Modern.az

Azərbaycanla yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına TƏSİRLƏRİ

Azərbaycanla yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına TƏSİRLƏRİ

12 Oktyabr 2020, 11:29

Sentyabrın 27-də Ermənistan hərbiçiləri Azərbaycan mövqelərinə hücum edərək təxribat törətdikdən sonra Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlayaraq işğal edilmiş ərazilərimizin bir hissəsini azad edib. Ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar Ermənistanda siyasi gərginliyin artmasına və Ermənistan ordusunun şəxsi heyətinin böyük hissəsinin məhv edilməsinə gətirib çıxarıb. Bu da Ermənistana hərbi və siyasi baxımdan əsaslı sürətdə zərər verməkdədir. Lakin hərbi qarşıdurma Ermənistana yalnız siyasi və hərbi cəhətdən deyil, eyni zamanda iqtisadi cəhətdən də əhəmiyyətli zərər verir. Pandemiya ilə əlaqədar olaraq onsuzda uzun müddətdir ki, Ermənistan iqtisadiyyatında böyük problemlər mövcud idi. Hərbi qarşıdurma isə həmin problemlərin daha da böyüməsinə və yeni problemlərin yaranmasına yol açır. Ona görə də hərbi qarşıdurma bitdikdən sonra da uzun müddətli perspektivdə Ermənistan yaranan iqtisadi problemlərdən əziyyət çəkməli olacaq. Hərbi qarşıdurma şəraitində Ermənistan iqtisadiyyatı üçün yaranan əsas problemləri nəzərdən keçirək.

 

Dövlət büdcəsi

Ermənistanda pandemiya başladıqdan sonra hökumətin pandemiyanı səmərəli şəkildə idarə edə bilməməsi virusun sürətli şəkildə yayılmasına və bunun nəticəsində də iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmuşdu. İstər iqtisadi aktivliyin zəifləməsi nəticəsində dövlət büdcəsinə daxilolmaların azalması, istərsə də iqtisadiyyatın dəstəklənməsi və əhaliyə yardım edilməsi məqsədilə dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması büdcə xərclərinin həcmini əhəmiyyətli sürətdə artırmışdı. Nəticədə, Ermənistan hökuməti 2020-ci il üçün büdcə layihəsinə apreldə yenidən baxmalı olmuşdur. Büdcə xərclər artdığından və büdcə gəlirləri azaldığından  yeni büdcə layihəsində büdcə kəsrinin həcmi əhəmiyyətli sürətdə artmışdı. Belə olan şəraitdə Ermənistan hökuməti əlavə xarici borclanmaya gedərək dövlət büdcəsinin kəsrini maliyyələşdirmək məcburiyyətində qalmışdı.

Azərbaycana qarşı təxribat törətdikdən sonra isə Azərbaycanın həyata keçirdiyi uğurlu əməliyyatlar Ermənistanın hərbi xərclərinin kəskin sürətdə artmasına və iqtisadi problemlərin daha da dərinləşməsinə yol açır. Ona görə də Ermənistan hökuməti məcbur qalaraq sentyabrın sonunda 2020-ci ilin dövlət büdcəsinə yenidən baxmalı olmuşdur. Daha sonra Ermənistan parlamenti büdcəyə ikinci dəfə dəyişikliklərin edilməsi ilə bağlı hökumətin təklif etdiyi layihəni təsdiqləmişdir. Yeni dəyişikliklərə əsasən büdcə xərcləri 84 milyon ABŞ dolları[1] (bundan sonra dollar) həcmində artırılacaq. Nəticədə, yeni büdcədə büdcə xərclərinin ümumi məbləği 3.44 milyard dollar həcmində olacaq ki,  bu da ÜDM-in 26.5%-ni təşkil edəcək. Yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan iqtisadiyyatında müşahidə edilən geriləmələr eyni zamanda vergi gəlirlərinin də azalmasına şərait yaradır. Buna görə də dəyişikliklərdə vergi gəlirləri ilə bağlı proqnoz da pisləşdirilmişdir. Yeni proqnoza görə, ilin sonuna vergi gəlirləri apreldə büdcəyə edilmiş dəyişikliklər ilə müqayisədə 236.67 milyon dollar azalaraq 2.77 milyard dollara bərabər olacaq. Bu isə ilkin proqnozla müqayisədə büdcə gəlirlərinin 590 milyon dollardan çox və ya 17.5% azalması deməkdir.    

Büdcə xərclərinin artması və büdcə gəlirlərinin azalması isə büdcə kəsrinin əhəmiyyətli sürətdə artmasına yol açır. Belə ki, yeni proqnoza əsasən büdcə kəsri 963.9 milyon dollara çatacaq. Bu isə ÜDM-in 7.4%-i deməkdir. Bundan əvvəl aprel ayında edilmiş dəyişikliklərdən sonra büdcə kəsri ilkin büdcədə müəyyən ediləndən 2 dəfədən çox artaraq 663.3 milyon dollar səviyyəsinə və ya ÜDM-in 5%-i səviyyəsinə çatması proqnozlaşdırılırdı. Sonuncu dəyişikliklər isə büdcə kəsrinin il ərzində 3 dəfə artmasına səbəb olacaq. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hələ aprel ayında büdcə kəsrinin 663.3 milyon dollar həcmində olmasına hüquqi baxımdan imkan vermək üçün Ermənistan büdcə kəsri üçün müəyyən edilmiş məhdudiyyətin artırılmasına məcbur olmuşdu. Büdcə kəsri ilə bağlı məhdudiyyətlər büdcə kəsrinin maliyyə təhlükəsizliyi baxımından təhlükə yaratmayacağı səviyyədə müəyyən edilir. Ona görə də məhdudiyyətin artırılması və büdcə kəsrinin il ərzində 3 dəfəyə qədər artması Ermənistanın maliyyə təhlükəsizliyini sual altında qoyur.

Aydındır ki, Ermənistanda hazırda mövcud olan iqtisadi vəziyyət büdcə xərclərini daha çox artırılmasını tələb edir. Bu tələbin yaranması həm hərbi sahədə xərclərin kəskin şəkildə artmasından, həm virusun yayılması və müharibəyə görə iqtisadi aktivliyin kəskin azalmasından, həm də ölkədə mövcud olan sosial problemlərin dərinləşməsindən irəli gəlir. Lakin büdcə xərclərinin kəskin artırılması imkanları mövcud deyil. Bu isə büdcə gəlirlərinin formalaşdırılması mənbələrinin dar olmasından irəli gəlir. Təkcə müharibədə Ermənistana dəyən böyük maliyyə zərəri ilə müqayisədə büdcə xərclərinin artırılması üçün nəzərdə tutulan 84 milyon dollar çox az vəsaitdir. Ona görə də hökumət iqtisadiyyatın zəruri həddə maliyyələşdirilməsini həyata keçirə bilməyəcək. Onu da nəzərə alsaq ki, Ermənistanın hərbi xərcləri bundan sonra da artmaqda davam edəcək və Ermənistan hökuməti işğal olunmuş torpaqlarda yerləşən təbii ehtiyatların qanunusuz olaraq istismarı nəticəsində əldə etdiyi gəlirlərdən məhrum olub, o zaman maliyyə vəziyyətinin daha da pisləşəcəyini proqnozlaşdırmaq olar.   

 

Dövlət borcu

Ermənistan hökuməti sərbəst maliyyə resurslarına malik olmadığından artan büdcə kəsrini maliyyələşdirmək üçün həmişə olduğu kimi xarici borc cəlb etmək məcburiyyətində qalacaqd. Qeyd edək ki, son illərdə, xüsusilə də 2016-cı ildən sonra Ermənistanın dövlət borcu sürətlə artmaqdadır. 2019-cu ildə Ermənistanın dövlət borcu (80%-dən çoxunu xarici borc təşkil edir) 7.324 milyard dollar səviyyəsinə çatmışdı. Daha sonra aprel ayında büdcə layihəsinə dəyişikliklər qəbul ediləndə məlum oldu ki, Ermənistan hökuməti həm büdcə kəsrini, həm də dəstək proqramlarını maliyyələşdirmək üçün 532.3 milyon dollar əlavə borc götürməli olacaq. Bu isə dövlət borcunun 7.26%, xarici borcun isə 9.2% artması demək idi.

Lakin, statistik rəqəmlər göstərir ki, təkcə aprel-avqust aylarında Ermənistanın dövlət borcu daha çox yəni 700 milyon dollar həcmində artmışdır. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın dövlət borcunun artımı proqnozları üstələyir (əlavə borc götürmək ehtiyacı yarandığından) və ya hökumət borcun artımını məqsədli sürətdə daha az göstərməyə çalışır. İndiki halda isə büdcə kəsrinin maliyyələşdirilməsi və digər maliyyə xərclərini qarşılamaq üçün Ermənistan hökuməti 532.3 milyon dollardan əlavə 825 milyon dollar xarici borc cəlb etmək məcburiyyətində qalacaq. Bu isə 2019-cu il ilə müqayisədə Ermənistanın dövlət borcunun 18.5% artması deməkdir.

Dövlət borcunun sürətli şəkildə artması onun iqtisadiyyatda rolunun hansı səviyyədə olduğunu müəyyən etmək üçün istifadə edilən dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin Ermənistanda əhəmiyyətli sürətdə pisləşməsinə yol açacaq. Qeyd edək ki, bu göstərici Ermənistanda 2018-ci ildə 51.3%, 2019-cu ildə isə 50% səviyyəsində olmuşdur. Ermənistan hökumətinin özünün verdiyi məlumata görə, qeyd edilən borc vəsaitləri cəlb edildikdən sonra dövlət borcunun ÜDM-ə nisbəti 60% həddini keçərək kritik həddə, yəni 67%-ə çatacaq. Qeyd edək ki, bu göstərici 2019-cu ildə Azərbaycanda 18%, Gürcüstanda isə 42% səviyyəsində olmuşdur.

Ümumiyyətlə, dövlət borcunun səviyyəsi ilə bağlı iki cür yanaşma mövcuddur. Birinci yanaşmaya görə, əgər sərfəli faiz şərtləri ilə xarici borc əldə etmək imkanı varsa, o zaman xarici borcun artırılması səmərəlidir. Çünki həmin vəsaitləri gəlirli investisiya layihələrinə yönəltdikdə qaytarılan faizdən daha çox gəlir əldə etmək imkanı yaranır. İkinci yanaşmaya görə isə xarici borcun artması dövlətin maliyyə sistemi üzərində təzyiqlərin və onun kreditorlardan asılılığının kəskin artmasına səbəb olur. Onu nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatının fəaliyyət imkanlarının geniş olmaması orada böyük gəlirlər gətirən investisiya layihələrinin həyata keçirilməsinə imkan yaratmır, o zaman birinci yanaşmanın Ermənistan iqtisadiyyatı üçün uyğun olmadığını görürük. Ermənistanda cəlb edilən xarici borcun əsasən büdcə ilə bağlı yaranan problemlərin həllinə yönəldilməsi də onu göstərir ki, bu vəsaitlər investisiya layihələri üçün istifadə edilmir. Ona görə də Ermənistanın dövlət borcu artmaqda davam edir və bu maliyyə sistemi üzərində təzyiqləri kəskin şəkildə artırır.

Bəzi erməni iqtisadçılar isə qeyd edirlər ki, son aylar Ermənistanda dövlət borcunun artmasının əsas səbəbi daxili borclanmanın artmasıdır. Ermənistanın təqdim etdiyi statistik rəqəmlər göstərir ki, aprel ayında daxili borcun ümumi dövlət borcunda payı 21.5%, sentyabrın sonuna isə 24% səviyyəsində olmuşdur. Lakin, Ermənistanda daxili borclanma imkanları çox zəifdir. İstər iqtisadiyyatın həcminin kiçik olması, istərsə də maliyyə bazarlarının çox zəif inkişaf etməsi daxili borclanma imkanlarını azaldır. Bu baxımdan daxili borclanma ilə bağlı göstəricilərin nə dərəcədə həqiqəti əks etdirməsi sual doğurur.

Son illərdə Ermənistanın dövlət borcunun artım dinamikası onu göstərir ki, böhran olan dövrlərdə dövlət borcu daha sürətlə artmağa başlayır. Təsadüfi deyildir ki, 2016-ci ildən sonra dövlət borcunun daha sürətlə artması müşahidə edilir. Bu isə onu göstərir ki, 2016-ci ildə baş verən “Aprel Müharibəsi” Ermənistanda iqtisadi vəziyyətə əsaslı formada təsir etmişdir. Onu nəzərə alsaq ki, hazırkı qarşıdurma daha böyük əhatəyə malikdir və Ermənistanın hərbi sahədə itkiləri 2016-cı il ilə müqayisədə dəfələrlə çoxdur o zaman bu hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına daha böyük zərbə vuracağını və buna görə də Ermənistanın xarici borcdan asılılığının əsaslı formada artacağını deyə bilərik. Dövlət borcunun sürətlə artması isə onun 2021 və 2022-ci illərdə elə həddə çatmasına imkan yarada bilər ki, ÜDM-in artımı mümkünsüz olar. Bu halda Ermənistan iqtisadiyyatı dərin böhranla qarşılaşmış olacaq və iqtisadiyyatın inkişaf etdirilməsi imkanları kəskin şəkildə daralacaq.

 

Ümumi Daxili Məhsul

Eyni zamanda Ermənistan hökuməti ilin sonuna ÜDM-in artım proqnozunu da pisləşdirmişdir. Beynəlxalq maliyyə təşkilatları tərəfindən Ermənistanda ÜDM-in daha çox azalacağı proqnozları verilsə də Ermənistan hökuməti aprel ayında ÜDM-in 2% azalacağını, avqust ayında isə 5% azalacağını proqnozlaşdırırdı. Lakin, hərbi xərclərin artmasından sonra Ermənistan hökuməti ÜDM-in 6.8% azalacağını proqnozlaşdırdıqlarını bəyan etmişdir. Aprel ayında büdcəyə edilmiş dəyişikliklərdən sonra ilin sonuna ÜDM-in həcminin ilkin proqnozdan 1.25 milyard dollar daha az, yəni 13.277 milyard dollar səviyyəsinə düşəcəyi proqnozlaşdırılsa da bu ay qəbul edilmiş proqnozlara görə isə ÜDM-in həcmi 320 milyon dollar daha az yəni 12.957 milyard dollar səviyyəsində olacaq. Eyni zamanda Ermənistanın milli valyutasının ucuzlaşması ÜDM-in dollar ifadəsində azalmasına yol açacaq ki, bu da Ermənistanın iqtisadi mövqeyinin daha da zəifləməsinə səbəb olacaq. Ermənistanın hərbi xərcləri artdıqca və müharibədən sonra yaranacaq iqtisadi vəziyyət ÜDM-in daha çox daralmasına səbəb olacaq.   

 

Digər iqtisadi risklər

Ermənistan iqtisadiyyatı ilə bağlı risklərdən biri də onunla bağlıdır ki, müharibə ilə əlaqədar olaraq Ermənistanın xərclərinin artması xarici valyuta ehtiyatlarının kəskin azalması ilə nəticələnəcək. Onsuzda cari il ərzində Ermənistanın xarici valyuta ehtiyatları azalmaqda idi. Belə ki, 2019-cu ilin dekabr ayı ilə müqayisədə hazırda Ermənistanın xarici valyuta ehtiyatları 8.6% azalaraq 2.62 milyard dollara çatmışdır. Hərbi xərclərin artması isə xarici valyuta ehtiyatlarının daha çox azalmasına şərait yaradacaq ki, bu da Mərkəzi Bankı xarici borc vəsaitləri cəlb etmək məcburiyyətində qoyacaq və xarici borcun daha çox artmasına şərait yaradacaq.

Digər tərəfdən isə hərbi qarşıdurma ilə əlaqədar olaraq Ermənistanın milli valyutası ucuzlaşmağa başlamışdır. Ümumiyyətlə, valyutanın ucuzlaşması Ermənistanda pandemiya ilə əlaqədar olaraq iyun ayından etibarən başlamışdır və tədriclə davam etməkdədir. Hərbi vəziyyətlə əlaqədar olaraq yaranan problemlər iqtisadiyyata təsir etməyə başladıqca valyutanın ucuzlaşması sürətlənəcək. Onun ucuzlaşmasının qarşısını almaq üçün isə Mərkəzi Bank xarici valyuta ehtiyatlarından istifadə etmək məcburiyyətində qalacaq. Bu da öz növbəsində valyuta ehtiyatlarının azalmasına səbəb olacaq. Bu halda da Ermənistan xarici borclanmaya getməli olacaq. Onu qeyd etmək yerinə düşər ki, hələ hərbi qarşıdurma başlamamış sentyabrın əvvəlində hökumətin iclasında pandemiya ilə əlaqədar olaraq təhsil müəssisələrinin maddi təminatını gücləndirmək üçün rezerv fondunun ehtiyatlarından istifadə müzakirə ediləndə Ermənistanın maliyyə naziri qeyd etmişdi ki, rezerv fondu üzərində yük çoxdur və fondda mövcud olan maliyyə vəsaitləri hesabına məktəblərin maddi təminatının yüksəldilməsini həyata keçirmək mümkün olmayacaq. Halbuki bunun üçün tələb olunan məbləğ cəmi 1.3 milyon dollar idi. Bu bir daha onu göstərir ki, Ermənistanda böyük maliyyə problemləri mövcuddur və bu hərbi qarşıdurma nəticəsində Ermənistan iqtisadiyyatının ciddi maliyyə böhranı ilə üzləşməsinə səbəb olacaq.

Digər tərəfdən isə pandemiyanın ikinci dalğasının Ermənistanda başlaması və sentyabrın əvvəlindən etibarən gündəlik yoluxma sayının artması iqtisadi böhranın daha da dərinləşməsi üçün şərait yaradır. Bununla əlaqədar olaraq səhiyyə sahəsində xərclərin artması, iqtisadi aktivliyin zəifləməsi və sosial xərclərin artması ümumi maliyyə xərclərinin əsaslı sürətdə artmasına yol açacaq ki, bu da iqtisadi vəziyyətin daha da gərginləşməsinə imkan yaradacaq. Döyüşlərdə Ermənistan ordusunun şəxsi heyətində böyük itkilərin olması ilə yanaşı Ermənistan hökumətinin pandemiya ilə bağlı yaranacaq sosial problemləri həll edə bilməməsi isə sosial narazılığın kəskin şəkildə artmasına və siyasi böhranın dərinləşməsinə səbəb olacaq.

 

Nəticə

Ermənistan iqtisadiyyatının hazırkı vəziyyəti və gələcəyi ilə bağlı apardığımız təhlillər ilkin göstəricilərə əsaslanır. Hərbi qarşıdurmanın daha uzun zaman çəkməsi və itkilərin daha sürətlə artması isə Ermənistanda iqtisadi vəziyyətin proqnozlarda qeyd ediləndən daha çox pisləşməsinə səbəb ola bilər. Təsadüfi deyildir ki, artıq reytinq agentlikləri Ermənistan iqtisadiyyatının reytinqlərini pisləşdirməyə başlamışdır. Reytinqlərin pisləşməsi isə Ermənistanın xarici borc cəlb etmək imkanlarını azaldır və ya daha bahalı borc cəlb etmək məcburiyyətində qoyur. Bu xarici borca olan ehtiyacı aybaay artan dövlət üçün böyük zərbə deməkdir. Ermənistanda borc cəlb etmədən iqtisadiyyatın sonrakı mövcudluğu mümkün deyildir. Bahalı borc cəlb etdikdə isə sonra həmin borcun qaytarılması öhdəliyi yaranır. İqtisadi vəziyyətin pis olması isə borcu qaytarmaq imkanlarını azaltdığından borcu borcla qaytarmaq məcburiyyəti yaradır ki, bu da dövlət borcunun durmadan artmasına səbəb olur. Reytinqlərin azalması təkcə dövlət üçün borcların cəlb edilməsini çətinləşdirmir. Eyni zamanda investorlar üçün iqtisadiyyatın cəlbediciliyini azaldır ki, bu da iqtisadi inkişafda böyük rol oynayan xarici investisiyaların azalmasına səbəb olur. Ermənistanın daxili investisiya imkanları zəif olduğundan bu onun üçün böyük problemlər yaradacaq.

Özünün işğalçılıq siyasəti və iqtisadiyyatının yanlış idarə edilməsi nəticəsində Ermənistan çətin iqtisadi vəziyyətə düşmüşdür. İqtisadiyyatın əksər istiqamətləri üzrə yaranan vəziyyətdən çıxış yolunun xarici borcla əlaqəli olması isə ölkənin kreditorlardan asılılığının artmasına, başqa sözlə desək iqtisadi azadlığının məhdudlaşmasına yol açır. Bu isə uzun müddətli perspektivdə Ermənistan iqtisadiyyatının milli maraqlara uyğun şəkildə inkişaf etməsini əngəlləyir. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi hərbi əməliyyatlar və əldə etdiyi nəticələr Ermənistanın iqtisadi baxımdan çox zəif bir ölkəyə çevrilməsinə və onun digər dövlətlərdən, o cümlədən qonşu ölkələrdən asılı vəziyyətdə qalmasına səbəb olacaq. Ermənistan torpaqlarımızın işğalını nə qədər çox davam etdirərsə, bir o qədər çox iqtisadi problemlər yaratmış olacaq və bir o qədər də çox iqtisadiyyatı inkişaf etdirməkdə və sosial problemləri həll etməkdə çətinlik çəkəcək. 

 Müəllif: Orxan Bağırov- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, aparıcı məsləhətçi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir