Modern.az

Oğlunun ad günündə şəhid olan polkovnik-leytenant - “Kobra” ləqəbli zabitin döyüş yolu - FOTOLAR

Oğlunun ad günündə şəhid olan polkovnik-leytenant - “Kobra” ləqəbli zabitin döyüş yolu - FOTOLAR

4 May 2021, 13:25

Məşhur bir deyim var: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”.


Bəli, 30 illik həsrətə son qoyan, torpaqları yağı düşməndən qan bahasına geri alan Azərbaycan əsgəridir. Şanlı Ordumuz Ermənistanın təxribatlarının qarşısını almaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün 2020-ci il sentyabr ayının 27-dən etibarən zəfər yürüşünə başladı, 10 noyabrda qələbə çaldı. Şəhidlərimiz qan bahasına aldığı torpaqları özlərindən sonra bizə miras qoydu.


Modern.az
 saytı “Vətəni yaşadanlar” rubrikasında qəhrəman igidlərimizi hər kəsə tanıtmağa davam edir. Bu dəfə haqqında danışacağımız şəhid “Kobra” ləqəbli polkovnik-leytenant Xeyrulla İbrahimovdur.

Arayış: Şəhid polkovnik Xeyrulla İbrahimov 1971-ci ildə aprelin 19-da Bakı şəhərində anadan olub. Əslən İsmayıllı rayonundandır. 1988-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini başa vuraraq, Ukraynadakı Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olub və 1992-ci ildə həmin məktəbi artilleriya ixtisası üzrə bitirib.

Həmin vaxtdan N saylı hərbi hissədə haubitsalı artilleriya divizionunun qərargah rəisi, divizion komandirinin müavini təyin edilib. Xeyrulla İbrahimov 1992-ci ildə Azərbaycanın ən gənc hərbi hissə komandiri olub. Həmin il Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü il iyunun 24-də ona "baş leytenant" hərbi rütbəsi verilib. 1994-cü ildə Füzuli rayonunda işğalçı ermənilərlə döyüşdə yaralanıb.  

1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə Artilleriya divizionunun komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı artilleriya divizionunun komandiri vəzifəsində xidmət edib. 1997-ci il iyunun 30-da isə "bapitan" hərbi rütbəsi verilib.

Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib.
2004-cü il iyunun 30-da ona "polkovnik-leytenant" hərbi rütbəsi verilib.

2011-ci ilə qədər Orduda xidmət edən Xeyrulla İbrahimov daha sonra Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılıb. 


Xeyrulla İbrahimovun hərbi ləqəbi “Kobra” olub.


Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun haqqında daha ətraflı anası Xalidə İsmayılov Modern.az-a danışıb.



“Gəlinimin dərdinə dözə bilmirdim, indi də oğlum...”

Deyilənə görə, Xeyrulla İbrahimov 44 günlük savaşa qeyri-adi şəkildə çağrılıb. Onun vətən sevdasını bilən keçmiş hərbçi dostlarından biri Bakıdan artileriyaçı siyahısı tələb olunanda Xeyrulla İbrahimovun da adını xəlvətcə həmin vərəqə qeyd edib ki, vaxtilə “Kobra”nın ordudan tərxis olunmasını “təşkil edənlər” bundan xəbər tutmasınlar.

Sınaq atışına çağırılan Xeyrulla İbrahimov 9 illik fasilədən sonra bir atışla 2 “düşmən hədəfi”ni məhv edir və hamını məəttəl qoyur. Beləcə onu Bakı korpusu üzrə artileriya rəisi təyin edirlər. 


“Xeyrulla övladım olduğu üçün demirəm, çox yaxşı, vətəni, insanları sevən, dəyər verən bir oğul idi. Ukraynada yaxşı oxuduğuna görə onu orada saxlamaq istəyiblər, amma Azərbaycanda müharibə başlayanda dözməyib geri döndü və müharibəyə getdi.

Oğlum Vətən müharibəsinə getməzdən 4 ay öncə yoldaşı Pərvanə xərçəng xəstəliyindən dünyasını dəyişdi. Belə bir xəstəliyinin olmağından xəbərimiz yox idi, belindəki yırtığı əməliyyat etdirən zaman xəstəliyi üzə çıxdı. Həkimlər artıq gec olduğunu, müalicənin xeyri olmayacağını dedilər. Onu həyatda saxlamağa gücümüz çatmadı. 11 ay sonra 40 yaşında vəfat etdi. Mən gəlinimin yoxluğuna, dərdinə dözə bilmirdim. İndi oğlumun yoxuğuna necə dözüm?”.


Xeyrulla İbrahimov II Qarabağ savaşına qədər düz, 9 il taksi sürücüsü kimi çalşıb, ailəsini dolandırdırmaqla məşğul olub.


“Ondan mənə yadigar iki övladı qaldı: biri qız, biri oğlan. Qızı Xətai rayonu İcra Hakimiyyətində işləyir. Oğlu isə Türkiyənin Sakarya Universitetində təhsil alır.


Övladları ataları ilə fəxr edir. Ataları ilə xatirələrindən danışıb, hər gün yada salırlar.

Getdiyi gün gecə saat 12-də mənə zəng etdi. “Ana, mən Tərtərə gəldim. Çox yaxşı qarşıladılar, bütün generallar mənimlə görüşə gəldi. Mən artileriya vasitələtini yenidən yoxladım, mövqelər düzgün qoyulmamışdı. Bütün mövqeləri dəyişdim. Yaxşı bir atış baş tutdu. Ermənilərin texnikasını kütləvi şəkildə məhv etdik” dedi. Həmin günün səhərisi də Füzuliyə yola düşdülər. Müharibədə göstərdiyi qəhrəmanlığına görə onu Bakı korpusu üzrə Artilleriya rəisi təyin etmişdilər”.  


Bəzi məlumatlara görə, I Qarabağ müharibəsində onun qətli üçün ermənilər pul mükafatı ayırıblarmış. Bu informasiyanı Rusiya mediası da təsdiqləyib.

I Qarabağ müharibəsində ermənilərə qan udduran artileriyaçı savaşdan sonra da müxtəlif hərbi vəzifələrdə çalışıb. 1992-ci ildə müharibədə qəlpə yarası alanda Xeyrullaya hələ o zaman Heydər Əliyev “gələcəyin Əliağa Şıxlınıskisisən” deyib.


2009-cu ildə  hərbi hissə komandiri təyin olunan Xeyrulla İbrahimov iki il sonra ordudan tərxis olunub. 


Son görüş, son telefon zəngi...

“Övladımı sonuncu dəfə 2020-ci il sentyabrın 28-i gördüm. Evə gəlib müharibə başladığını və cəbhəyə yollanacağını dedi.

Oğlum sənin yoldaşın 4 aydır ki, rəhmətə gedib, iki övladın var, onları kimə tapşırıb gedirsən?” söylədim. O isə “onları Allaha tapşırıram!” dedi.
Xeyrulla 20 ilə yaxın hərbçi kimi xidmət etdiyinə görə ermənilərin mövqeyini yaxşı bilirdi. Mənə “Ana, mənim bildiyim mövqeləri hər kəs bilmir” dedi. Nə qədər “getmə” desəm də, bizi Allaha tapşırıb yola düşdü.
Peşəsini ürəkdən sevdiyi üçün evdə hərbiyə aid heç bir şey danışmazdı. Zəng edəndə də ancaq yaxşı olduğunu, övladlarından müğayət olmağımı istəyirdi.


Ən sonuncu telefon zəngini qardaşına edib. Oktyabrın 26-da, günorta şəhadətə yüksəlməzdən təxminən 1 saat əvvəl danışıblar. Qardaşına “əməliyyata gedirəm, vacib sözün yoxdursa, telefonu söndürüm” deyib. Həmin gün Xeyrullanın oğlunun doğum tarixi idi. Çox diqqətçil adam olmasına baxmayaraq, oğlunu təbrik etməyib. Mən də dəfələrlə onun nömrəsini yığdım ki, “oğlunu təbrik elə” deyim. Amma telefonuna zəng çatmadı. Artıq hiss etdim ki, oğlumu itirmişəm”.


“İnşallah, şəhadətə yüksələrəm” deyirmiş...

“Oğlum hər danışanda “İnşallah, şəhadətə yüksələrəm” deyirdi. Sanki müharibəyə o arzu ilə getmişdi. Döyüş yoldaşları, dostları Xeyrulladan ağız dolusu danışırlar. Polkovnik yoldaşına “mən bura vətənim üçün şəhid olmağa, şəhadətə yüksəlməyə görə gəlmişəm” deyib.

O, arzusuna çatdı, qəhrəman kimi şəhid oldu. Biz də onsuz qaldıq...”.



Şəhid anasının gileyi...


“Xeyrullanın tabeliyində vuruşmuş hərbçilərə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriblər. Amma mənim dağ boyda oğluma, Vətən uğrunda canını qurban verən polkovnik-leytenanta bu adı layiq görməyiblər. Mən şikayət etmirəm. Bilirəm ki, Ali Baş Komandanımızın hər xırda problemdən xəbəri ola bilməz. Ona bunu deyən lazımdı.

Mən dövlətdən heç nə istəmirəm. Sadəcə, oğlumun ruhunun şad olması üçün dövlət tərəfindən ona status verilsin.

Mən sual vermək istəyirəm: qəhrəmanlıq etmək üçün oğlum daha nə etməli idi? Bu suala  cavab vermələrini istəyirəm...

Vətən üçün şəhid oldu, vətən də ona dəyər versin”. 


Polkovnik-leytenant Xeyrulla İbrahimov 2020-ci ilin 26 oktyabr tarixində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olub.


Şəhidimiz ölümündən sonra Prezidentin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.


Allah rəhmət etsin! Ruhun şad olsun, qəhrəman şəhid!

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi