Modern.az

Buraxılış imtahanlarında maksimum bal toplayan şagird: “Xaricdə təhsil alacam”

Buraxılış imtahanlarında maksimum bal toplayan şagird: “Xaricdə təhsil alacam”

7 May 2021, 12:23

15-16 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında maksimum nəticə (300 bal) göstərmiş yeganə şagird Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin 11-ci sinif şagirdi Ruslan Məsimovdur.

Abituriyent Modern.az-a bundan sonrakı təhsil planları haqqında danışıb. Ruslan Mənsimov qeyd edib ki, ali təhsilini birinci ixtisas qrupu üzrə almaq istəyir, amma xaricdə..


“Hazırda ali təhsil üçün Türkiyə, Çexiya, Koreya universitetlərinə müraciət göndərmişəm, hara qəbul olunsam, ora gedəcəyəm. Çox güman ki, Türkiyə universitetlərinə qəbul olunmaq şansım daha çoxdur, oradakı 7-8 universitetə müraciət göndərmişəm. Orada təhsil səviyyəsinin daha yüksək olduğunu düşünürəm”.

Rekordçu məzun ixtisas seçimi kimi kompüter elmlərini düşünür:

“Əslində buraxılış imtahanından maksimum nəticə gözləmirdim, 280-290 bal topladığımı düşünürdüm. Ən yüksək göstərici mənim üçün də sürpriz oldu.

Qəbula hazırlaşan abituriyentlərə də imtahanlarla bağlı özlərini çox sıxmamağı məsləhət görürəm. Buna ehtiyac yoxdur, əsas da yuxusuz qalmaq olmaz. Çünki həm fiziki cəhətdən yorğun olursan, həm də motivasiyan aşağı düşür”.

Gələcək planı mütəxəssis kimi yetişdikdən sonra Azərbaycana qayıdıb, burada çalışmaq olan Ruslan bunun üçün yaxşı imkanları vacib sayır:


“Əslində təhsil alacağım xarici ölkədən Azərbaycana qayıdıb-qayıtmayacağımı indidən deyə bilmərəm. Qərarımın nə olacağını gələcək göstərəcək. Yaxşı iş təklifləri olarsa, əlbəttə qayıdaram. Amma təhsilim və buradakı imkanlarım uyğunlaşmasa, oxuyacağım ölkədə qalıb, fəaliyyətimi davam etdirə bilərəm”.



Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir