Modern.az

Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI?

Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI?

26 Yanvar 2021, 10:40

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunacaq.


Bu barədə BŞTİ-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, pandemiya səbəbindən BŞTİ-nin tabeliyindəki məktəblərin fəaliyyətində fasilə yarandığı dövrdən başlayaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib:

"1 fevral tarixindən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə keçid dövrünə hazırlıq çərçivəsində də İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri aparılır. Həmçinin, təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilir, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılır, maarifləndirici lövhələr yerləşdirilir və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılır.

Eyni zamanda, ümumi təhsil müəssisələrinə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimati göstərişlər verilir.

Həmçinin, təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

Ümumi təhsil müəssisələrinin əyani tədrisə hazırlığı istiqamətində digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi də davam etdirilməkdədir.

Hazıda Bakı şəhərinin ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi normal qaydada davam edir".


Təhsil İdarəsi ümumi təhsil müəssisələrinin istilik təminatı məsələsinə də aydınlıq gətirib. İdarədən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir:


“BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin istilik sistemi ilə bağlı öncədən ilkin monitorinqlər aparılıb. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilib və  aşkarlanmış nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülüb.

Tüstü borularının təmizlənməsinə, sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək, bu barədə müvafiq qaydada müraciət olunub və təxirəsalınmaz tədbirlər görülüb.

Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə yanaşı, sistemdə qarşıya çıxan cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır. Mövsüm ərzində hər hansı problem yaranarsa, onlar da operativ həll olunacaq.

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 134-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 171-i fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan da uğurla çıxacağını söyləməyə əsas verir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir