Modern.az

“Mənim üçün ağlamayın...” - Ruhu Qarabağda dolaşan ŞƏHİD

“Mənim üçün ağlamayın...” - Ruhu Qarabağda dolaşan ŞƏHİD

12 Fevral 2021, 09:18

Şəhidlik əbədi ucalıqdır. Elə bir ucalıqdır ki, hər kəsə bu ucalığa yüksəlmək nəsib olmur. Allah ən sevimli bəndələrinə bu ucalıqda qərar tutmağı bəxş edir. Bu Vətən savaşında da minlərlə şəhid verdik. Onlardan hər birinin adı xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı, əbədi yaddaşlara həkk olundu. İllər keçəcək, nəsillər dəyişəcək, çox şeylər unudulacaq. 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarla bir millət olaraq başımızı uca edən, alnımızdakı qara ləkəni öz qanları ilə yuyan şəhid eloğlularımız isə heç vaxt unudulmayacaq. Daim hörmət və ehtiramla xatırlanacaq, yad ediləcəklər. Onların unudulmaz simaları sənət əsərlərində nəsillərin görüşünə gələcək, adları küçə və meydanlara, təhsil və mədəniyyət müəssisələrinə veriləcək, bir sözlə, tarix yazan bu Vətən fədailərini tarix heç zaman unutmayacaq. Belə unudulmaz qəhrəmanlardan biri də şəhid Əyyub Rasim oğlu Süleymanovdur.


Əyyub gözlərimiz önündə böyüyüb, boya-başa çatıb, çalışdığım məktəbin şagirdi olub. Tərbiyəsi, ədəb-ərkanlı davranışı ilə şagird yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrilib. Onunla bağlı yalnız xoş xatirələr qalıb yaddaşımızda. Bir də daim gülümsər üzü... O, 9 aprel 2001-ci ildə ailəsinin müvəqqəti məskunlaşdığı İmişli rayonunda anadan olub. 2007-ci ildə ailəsi ilə birgə Biləsuvar rayonu ərazisində salınmış 7 saylı Cəbrayıl köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış və həmin il qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayonu İ. Tahirov adına Mehdili kənd orta məktəbin birinci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin IX sinfini bitirərək, təhsilini Cəbrayıl Rayon Peşə Məktəbində davam etdirmiş, 2018-ci ildə həmin məktəbi başa vuraraq “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” peşəsinə yiyələnmişdir. Amma Əyyub hərbçi olmaq, gələcək taleyini bu sahə ilə bağlamaq arzusunu həmişə dilə gətirib, hərbi işə can atıb.

10 aprel 2019-cu il tarixdə - ad gününün sabahı həqiqi hərbi xidmətə yollanıb. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə bölüyündə xidmət edib. Dəfələrlə ailəsinə Fəxri Fərmanlar, Təşəkkür məktubları göndərilib. 30 dekabr 2019-cu il tarixli, hərbi hissə komandiri Vüqar İsbəndiyarovun imzaladığı Təşəkkür məktubunda oxuyuruq:

“Hörmətli Süleymanovlar ailəsi! Nəzərinizə çatdırırıq ki, hal-hazırda oğlunuz Əyyub əsgəri xidmətini bizim hərbi hissədə keçirir. Özünü qısa müddətdə nizam-intizamlı, qorxmaz, cəsur və igid Azərbaycan əsgəri kimi göstərmişdir. Ona həvalə olunmuş silahı mükəmməl öyrənir, azğın düşmənin məhvi üçün onun imkanlarından məharətlə istifadə etməyə hazırdır. Hərbi hissədə vətənpərvərliyi, qayğıkeşliyi ilə yoldaşlarının və hərbi hissə komandanlığının dərin hörmətini qazanıb. Xidmətinə və nümunəvi intizamına görə dəfələrlə komandanlıq tərəfindən təşəkkürə layiq görülüb.
Müstəqil Azərbaycanın dövlət mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda öz əsgəri borcunu layiqincə yerinə yetirir. Azərbaycanın etibarlı müdafiəçisi kimi oğul tərbiyə edib böyütdüyünüzə görə sizə təşəkkür edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, halal və nəcib əməyinizdə uğurlar arzulayırıq. Əyyub kimi oğlunuz olduğu üçün fəxr edə bilərsiniz. Sağ olun. Hörmətlə: Hərbi hissənin komandiri”.


Təşəkkür məktubu Süleymanovlar ailəsini - Əyyubun atası Rasim kişini, anası Şüşən xanımı, bacısı Gülnurəni, ailə yaxınlarını, əzizlərini sevincə qərq eləmişdi. Əyyub Süleymanov addım-addım hərbçi olmaq arzusuna yaxınlaşırdı. Hərbi hissə komandanlığına da bu barədə arzularını bildirmişdi. İl yarımlıq hərbi xidmət müddətinin başa çatmasına bir neçə gün qalırdı. Sentyabrın 27-də düşmənin təxribata əl atması və təxribatın qarşısını almaq məqsədilə Ordumuzun əks hücuma keçməsi barədə şəxsi heyətə məlumat verildi və hərbi hissə döyüş hazırlığı vəziyyətinə gətirildi. Əyyub, baş leytenant Fuad Paşayevin bölüyü tərkibində kəşfiyyatçı olaraq döyüşlərə atıldı. Onun ata yurdu Cəbrayıldan başlayan döyüş yolu Qubadlı, Laçın... rayonlarında davam etdi. Bu rayonların azad olunmasında fədakarlıqlar göstərən eloğlumuz Laçın uğrunda gedən qızğın döyüşlərdən birində, noyabr ayının ilk günündə bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alaraq şəhid oldu. Bu barədə ailəyə noyabrın 3-də məlumat verildi və sabahısı günü qəhrəman şəhidimiz torpağa tapşırıldı.


Şəhidimiz babası Əyyub kişinin adını daşıyırdı. Əyyub kişi Qumlaq kəndinin hörmətli kişilərindən idi. İki oğul, beş qız böyüdüb boya-başa çatdırmışdı. Rasim kişi də gələcək arzularını yeganə oğlu Əyyuba bağlamışdı. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Şəhid atası Rasim kişi nə qədər çətin də olsa, oğlu barədə fəxrlə, qürur hissi ilə söz açır: “Əyyubun şəhid olduğu mənə əvvəlcədən əyan olmuşdu. Onsuz da müharibə ilə bağlı yuxumuz yox idi. Səhərə yaxın bir az mürgüləmişdim ki, gördüm həyətdə üstümə od tökülür. Yoldaşım çağırdı ki, kənara çəkil, od-alov səni yandıracaq. Dedim ki, bu od-alov onsuz da məni yandıracaq, hara qaçım ki?!...Əyyub kişik yaşlarından Cəbrayılımızla, doğma kəndimiz Qumlaqla maraqlanır, tez-tez suallar verirdi. Böyüyüb hərbçi olacağını, doğma torpaqlarımızı azad edəcəyini deyirdi. Döyüşlər zamanı bir neçə dəfə çox çətinliklə də olsa, oğlumla əlaqə saxlaya bildik. Doğma rayonumuzun yağılardan azad edilməsində iştirakına görə çox sevinirdi. Deyirdi ki, bütün torpaqlarımızı azad edəcəyik. Bu Qələbədə oğlum Əyyubun da payı oldu. İstərdim ki, yurd yerimizdə fəaliyyətə başlayacaq kənd məktəbimizə oğlumun adı verilsin...”.


Şəhidin bacısı Gülnurə də qardaşı haqqında həmişə olduğu kimi qürurla, iftixar hissi ilə danışdı. Çox acı təəssüf hissi ilə bildirdi ki, dayısı balaca Yusifin üzünü yalniz şəkillərdə və videokadrlarda gördü. Onu görəcəyi gün üçün olduqca səbirsizlənirdi. Amma çox təəssüflər olsun ki, qismət olmadı: “Qardaşım xalqına, dövlətinə, bayrağına sadiq oğul idi. Onun bu sevgisi xidmət etdiyi hərbi hissədə də özünü göstərirdi. Elə ona görə də hərbi hissənin döyüş bayrağı qardaşım Əyyuba həvalə edilirdi. Son dəfə onunla oktyabr ayının 6-da əlaqə saxlaya bildim. Dedi ki, öz dədə-baba yurdumdayam. Hər şey ola bilər. Şəhid olsam ağlamayın...”.


Ana üçün oğul itkisi sözlə ifadə edilməsi mümkün olmayacaq dərəcədə ağırdır. Qəhrəman oğullarımızdan söz düşəndə belə bir deyim yada düşür: “Hər oğuldan oğul olmaz, doğan ana, ana gərək...”.

Şüşən ana belə qeyrətli, məğrur, vətənpərvər bir Azərbaycan qadınıdır. Başını uca tutan şəhid anasıdır. Oğlu ilə fəxr etdiyini dilə gətirən ana bu sözləri dedi:

“Oğlum hər zaman torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmağa can atırdı. Bu onun ən böyük arzusu idi. Öz arzusuna çatdı oğlum... Mən qalib Ordunun qalib Əsgəri olaraq onun boynuna sarılmaq istərdim... Noyabr ayının üçünə qədər bu görüşün xəyalında idim. Həmin gün oğlumun yaralanması xəbərini gətirdilər. Sən demə...”.


Şəhid Əyyub Rasim oğlu Süleymanovun göstərdiyi qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əyyub Süleymanov “Vətən uğrunda” medalı ilə təltif olunub. O, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medallarına da layiq görülüb.

Xidmət etdiyi hərbi hissə tərəfindən də şəhidimizin qəhrəmanlığı yüksək qiymətləndirilib.


Cismin Biləsuvar torpağında olsa da, ruhun küllü Qarabağda, doğma Cəbrayıldadır. Böyük Qələbənin sevincini yaşaya bilməsən də, inanıram ki, ruhun şaddır. Yurd yerlərimizə, o cümlədən ata yurdun Qumlaq kəndinə həyatın bahasına da olsa, ilk cığır açanlardan oldun. Sən bir əbədiyyət yolçususan. Şəninə nəğmələr qoşulacaq, dastanlar yazılacaq, əbədi xatırlanacaqsan. Əbədiyyətə gedən yolun mübarək, şəhidim!


Hidayət SƏFƏRLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir