Modern.az

Zalsburqdakı Azərbaycan Evində Xocalı tədbirləri keçirilib

Zalsburqdakı Azərbaycan Evində Xocalı tədbirləri keçirilib

3 Mart 2021, 15:48

 

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

 

"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalıya həsr olunmuş sərgi təşkil edilib. Sərgidə Xocalı soyqırımına həsr olunmuş kitablar, broşürlər, posterlər və digər çap materialları nümayiş etdirilib.

 

Azərbaycan Evinin qarşısında isə “Xocalıya ədalət” yazılmış böyük banner yerləşdirilib. Bannerin önündə uşaq oyuncaqları, güllər düzülüb, şamlar yandırılıb. Sərgiyə gələn və bu ərazidən keçən yerli sakinlərə Xocalı şəhərində baş verən dəhşətli soyqırım aktı barədə ətraflı məlumat verilib. Sərgi yerli ictimaiyyətin böyük marağına səbəb olub, sakinlərə Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu broşürlər paylanıb, 10 000 broşür isə əhalinin poçt qutularına salınıb.

 

Azərbaycan Evində baş tutan anım mərasimi isə Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına duaların oxunması ilə başlayıb.

 

Tədbirdə Azərbaycan Evinin rəhbəri Fərid Əzizov çıxış edərək, Xocalı sakinlərinə qarşı törədilmiş soyqırım aktını insanlığa sığmayan dəhşətli cinayət adlandırıb. Bildirib ki, dünya birliyinin Xocalı soyqırımını tanıması, Xocalı soyqırımını planlaşdıran və icra edənlərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində qətiyyətli addımlar atması mühümdür, çünki yalnız beynəlxalq ictimaiyyətin qəti tədbirləri Cənubi Qafqaz regionunda erməni faşizminin qarşısını birdəfəlik ala bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı