIII-VII əsrlərə aid edirlər. Abidənin həm də rəsədxana kimi istifadə olunması fərziyyəsi də irəli sürülür.
Alimlərin bir qismi isə Qız Qalasını Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş istehkam hesab edir və təhlükə zamanı qalanın üzərindən digər qalalara həyəcan siqnalının ötürülməsi üçün istifadə olunduğunu qeyd edirlər”,- deyə rəsmi məlumatda bildirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi