Modern.az

Yaqub Zurufçunun şəhidlər və şəhid analarının şərəfinə ucaltdığı “musiqi abidəsi” - VİDEO

Yaqub Zurufçunun şəhidlər və şəhid analarının şərəfinə ucaltdığı “musiqi abidəsi” - VİDEO

Mədəni̇yyət

18 Yanvar 2021, 13:07

Güneyli-quzeyli Azərbaycanımızın görkəmli, vətənpərvər oğlu Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının, Qarabağ uğrunda haqq döyüşlərinin ön sıralarında olmuş, “Ayrılıq” və digər vətənpərvər mahnıları ilə öz mübariz səsini xalqın səsinə qatmış, Vətənimizin xoş günlərinin çarçısı olmuşdur. Böyük el məhəbbəti qazanmış ustad müğənni ötən illərdə olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə  xeyir-dua diləmiş, 30 ilə qədər işğal altında qalmış hər kəndimiz, şəhərimiz düşməndən azad edildikcə sevincindən göz yaşlarını saxlaya bilməmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə sonsuz inam bəsləmişdir.


Lakin möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, mərdliklə, qəhrəmancasına  vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri Yaqub bəyin də qəlbində ağır bir daşa çevrilmişdi. Və o, öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir “musiqi abidəsi” ucaldıb. Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqu sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsidir. Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm bir də heç vaxt üzünü görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün laylay kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə çatdırır dinləyiciyə.


Şəhid analarının qəlbinə az da olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyası mahnını kövrək duyğular üzərində bəstələyərək, həm də həzin bir tərzdə, Vətən uğrunda canlarından keçmiş  igid Azərbaycan oğullarına sonsuz  məhəbbətlə ifa edən sevimli sənətkarımız Yaqub Zurufçunun və mahnının ürək titrədən sözlərinin müəllifi Solmaz xanım Şirvanlılnın şəhidlərimizin ölməz ruhuna böyük, əbədi ehtiramlarının ifadəsidir.  

 


Rəhman ORXAN

 

Aşağıda mahnını və onun sözlərini təqdim edirik.

  

Ağlama, anam, mənə...

 

Mən səni əlllərimlə

Haqq yoluna saldım,

Sənin xəyallarınla,

Baş-basa qaldım.

 

Necə də xoşbaxt idim

Nəfəsini duyunca.

Qulağım səsdədir

Qarabağ boyunca.

 

Bir gün acı xəbəri

Gətirdilər mənə,

Sənin qanlı nəşini  

Yetirdilər mənə...

 

İndi yuxularıma

Qonaq gəlirsən,

Əynində qanlı köynək  

Bağrımı dəlirsən.

 

Ana, haqqını bağışla, 

Alnını açıq saxla,

Məni yerlərdə deyil,

Səmalarda soraqla.

 

Ağlama gəl, ay ana,

Axı mən ölməmişəm,

Vətənimi, elimi

Özgəyə bölməmişəm.

 

Ana, mən zirvələrin

Zirvəsindəyəm.

Ucadır şəhid adım,

Könüllərdə diriyəm.

 

Ağlama, anam,  mənə,

Röyalarda  gələcəm,

Boynuna gül dolayıb,

Göz yaşını siləcəm!..

 

Solmaz Şirvanlı

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı