Arxiv
6 İyul 2020, 08:17 | MÜSAHİBƏ
BMT İnkişaf Proqramının Bakıdakı nümayəndəsi: “Pandemiya və iqlim dəyişikliyi heç bir sərhəd tanımır” - MÜSAHİBƏ

BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəsi Alessandro Frakassetti Modern.az saytına müsahibə verib.

- Cənab Frakassetti, hazırda Azərbaycanda da pandemiya dövrü yaşanır. Avqustun 1-nə kimi ölkədə karantin müddəti müəyyən olunub. Mövcud vəziyyət haqqında fikirlərinizi öyrənmək istərdik.


- Pandemiya insanların həyatında misli görünməmiş bir böhrana səbəb olub. Təxirəsalınmaz cavab tədbirləri və vəziyyəti nəzarət altında saxlama səyləri müxtəlif ölkələrdə fərqli nəticələr verib. Azərbaycan hökuməti pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə vaxtında tədbirlər gördü. Artıq biz birinci dalğa ilə müqayisədə daha güclü olan ikinci dalğanı yaşayırıq və buna görə də effektiv nəzarət tədbirlərinə ehtiyac var. Düzgün sosial davranışla bu virusun effektiv şəkildə aradan qaldırılmasının mümkünlüyünü başa düşmək vacibdir. Buna sübut olaraq bu virusun ağır təsirinə məruz qalmış digər ölkələri misal göstərmək olar. Fiziki məsafənin qorunması, əl gigiyenası və maskalardan istifadənin bir sıra ölkələrdə virusun yayılmasını əhəmiyyətli dərəcədə azaltmaqda təsirli olduğu müşahidə edilib. Bu qaydalara əməl edilməməsi isə insanların həyatı bahasına ola bilər.

Bu, hər kəs üçün, xüsusən də yaşlılar, digər məhdudiyyətləri olan, əlilliyi olan insanlar kimi ən həssas qruplar üçün çox çətin bir dövrdür. Lakin biz güclü olmalı, elmə qulaq asmalı və bu böhrana qalib gəlmək üçün birgə iş aparmalıyıq. İndi hər şeydən öncə həmrəy olmaq zamanıdır,  xüsusilə də həkimlər və tibb işçiləri kimi ön sırada çalışanlarla və əlbəttə ki, pasiyentlərlə birgə.


-
COVID-19-la mübarizədə BMTİP-in Azərbaycan ofisi hansı tədbirləri həyata keçirdi və nə dərəcədə effektli oldu?


- BMTİP-in Azərbaycan heyəti məsafədən iş rejiminə keçməsinə baxmayaraq, tam gücü ilə fəaliyyətini davam etdirir. Pandemiya ilə mübarizə tədbirlərini həyata keçirmək və onun təsirlərini azaltmaq məqsədilə ölkədaxili səyləri dəstəkləmək üçün biz fəaliyyətlərimizdə və layihələrimizdə müvafiq təcili nizamlamalar etdik. Azərbaycan vətəndaşlarına pandemiyanın öhdəsindən daha asan gəlməyə kömək edən bir sıra tədbirləri həyata keçirmişik.

Buna bir neçə nümunə göstərmək olar: biz böhranın əvvəlində səhiyyə işçilərinə kömək etmək məqsədilə innovativ rəqəmsal həllərin sürətlə tətbiq ehtiyacını başa düşürdük. Bu səbəblə, ölkədə elektron səhiyyəni genişləndirməyə və vətəndaşlara etibarlı məlumat verilməsinə dəstək olmaq məqsədilə tətbiqlərdən tutmuş elektron platformalara və botlara kimi bir sıra rəqəmsal həlləri hazırlamaq üçün Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq etdik.

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə “təhsil”, “tibb”, “əyləncə” və “çatdırılma” kateqoriyaları üzrə mövcud onlayn xidmətləri özündə birləşdirən, ölkənin ilk rəqəmsal platforması olan Evdəqal saytını hazırladıq və istifadəyə verdik. KOB-ların öz müəssisələrini rəqəmsal olaraq gücləndirməsi üçün biz hazırda Nazirliklə birgə vebinarlar silsiləsi üzərində çalışırıq. BMTİP insanların kənarda qalma riskinin ən yüksək olduğu yerlərdə, xüsusən ucqar və kənd ərazilərində internetin əhatə dairəsini genişləndirmək məqsədilə nazirliyə texniki yardım göstərib.

BMTİP, COVID-19-un əmək bazarına və məşğulluğa təsirini qiymətləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edir. Biz, həmçinin əlilliyi olan şəxslər, tələbələr və fermerlər üçün televiziya verilişləri, internet və WhatsApp vasitəsilə e-təhsilin həyata keçirilməsinə kömək etmişik.


- BMTİP-in Azərbaycan ofisi pandemiya dövründə TƏBİB-lə birlikdə COVID-19-la mübarizədə tibbi avadanlıqları Azərbaycana gətirdi. Bu ideya sizin, yoxsa qarşı tərəfin ideyası idi?


- BMTİP-in tibbi ləvazimatların satın alınması ilə bağlı Azərbaycan Hökuməti ilə sıx tərəfdaşlıq əlaqələri mövcuddur. Son iki il ərzində biz Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsi və bir çox həyatlar xilas edəcək dərman preparatlarının satın  almasını həyata keçirmək istiqamətində Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə iş aparırıq. Tərəfdaşlığımızın nəticəsi olaraq biz, 2019-cu ildə 14000-dən çox Hepatit C və vərəm pasiyentlərinin müalicəsi üçün dərman preparatlarının satınalmasının həyata keçirilməsinə köməklik etmişik. Pandemiya elan ediləndən bu günə kimi biz Azərbaycanın ön sırada çalışan tibb işçilərinin və onların pasiyentlərinin qorunmasını daha yaxşı təmin etmək məqsədilə tibbi avadanlıqların satın alınmasına daha çox diqqət yetirdik. Keçən ay BMTİP-in beynəlxalq təchizat zəncirləri vasitəsilə 50000 tibbi eynəyin və 1000 kontaktsız infraqırmızı termometrin ölkəyə gətirilməsinə dəstək olduq.


-
Pandemiya dövründə Azərbaycan bir çox uğurlu addımlar atdı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, aşağı gəlirli və işsiz ailələrə dövlət tərəfindən birbaşa yardımlar paylanıldı. Həmçinin, Azərbaycandan Moldova, Macarıstan və digər dövlətlərə yardımlar göndərildi. BMTİP-in Rezident nümayəndəsi kimi ölkənin atdığı bu addımları necə dəyərləndirirsiniz?


- Azərbaycan hökuməti həssas qruplar üçün sosial müavinətləri artırmaqla pandemiyaya qarşı təsirli cavab tədbirləri gördü. Dünyanın hər yerində olduğu kimi, COVID-19 ən həssas qruplara - əlilliyi olan şəxslərə, yaşlılara, qadınlara və gənclərə ağır zərbə vurdu. Bizim əsas prioritetimiz hökumətin cavab tədbirlərini və bərpa səylərini,  xüsusən də heç kimin geridə qalmamasına yönəlmiş addımlarını dəstəkləməkdir.

Digər ölkələrin pandemiyaya cavab tədbirlərində Azərbaycanın dəstəyi təqdirəlayiqdir. COVID-19 ölkələrin təkbaşına cavab tədbirlərini həyata keçirmə səylərinə baxmayaraq, bizim bir-birimizlə əlaqəli olduğumuzu, eləcə də təsirli cavab tədbirinin öz sərhədlərindən kənardan daxil olan məlumatlardan, təcrübədən və avadanlıqlardan asılı olduğunu açıq-aydın göstərdi. Çətin dövrlərdə – pandemiya ilə mübarizədə olduğu kimi – həmrəylik və əməkdaşlıq daha yaxşı gələcəyin təmin edilməsi üçün ən güclü təməldir.


-
Ümumilikdə, Azərbaycanda hansı sektorların inkişafı üçün BMTİP-ə qoşulmasına ehtiyac olduğunu düşünürsünüz?


- BMT İP-i otuz ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir. Ölkəni, müstəqillik illərindən tutmuş keçid dövrünə, neft bumuna, eləcə də iqtisadi şaxələnmənin vacib dövrünədək dəstəkləmişik. BMTİP 1992-ci ildən etibarən Azərbaycanda 200 milyon ABŞ dolları dəyərində inkişaf proqramlarını idarə edir. Həyata keçirdiyimiz proqramlar iş yerlərinin yaradılmasından tutmuş gənclərin və qadınların səlahiyyətləndirilməsinə, elektron hökumətə, ətraf mühitin mühafizəsinə, meşə təsərrüfatının idarə olunmasına və inteqrasiya olunmuş sərhəd idarəçiliyinə, mina təmizləmə proqramlarına və əlilliyi olan şəxslərə dəstək göstərilməsinə kimi bir çox fəaliyyət sahəsini əhatə edir.

Biz hazırda BMTİP-in 2021-2025-ci illər üçün növbəti Ölkə Proqramını hazırlamaqdayıq. Prioritet istiqamətlərə iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, gənclərin iştirakı, qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi, kənd yerlərinin inkişafı, peşə təhsili, iqlim dəyişikliyi sahəsində fəaliyyət, ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi, turizmin inkişafı, kiçik ailə bizneslərinə dəstək və bir sıra digər sahələr daxildir. Biz milli prioritetləri dəstəkləyəcək və həssas qruplara diqqətimizi artıracağıq.

Lakin hər şeydən əvvəl biz, COVID-19-la mübarizə tədbirlərinin həyata keçirilməsində və onun fəsadlarını dayanıqlı şəkildə aradan qaldırılmasında Azərbaycan xalqını və hökumətini dəstəkləyəcəyik.

- 2016-cı ildən Azərbaycanda çalışırsınız və rəsmi olaraq 2019-cu ilin aprel ayından etibarən BMTİP-in Azərbaycandakı Rezident nümayəndəsisiniz. Bu müddət ərzində Azərbaycanla bağlı düşüncələrinizi bilmək istərdik.


- Bu dövrdə mən, iqtisadiyyatını şaxələndirmək və karbohidrogenlərdən asılılıqdan uzaqlaşmaq, insan resurslarına sərmayə qoymaq, həssas qruplara dəstək olmaq üçün, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq üçün səy göstərən bir ölkənin şahidi oldum. Bir çox çətinliklərlə qarşılaşan və onların öhdəsindən uğurla gələn bu ölkəyə hörmətim sonsuzdur. Son zamanlar, COVID-19 və neftin qiymətinin qəfil aşağı düşməsi kimi çətinliklər buna nümunədir. Bunun kifayət qədər sosial və iqtisadi təsirləri olacaq. BMTİP olaraq biz inklüziv və dayanıqlı inkişaf istiqamətində şaxələnmə prosesini davam etdirməkdə Azərbaycan xalqını və hökumətini dəstəkləmək məqsədilə buradayıq.


- Hansı bölgələrimizdə olmusunuz və onlar nə ilə yadınızda qalıb? Burada çalışdığınız müddət ərzində yerli əhali, buradakı insanların həyat şəraiti, inkişafa doğru atdıqları addımlar sizdə hansı təəssüratları yaratdı?

- BMTİP-in bir çox layihələrinə baş çəkmək məqsədilə ölkə daxilində çoxlu səfərlər etmişəm və yerli icra hakimiyyəti orqanları, tərəfdaşlarımız və benefisiarlarımız ilə yaxşı münasibətlərimiz var. Məsələn, Qadın Resurs Mərkəzlərimizin yerləşdiyi səkkiz rayona, peşə təhsili məktəblərinin modernləşdirilməsi layihəsini dəstəklədiyimiz iki rayona, ABAD və Aİ ilə tərəfdaşlıq edərək öz kiçik bizneslərini yaratmaq üçün kəndli ailə təsərrüfatlarına dəstək göstərdiyimiz bir iqtisadi rayona, eləcə də həssas qruplara vacib xidmətlər göstərmək üçün dəstək olduğumuz vətəndaş cəmiyyəti institutlarının fəalliyyət göstərdiyi bölgələrə, həmçinin Azərbaycanın öz meyvə və tərəvəz sortlarını mühafizə etməsi məqsədilə fermerlərə köməklik göstərdiyimiz digər bölgələrə səfərlər etmişəm. Hər yerdə öz cəmiyyətlərinin və iqtisadiyyatlarının mənafeyinə töhfə verən gənclərin, kənd qadınlarının, yerli hakimiyyət orqanlarının, kiçik müəssisələrin və icma əsaslı təşkilatların olduğunu görmüşəm.

- BMTİP-in Azərbaycanda həyata keçirdiyi Qadın resursları Mərkəzləri Proqramının icrası nə kimi nəticələr verib və hansı bölgələrimizdə bu sahədə uğurlu iş ortaya qoyulub?


- 2011-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təsis etdiyimiz doqquz Resurs Mərkəzinin əsas vəzifəsi kəndli qadınların sahibkarlıq bacarıqlarının gücləndirilməsinə və onların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına kömək etmək olub. Bu günə qədər bu Mərkəzlər mühasibat uçotu və maliyyə savadlılığı, kompüter elmi, eləcə də şəbəkələşmə və əlaqə qurma üsulları kimi bacarıqlara sahib olan 6.200 qadın üçün pulsuz təlim kursları keçirib və onların əksəriyyəti artıq öz bizneslərini uğurla həyata keçirməkdədir.

COVID-19 xəstəliyinin yayılması nəticəsində məktəblər bağlandığına görə risk altında olan yaşlı ailə üzvlərinə qayğı göstərmək ehtiyacı qadınların haqqı ödənilməyən qayğı işlərinin yükünü artırıb. Bu vəziyyətin öhdəsindən gəlmək üçün Qadın Resurs Mərkəzləri ilə birlikdə biznesin inkişafı təlimlərini rəqəmsallaşdırmaq, e-psixoloji dəstək görüşləri və pulsuz hüquqi yardım göstərmək istiqamətində iş aparırıq.

Qlobal problemlər, eləcə də pandemiya ilə mübarizədə BMTİP-in təcrübəsində hansı proqramlar var ki, onlara yenidən müraciət etmək effektli olardı?


- Pandemiya həyat tərzimizin özümüz üçün, eləcə də planetimiz üçün nə qədər həssas və davamsız olduğunu açıq-aydın göstərdi. Bu böhranla mübarizə tədbirlərinin həyata keçirilməsi işinin sistemli təşkili və özündə səhiyyə, iqtisadi, sosial və ekoloji meyarları birləşdirməsi vacibdir. BMT sistemi ilə birgə iş aparmaqla, BMTİP fəaliyyət göstərdiyi 160-dan çox ölkə və ərazidə pandemiyanın sosial və iqtisadi sahələrə təsirinə dair qiymətləndirmələrin hazırlanmasına və bərpa planlarının tərtib edilməsinə rəhbərlik edir.

Ən aktual qlobal problem İqlim Dəyişikliyi və onun planetdəki fəsadlarıdır. BMT Sistemində iqlim fəaliyyətinin ən böyük icraçısı olaraq BMTİP, ölkələrin öz iqlim məqsədlərini fəaliyyətə çevirmək üçün onlarla birgə iş aparır.

Pandemiya və iqlim dəyişikliyi heç bir sərhəd tanımır. Bilməliyik ki, heç bir B planeti mövcud deyil və indi planetimizin məhv edilməsinin qarşısını almaq üçün hərəkətə keçməsək, hamımız onun törətdiyi fəsadlar ilə üzləşməli olacağıq.

- Son illər ərzində dünyanın bir çox meqapolislərində, həmçinin Bakıda urbanizasiya  güclənməkdədir. Sizin fikrinizcə, urbanizasiyanın qarşısını almaq məqsədilə hər bir bölgədə özəl proqramlar həyata keçirmək lazımdır, yaxud hazırlanmış xüsusi bir proqram bütün bölgələri bərabər şəkildə inkişaf etdirməyə qadirdir?

- Dünyada urbanizasiya misli görünməmiş bir sürətlə və miqyasla yayılmağa davam edir. Bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb. 2050-ci ilə qədər 10 nəfərdən 7-nin şəhərlərdə yaşayacağı gözlənilir, buna görə urbanizasiya - qarşısı alınacaq bir şey deyil.

Halbuki, yaxşı idarə edildiyi təqdirdə, şəhərlər və rayonlar keyfiyyətli xidmətlərə, məşğulluq və təhsil imkanlarına, təhlükəsiz mənzil şəraitinə, həmçinin təmiz enerji və suya çıxış imkanları təklif edə bilər. Onlar inklüzivliyin, innovasiyanın və tərəqqinin mərkəzlərinə çevrilə bilərlər.

BMTİP eyni zamanda urbanizasiya, səhiyyə və inkişaf problemlərini həll edən vahid siyasətləri hazırlamaq və həyata keçirmək məqsədilə ölkələrə və şəhərlərə dəstək göstərmək üçün bütün vacib imkanlara malikdir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zabitimizdən Paşinyana: “Bax, belə oynayarlar” 2 Dekabr 2020, 01:00 İspaniyada azarkeşlər stadionlara buraxılacaq 2 Dekabr 2020, 00:52 “Real”dan acı məğlubiyyət 2 Dekabr 2020, 00:41 Paytaxtda gənc oğlanı maşın vurdu 2 Dekabr 2020, 00:35 Eyfel bu tarixdən ziyarətə açıq olacaq 2 Dekabr 2020, 00:24 Teledərslərin bu günə olan CƏDVƏLİ 2 Dekabr 2020, 00:10 Messi Çempionlar Liqasında daha bir oyunu buraxacaq 2 Dekabr 2020, 00:00 Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı 1 Dekabr 2020, 23:50 İŞİD Əkrəm İmamoğlunu öldürmək istədi 1 Dekabr 2020, 23:37 “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” - 30 yaşlı Şuşa qəhrəmanı   1 Dekabr 2020, 23:32 Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı 1 Dekabr 2020, 23:22 Ceyhun Bayramov qətərli həmkarı ilə danışdı 1 Dekabr 2020, 23:11 Almaniyada dəhşətli hadisə 1 Dekabr 2020, 23:00 Ceyhun Bayramov Çavuşoğlu ilə Laçını müzakirə etdi 1 Dekabr 2020, 22:50 Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı 1 Dekabr 2020, 22:45 Azadlıq meydanı parada hazırlaşır - FOTO 1 Dekabr 2020, 22:35 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 1 Dekabr 2020, 22:24 Laçın yolu və bu yolu açan dəmir yumruq 1 Dekabr 2020, 22:11 Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi” 1 Dekabr 2020, 21:57 “NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib 1 Dekabr 2020, 21:32 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 21:20 Maradonanın psixiatrının evində axtarış aparılır 1 Dekabr 2020, 21:11 İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - FOTO 1 Dekabr 2020, 21:00 Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi 1 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 1 Dekabr 2020, 20:42 Şuşanı azad edənlər bu medalla təltif olunacaqlar 1 Dekabr 2020, 20:29 Stalin haqqında miflər və əfsanələr 1 Dekabr 2020, 20:20 “Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi 1 Dekabr 2020, 20:13 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 1 Dekabr 2020, 20:04 Böyük dövlətlərin koronavirus vaksini YARIŞI 1 Dekabr 2020, 19:38 Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı 1 Dekabr 2020, 19:23 Putinin hərbi bloku Qarabağdakı vəziyyəti müzakirə edib 1 Dekabr 2020, 19:15 Şəhid ailələri və müharibə əlillərinə hansı sosial dəstək göstərilir - SİYAHI     1 Dekabr 2020, 19:08 Azərbaycanda “Vətən müharibəsi iştirakçısı” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 18:54 Almaniyada faciə: 2 ölü, 14 yaralı 1 Dekabr 2020, 18:39
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?