Modern.az

Azərbaycanı yeni zəfərlər gözləyir - Fatma Yıldırım

Azərbaycanı yeni zəfərlər gözləyir - Fatma Yıldırım

Aktual

14 İyun 2021, 15:18

“Müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olmuşdu. Bu dövrdə ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkədə siyasi institutların darmadağın olması, dərin xaos və anarxiyanın güclənməsi, ideoloji əsasların sıradan çıxması, eyni zamanda, xarici təhdid və Ermənistanın işğalçılıq planlarının artması müstəqliyimizi təhlükə altına almışdı”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, belə bir vəziyyətdə ölkəni xilas edə biləcək, milli-ideoloji əsaslarla suveren dövlətçilik institutlarını yaratmaq üçün milli liderə çox ehtiyac var idi.

“Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün Azərbaycan xalqı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini olduqca vacib bilirdi. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının istəyi Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş günü kimi qızıl hərflərlə yazıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu”.

Millət vəkilinin sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı:

“Həmin dövrdə iqtisadiyyat və sosial sektor tamamilə iflas halına gəlmişdi və önəmlisi doğma torpaqlarımız Ermənistanın təcavüzü nəticəsində işğal olunmuşdu. Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əsaslı dəyişikliklərin bünövrəsini qoydu, qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. İqtisadiyyatın inkişafına, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün güclü inkişaf konsepsiyası müəyyən edilərək həyata keçirildi. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır.

 

Fatma Yıldırım qeyd edib ki,  ulu öndər Heydər Әliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 18 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2004-cü ildən tətbiqinə başlanılan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə yol açdı, paytaxtla bölgələr arasındakı fərqin azamasına səbəb oldu. Ötən 18 ildə bütün sahələrdə əhəmiyyətli uğurlar qazanılıb. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib.  Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, Cənub Qaz Dəhlizi layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu sıradadır.
 

“Ən əsası odur ki, biz builki Milli Qurtuluş Gününü ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd edirik. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz erməni işğalçılarını torpaqlarımızdan qovdu, Qarabağımız azad edildi. Hazırda Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir, tezliklə cənnət məkana çevriləcək, insanlar öz doğma yurdlarına qayıdacaq. Beləliklə, Azərbaycanı qarşıda yeni nailiyyətlər, zəfərlər gözləyir”, deyə millət vəkili vurğulayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir