Modern.az

Daha iki döyüşən jurnalist medalla təltif olunub - FOTOLAR

Daha iki döyüşən jurnalist medalla təltif olunub - FOTOLAR

Media

26 Dekabr 2020, 11:30

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallları ilə təltif edilməsi haqqında sərəncamları daha iki jurnalistə şamil olunub.

Modern.az
 xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif edilən bir leytenant və bir baş leytenant da jurnalistdir.

Belə ki, Media Hüquqları İnstitutunun təmsilçisi, jurnalist Xalid Ağaliyev həm "Cəbrayılın azad olunmasına görə", həm də "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Leytenant Xalid Ağaliyev Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə xidmət edir.

X.Ağalıyev ali təhsilini BDU-nun Hüquq fakültəsində alıb. Bir neçə qəzetdə müxbir işləyib. Sonra jurnalistlərin maarifləndirilməsi, informasiya azadlığı və media qanunvericiliyinin inkişafı ilə bağlı layihələrdə çalışıb. “Gün işığı bələdçisi” və “Media etikası” kitablarının həmmüəllifidir. Hazırda Media Hüquqları İnstitutunun təmsilçisidir.

***

Prezidentin dünənki sərəncamı əsasında "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunum baş leytenant Mail Əsgərov da jurnalistdir. O, ARB24 telekanalının əməkdaşıdır.

M.Əsgərov sentyabrın 30-da müharibəyə gedib. Füzuli istiqamətində döyüşlərə qatılıb. 15 gün burada gedən ağır döyüşlərdə iştirak edib. Sonra düşmənin atdığı minamyot mərmisinin partlaması nəticəsində iki yerdən yaralanıb və təcili olaraq arxada yerləşən Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakıya aparılıb.

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə iştirak edib.

40 gün xəstəxanada müalicə alandan sonra evə buraxılıb.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır