Modern.az

Yataqxana, bacım və uşaqları...

Yataqxana, bacım və uşaqları...

1 İyun 2020, 15:50

Kiçık bacım Gülüzar illərdi ailəsi ilə yataqxanada yaşayır. Amma onun könül dünyasına bu darlığın havası heç vaxt yol tapa bilməyib... Baxmayaraq ki, burada çox əziyyətlər çəkib, neçə otaq dəyişib, bəzən yer tapmayıb, çöllərdə qalıb... Hələ bu azmış kimi 12 il də, övlad həsrəti ilə yanıb-tutuşub. Amma Allahdan ümidini üzməyib və 12 ildən sonra bir dünya sevinclə Ümid gəlib dünyaya...

 

On iki ildən sonra

Sən göz açdın dünyada.

Bütün aləm sevindi...

Sevindi gün də, ay da...

 

İndi Ümidin 5 yaşı var, bacısı Fatimə isə 2 yaş yarımlıqdı... Sözümün canı odur ki, bacım o yataqxana havası toxunmayan işıqlı dünyası ilə elə həyatsevərdi ki, adam ondan ilham alır, həvəsə gəlir... Xüsusilə onun uşaqlarına münasibəti, ürəkdən qayğısı, diqqəti coxlarına, elə mənim özümə də bir nümunədi... Bunu çətin karantin günlərində də hiss elədim... Bu vəziyyətdə də, elə bir bayram, xüsusi gün olmadı ki, bacım uşaqları ilə onu qeyd eləyib bizimlə paylaşmasın... Bir də gördüm 28 May Respublika günündə hələ dili indi açılan Fatimə çıxıb stolun üstünə əlində bayrağımız S.Vurğunun “Azərbaycan” şeirini söyləyir...

 

El bilir ki, sən mənimsəəəən,

Ana, doma Vətənisəəən...

Aaaabaycan, Aaaabaycan...

...Hələ virusun ölkədə yayıldığı ilk vaxtlarda bir də gördün bacı-qardaş sanki əllərində səsgücləndirici tutmuş kimi adamlara səslənirlər...”Ko no na virus var, evdən çıxmaq olmaz!”... Bacım  5 yaşında uşağı 5-dən çox kursa aparıb-gətirir... Ümidin kitabları da var və hər gün anasıyla birgə oxuyur... Hələ rus dilində də çoxlu söz bilir.   

Uşaqlığı didərginliyə düşən, əlaçı olsa da, ali təhsil ala bilməyən bacıma o günü deyirəm ki, səndən yaxşı müəllim olardı, özü də təşkilatçı müəllim... Gülümsəyir...

Bacım olduğuna görə onu təriflədiyimi düşünməyin... Bunu ona görə yazdım ki, adam villada da yaşayar, balaca komada, yataqxanada da, amma necə yaşayar, bax məsələ ondadı. Dostum, “Ulduz” jurnalının ulduzu Hicran Hüseynovanın sözü yadıma düşdü. “Adam olduğu yeri bəzəyir, yer adamı bəzəmir”... Odur ki, uşaqlarla bərabər,  ayrıca vaxt ayırıb onların  həyatını naxışlandıran, oxudan- öyrədən, həvəsləndirən bütün valideynlərə də, bayramınız mübarək olsun, deyirəm...   

 

Mina RƏŞİD

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?