Modern.az

Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...”

Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...”

Aktual

21 İyun 2021, 16:07

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir və yoluxma sayı ikirəqəmlidir. Xəstəxanlarda aktiv xəstə sayı azalmağa doğru gedir. Bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, ciddi artım yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev ölkədə COVID-19-a yoluxmadakı son vəziyyəti dəyərləndirərkən bildirib.


V.Əliyev qeyd edib ki, bu stabilliyi təmin edən əsas səbəblərdən biri peyvəndləmə prosesinin sürətlənməsidir:


“Ümumi olaraq, hazırda 3 milyona yaxın vaksin vurulub ki, bunun 2 milyona yaxını birinci doza üzrə, 1 milyondan çoxu isə ikinci doza üzrə istifadə edilib.

Hazırda Azərbaycanda 4 fərqli peyvənddən istifadə edilir ki, bu da vətəndaşlara seçim imkanı verir. Sevindirici odur ki, məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, yoluxma sayında enişə doğru gedirik”.

 

İnfeksionist yumşalmalar fonunda risk səbəbilə peyvəndləmənin daha da sürətləndirilməsinin vacibliyinə diqqət çəkib:

 

“İstər xarici ölkələrə səfərlərin bərpası, istər ticarət mərkəzlərinin açılması, istər açıq havada maska istifadəsinin götürülməsi riskləri artırır. Amma qapalı məkanlarda maska taxılması çox önəmlidir. Çünki risk tam aradan qalxmayınca, bu qadağaya riayət edilməlidir. İnsanların bəzi imtiyazlardan istifadə etməsi üçün vaksinasiya zəruridir. Bu baxımdan insanlar özləri vaksinasiyaya maraq göstərirlər. Belə olan məqamda qarşıda bizi gözləyən təhlükəyə qarşı hazılıqlı olmuş oluruq. Gələcəkdə təhlükələrdən sığortalanmaq üçün kütləvi vaksinasiya və kütləvi immunitet qazanmalıyıq. Peyvəndlənənlərin sayı nə qədər çox olacaqsa, qarşıdakı təhlükədən bir o qədər sığortalanmış olacağıq”.

 

V.Əliyev deyib ki, qarşıdakı günlərdə karantin rejimində hansısa dəyişiklik edilməsilə bağlı qərarı yalnız Nazirlər Kabienti yanında Operativ Qərargah verə bilər:


“Məhdudiyyətlərin qoyulması və ləğvilə bağlı səlahiyyət Operativ Qərargaha məxsusdur. Məhdudiyyətlərin aradan qaldırılması ümumilikdə ölkədə pandemiyanın nəzarət altına alınmasına dayanır. İkirəqəmli yoluxma sayı 2-3 ay bu şəkildə davam edərsə, təbii ki, məhdudiyyətlər aradan qaldırıla bilər. Amma hansı məhdudiyyətlər, bunun qərarının verilməsi yalnız və yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə daxildir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir