Modern.az

Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı

Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı

Aktual

27 Fevral 2021, 12:21

Dinamik inkişaf tempinə malik olan Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkəmizdə sosial siyasətin inkişaf dinamikasının yüksələn qrafikə malik olması təkzibolunmaz reallıqdır. Ölkədə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

 

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə şəhid ailələrinə və qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı mövcuddur.

25 fevral 2021-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzilləri təqdi etdi. Kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. O cümlədən ötən il Naftalan şəhərində də 12  fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi  əlillərinə təqdim edildi. 

Müharibədən az müddət keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olundu, təqdim edildi. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilibdir. Həmçinin, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. O cümlədən, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış  bir ölkədir. Ölkəmiz qələbənin əldə olunması üçün illər ərzində bütün gücünü səfərbər edib, həm beynəlxalq aləmdə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və ən əsası ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görürdü.

 

Hazırda işğaldan azad edilən Qarabağ regionunun iqtisadi potensialına və milli resurslarına yenidən sahib olan Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsinə çevrilib.

Möhtərəm Prezidentimizin bu gün önəm verdiyi məsələ-Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması respublikamızın beynəlxalq nəqliyyat-kommunikasiya, habelə dəhliz layihələrində də bundan sonra daha fəal iştirakını gücləndirəcək.

Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması üçün yeni imkanlar yaranıb. Ermənistanın beynəlxalq birliyin Azərbaycan əraziləri kimi tanıdığı bölgəni təxminən 30 il işğal altında saxlaması 1 milyon azərbaycanlı məcburi köçkünün böyük əzablar çəkməsinə səbəb olub. Bundan başqa, həmin ərazilər genişmiqyaslı dağıntılara məruz qalıb. Əvəzində Ermənistanın işğalçı siyasəti onun beynəlxalq təcridinə, xaricdən asılılığına, iqtisadi və demoqrafik tənəzzülünə yol açıb.

 

Hazırda Ermənistanda siyasi ab-hava ağır və gərgin vəziyyətdədir. Düşmən ölkənin istər müxalifəti, istərsə də iqtidarı heç bir normal gələcək mövzusunu gündəmə gətirə bilmir. Bununlada ölkələrimiz arasındakı fərq göz qabağındadır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan məsuliyyətli ölkədir, Azərbaycanın Müzəffər Ali Baş Komandanı və Şanlı Ordusu var.

Azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındıran Qələbə xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Xalqımız bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi dövlət başçımızın ətrafında birləşəcək.

 

Naftalan ziyalısı:  Elman Alıyev  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir