Modern.az

Habil Əliyevi əvəz edə bilən kaman ifaçısı varmı...

Habil Əliyevi əvəz edə bilən kaman ifaçısı varmı...

15 May 2021, 09:20

Azərbaycanda bir sıra sənətkarlar özünəməxsus ifa tərzi ilə cığır açıblar. Həyatdan köçsələr belə, öz ifaları ilə daimi olaraq yaddaşlarda qalıblar. Belə unudulmaz musiqiçilərdən biri də mərhum Xalq artisti Habil Əliyevdir. Azərbaycanda kamançanın adı çəkiləndə ağlımıza birinci Habil Əliyev gəlir. O, kamançasının ovsunlu ifaları ilə Azərbaycan muğamlarına, xalq mahnılarına, bütövlükdə musiqi dünyamıza yeni bir çalar gətirmişdi.  Onun kamanından qopan kövrək pıçıltını, həzin nəğməni, harayı sözlə ifadə etmək çətindir. Ustadın kamançada ifa etdiyi muğamlar, xalq havaları, təsnifləri dinlədikcə, sanki möcüzəli dünyaya düşürdün... O, sənətinin fədaisi idi...

Kamançada çalanlarımız çox olub. Habil Əliyevdən öncə də, sonra da. Habil Əliyev yalnız dinləyiciləri, tamaşaçıları deyil, həmkarlarını da valeh edən ustad idi.  Amma o, artıq həyatda yoxdur... Bəs bu mahir sənətkarı əvəzləyə biləcək kaman ifaçısı varmı?

Modern.az-ın əməkdaşı bu sualla tanınmış kamança ifaçılarına müraciət edib.


Kamança çalan Toğrul Əsədullayev Habil Əliyevdən başqa da ustad sənətkarların olduğunu bildirib:


“Elman Bədəlov, Tələt Bakıxanov, Fərhad Dadaşov kimi sənətkarlarımız solo ifaya üstünlük vermədikləri üçün daha çox parlamayıblar. Habil Əliyev solo ifaçı kimi daha çox sevilib. Habil Əliyevdən sonra axın davam edib, lakin onu əvəzləyən biri yoxdur. Bir zamanlar ustad sənətkar Ədalət Vəzirov var idi, indi isə Fəxrəddin Dadaşov. Bu ənənə davam edir. Bizim hər birimiz Habil Əliyevin davamçılarıyıq”.


Fəxrəddin Dadaşov
Habil Əliyevin kamança ifaçıları arasında təkrarolunmaz sənətkar olduğunu vurğulayıb:

“O sənətini qoyub getdi. İndi onun kimi olmaq istəyən gənclərimiz var, lakin heç kim Habil Əliyev ola bilməz. Habil Əliyevin sənətini davam etdirən bir nəfər var idi,  Ədalət Vəzirov. O da 51 yaşında dünyasını dəyişdi”.


İsmayıl Həmidov gənc kamança ifaçılarının hər birinin Habil Əliyevin yolu ilə getdiyini, başqa yol olmadığını qeyd edib: “Gənclər Habil Əliyevi görüb bu sənətə gəliblər”.

 

Mehri Qurban

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir