Modern.az

Azadlığın doğum günü

Azadlığın doğum günü

Aktual

19 Yanvar 2021, 20:34

 

Hər şeyin bir başlanğıcı var. 70 il uyuduğu yuxudan ayılmış, silkənib ayağa durmuş bir xalq bir əzablı, keşməkeşli, eləcə də şərəfli bir yolun başlanğıcında idi. Onu nə vahiməli tankların səsi, nə gecənin düzənini pozan güllə yağışı, nə də qocalmış, əldən düşmüş qəddar imperiyanın qəzəbi qorxudurdu. Bu xalq ilk onda bir yumruq kimi birləşməyin nə olduğunu anladı, uşağından, qocasından, qadınından asılı olmayaraq bir amala susadı – Azadlıq. O şaxtalı yanvar gecəsi öz müstəqilik, öz taleyini özü həll etmək iqtidarında olmaq istəyi çıxartdı insanları küçələrə. Əli yalın, silahsız insanlar doğma şəhəri sinələri ilə, əlləri ilə imperiya quzğunlarından qorumağa çalışdı.

 

70 il inanmışdı o imperiyaya, onun Qızıl Ordusuna. Amma bu sehr bir gecədə yox oldu. Keçmiş Sovet Ordusunun 1990-cı il yanvarın 19 dan 20-nə geçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixin səhifəsinə yazıldı. Bakıya yeridilmiş orduya xüsusi tapşırıq verilmiş və bu tapşırıq qəddarlıq və vəhşiliklə həyata keçirilmişdir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

 

İlk o gecə anladı bu millət ki, türkün türkdən başqa dostu yoxdur, 70 il ona “böyük qardaş”lıq edərək məngənədə saxlamış Sovet İttifaqı deyilən bir qurum xalqın azadlıq, müstəqillik səslərini silah gücünə, əliyalın insanların qanını axıdaraq boğdu.

 

20 Yanvardan bir yol aldı Azərbaycan xalqı. Başına nələr gəldi, nələr yaşadı bu 30 ildə. Mənfur, məkirli, ikiüzlü havadarlarına arxalanan erməni təcavüzkarları torpaqlarımızı işğal etməyə başladı. Tarix səhnəsində görünməmiş Xocalı soyqırımı törədildi, 1 milyondan artıq insan dogma yurd-yuvalarından köçkün düşdü, oba-oba, el-el yurdlarımız düşmən çaynağına keçdi, Qarabağ, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı boynu bükük 28 il öz həqiqi sahiblərinin qayıdacağı günü gözlədi.  Gözlədi, səbrlə, dişini-dişinə sıxaraq gözlədi. Və o gün gəldi.

 

20 Yanvardan yol alan bir xalq 2020-ci ilin payızında dizlərini yerə dayayaraq, var gücünü toplayaraq, Ali Baş Komandanına güvənərək ayağa qalxdı. Qamətini düzəltdi, igid oğullarını harayladı və 30 il ərzində canlarından keşmiş minlərlə şəhidimizin qisasını almaq, Vətənini düşməndən təmizləmək, Qarabağı azad etmək üçün bir yumruq kimi birləşdi. 20 Yanvar günü boynunu şəhid məzarlarında bükmüş qərənfillər qamətini dikəltdi, şəhidlərin baş daşındakı şəkillərdən gözləri güldü. O gün Azadlığın doğum günü idi. Bu gün o Azadlığımızın yaşının üstünə yaş gələn gündür. Gün gələcək gözünün içinə dik baxdığımız, vüqarına arxalandığımız o Azadlıq yüz illikləri arxada qoyacaq, amma onun doğum gününü hamı xatırlayacaq.

 

 

Dilrubə Sərdarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir