Modern.az

Sülhəddin Əkbər: “Partiyamıza qoşulmaları üçün tanınmış şəxslərə müraciət edəcəyik” - MÜSAHİBƏ

Sülhəddin Əkbər: “Partiyamıza qoşulmaları üçün tanınmış şəxslərə müraciət edəcəyik” - MÜSAHİBƏ

Müsahibə

30 May 2012, 16:36

Modern.az saytı Açıq Cəmiyyət Partiyasının yeni sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- Sülhəddin bəy, sizin dünən Açıq Cəmiyyət Partiyasına (ACP) sədr seçilməyinizin ardınca belə bir xəbər yayıldı ki, Müsavat Partiyasından qopmalar gözlənilir və tərəfdarlarınız olan həmin insanlar ACP-yə transfer olacaqlar.  

- Mən dəfələrlə bu haqda demişəm və yenə də təkrar edirəm ki, mən Müsavat Partiyasından istefa verdikdən sonra heç kimə bu partiyadan ayrıl sözünü deməmişəm. İstər məni dəstəkləyən insanlara olsun, istərsə də yaxınlarıma, qohumlarıma Müsavat sıralarını tərk etmələri üçün hər hansı tapşırıq verməmişəm. Ümumiyyətlə, bu barədə fikir mübadiləsi belə aparmamışam. Bundan sonra da elə bir niyyətim yoxdur. Yəni, deyilənlər həqiqəti əks etdirmir. Mən deyə bilmərəm kim ayrılmaq istəyir, yoxsa yox. Amma, mənim belə bir niyyətim yoxdur ki, insanlar Müsavat Partiyasından çıxıb bizim partiyaya qoşulsunlar.

- Açıq Cəmiyyət Partiyasına qoşulmaq üçün kimlərə çağırışlar edəcəksiniz?

- Mən müsavatçılara belə bir çağırış etməyəcəm. Ancaq qeyd edim ki, Açıq Cəmiyyət Partiyası bütün Azərbaycan vətəndaşlarına açıqdır. Kimlər istəyir,bizim partiya sıralarında qatıla bilərlər. Ancaq kiməsə çağırış etmək haqda düşünmürəm.

- Keçmiş Müsavat funksioneri İbrahim İbrahimlinin də partiyanıza qoşulacağı bildirilir...  

- Xeyr, bu da əsassız iddiadır. Sözün açığı məndə bu haqda məlumat da yoxdur. İbrahim bəylə də tez-tez görüşürük. Hələlik o belə niyyəti olduğunu bildirməyib.

- Tanınmış insanların partiyanıza qatılması mümkündürmü? Bu istiqamətdə hansı işlər görüləcək?

- Təbii ki, partiyanın təşkilatlanması, güclənməsi üçün belə niyyətimiz var. Bu istiqamətdə fəaliyyət göstərəcəyik. Amma hələlik kiminsə adlarını çəkə bilməyəcəm. Sözsüz ki, belə hadisə olanda mətbuatda geniş məlumat veriləcək.

- Rəsul Quliyevlə yeni görüşlər nəzərdə tutulubmu?

- Qeyd edim ki, Rəsul bəylə bu yaxınlarda görüşmüşəm. Demək olar ki, hər gün mən onunla əlaqə saxlayıram. Partiya ilə bağlı və eləcədə digər məsələlərlə bağlı biz fikir mübadiləsi aparırıq.

- ACP-nin bundan sonrakı proseslərdə iqtidarla münasibətlərinə yenidən baxılacaqmı?

- Biz ACP olaraq demokratiyanın tərəfdarıyıq. Azərbaycanda demokratiyaya keçd qaçılmazdı, zəruridir. Biz ölkə daxilində bu proseslərin demokratik yolla davam etməsinin tərəfdarıyıq. Bu baxımdan Azərbaycan hakimiyyəti ciddi bir addım atmalıdır. Hakimiyyət indiki durumda yalnış siyasətini davam etdirəcəksə, təbii ki, gərginlik qaçılmaz olacaqdır. Bir sözlə qeyd edim ki, Azərbaycanda demokratik islahatlar etmək istəyən bütün qüvvələrlə biz əməkdaşlıq etməyə hazırıq.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar