Modern.az

UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR

UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR

23 İyun 2021, 18:14

İyunun 23-də  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və partiyanın fəal üzvləri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə tanış edib.  Öncə universitetin həyətində yaradılan “UNEC şəhidləri” yeni memorial kompleksi ziyarət olunub. 24/7 kitabxana, UNEC Ekstern Mərkəzi, oxu zalı, Yunus Mərkəzi, muzeylə tanışlıqdan sonra görüş akt zalında davam edib.

 

Rektor Ədalət Muradov gənclərə universitetdəki yeniliklərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Dünyanın 13 ölkəsində tanınan UNEC brendinin öz mövqeyini gücləndirərək beynəlxalq QS reytinqində yer aldığını xüsusi vurğulayıb.

 

Rektor tələbə mərkəzli universitetin yaradılmasından, ali təhsil müəssisələrinin rəqəmsallaşdırılmasından, yeni dövrün çağırışlarından da bəhs edib, rəqəmsal təhsilə keçidin qaçılmaz olduğunu bildirib. Gənclərə biliklə yanaşı, peşə kompetensiyalarına yiyələnməyi, innovativ layihələrlə çıxış etməyi tövsiyə edən professor Ədalət Muradov, UNEC-in gənclərin təşəbbüslərinə daim açıq olduğunu bildirib.

 

 YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tanışlıq üçün yaradılan şəraitə görə universitetin rektoru, YAP İdarə Heyətinin üzvü  Ədalət  Muradova təşəkkürünü bildirərək, universitetdə imza atılan  yeniliklər fonunda hədəflərə qısa zamanda nail olunacağından əminliyini ifadə edib,   fəal gənclər arasında UNEC-in  tələbə və məzunlarının çoxluq  təşkil edəcəyini deyib: “YAP Gənclər Birliyinin  yeni formalaşmış tərkibində UNEC-in  məzunları çoxluq təşkil edir. Bu göstərici bir çox məqamları özündə ehtiva edir. Universitetdə yaradılan şərait, səsləndirdiyiniz  çağırışlar gənclərə diqqət və qayğının təzahürüdür.  Gənclərə belə şəraitin yaradılması onların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu imkanlardan bəhrələnərək daha böyük  bilik qazanmaq,  gələcəkdə ölkənin inkişafına töhfələr vermək imkanındadırlar.”

 

Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, universitetlə əməkdaşlığın yeni layihələrin icrası ilə  davam etdiriləcəyinə əminlik ifadə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir