Modern.az

Deputatlar İlqar Məmmədova CAVAB VERDİLƏR: “Qeyri-ciddi danışır”

Deputatlar İlqar Məmmədova CAVAB VERDİLƏR: “Qeyri-ciddi danışır”

3 May 2021, 10:00

ReAl partiyasının sədri İlqar Məmmədov icra başçıları həbs edilən rayonların deputatlarını könüllü istefa verməyə çağırıb.
Onun fikrincə, əgər hüquq-mühafizə orqanları icra başçılarını aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və deputat indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməyibsə, istefa verməlidir.

Modern.az saytının əməkdaşı icra başçısı həbs edilən bəzi rayonların deputatları ilə əlaqə saxlayıb.


Salyan-Neftçalanın deputatı Fəzail Ağamalının
sözlərinə görə, hər kəs öz əməlinə görə məsuliyyət daşıyır:

“Bu, çox qeyri-ciddi yanaşmadı. Deputat icra başçısı ilə rüşvət almaqda, korrupsiyada ortaq olub ki, İlqar Məmmədov bu təklifi irəli sürüb? Hər kəs öz əməlinə görə məsuliyyət daşımalıdı. Həbs edilən icra başçılarının törətdiyi cinayət əməllərinin deputatlara heç bir aiddiyəti yoxdur. Ona görə bu yanaşmanı mən çox məntiqsiz hesab edirəm”.


İmişlinin deputatı Razi Nurullayev
qeyd edib ki, İlqar Məmmədovun məntiqsiz fikirləri, təklifləri o həddə çatacaq ki, artıq heç kim ona fikir bildirməyəcək:


“Düzünü desəm, İlqar Məmmədovun fikirləri məni çox təəccübləndirdi. Həbsdən azad olunandan sonra o, ancaq təzadlı fikirləri ilə yadda qalır. Bu təklif tam məntiqsiz, mənasız və deputatlara sataşmaq üçün deyilən bir fikirdi. Ümumiyyətlə, onun mənasız və məntiqsiz fikirləri o həddə gəlib çatacaq ki, artıq heç kim ona fikir bildirməyəcək.

İcra başçısını deputat təyin etmir, icra başçısı deputat qarşısında məsuliyyət daşımır. Sadəcə,  millət vəkili həmin ərazidən seçilmiş deputatdır. Onda belə çıxır ki, hər hansı bir şəxsin cinayəti olacaqsa, deputat buna görə məsuliyyət daşıyıb istefa verilməlidi. İlqar Məmmədova belə bir sual verək: əgər o deputat olsaydı, belə bir hadisədən sonra istefa verərdimi? Təbii ki, yox.

Maraqlıdır ki, İlqar Məmmədov son zamanlar xalqın, millətin əleyhinə olan təkliflər verir. Mənə elə gəlir ki, ya bunları bilərəkdən edir ya da özünü millətin gözündən salmaq istəyir. Onsuz da o, bu günə qədər qeyri-standart açıqlamaları ilə gözdən düşüb. Bu cür işlərdənsə, gedib öz partiyasının quruculuğu ilə məşğul olsun”.  


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir