Modern.az

Avropa İttifaqı Şurasına sədrlik Sloveniyaya keçir

Avropa İttifaqı Şurasına sədrlik Sloveniyaya keçir

Dünya

30 İyun 2021, 21:37

İyulun 1-də Sloveniya yarım il müddətinə Avropa İttifaqı Şurasına sədrlik edəcəkdir.

 

Modern.az xəbər verir ki, Aİ-yə üzv olduqdan sonra Sloveniya sədrliyi ikinci dəfə həyata keçirəcəkdir. Sloveniyanın xarici işlər naziri Anje Loqar sədrlik dövrü üçün ölkəsinin prioritet və məqsədləri barədə danışarkən bildirib ki, qarşıdakı yarım il Aİ-nin yaşıl və rəqəmsal islahatlar istiqamətində mühüm paketlər qəbul etdiyi dövrə təsadüf edir. Sədrlik dövrü üzv 27 ölkə və Aİ institutları arasında inteqrasiya və əlaqələrin möhkəmləndirilməsinə, innovativ və kreativ birlik istiqamətində inkişaf üçün səylərin gücləndirilməsinə xidmət edəcəkdir. Sloveniya Aİ-nin inkişafı ilə yanaşı onun strateji müstəqilliyinə də xüsusi diqqət ayıracaqdır. Eyni zamanda pandemiya dövründə əldə edilmiş təcrübə və məlumatlar bütün iqtisadi sahələrin və cəmiyyətin müxtəlif təbəqələrinin inkişafı üçün səmərəli şəkildə istifadə edilməlidir.

 

Qeyd edilməlidir ki, Avropa ölkələrinin mətbuatında sədrlik dövründə Sloveniyanın Baş naziri Yanez Yanşanın oynayacağı rol da diqqət mərkəzindədir. Sağçı mövqeyi ilə seçilən hökumət rəhbəri hüquqi dövlətçilik və ədliyyə sisteminin müstəqilliyi məsələlərində tutduğu mövqeyə görə həm ölkə müxalifəti, həm də Avropa ölkələri tərəfindən tənqid olunur. Y.Yanşa isə sədarətin qəbulu ilə bağlı çıxışında “müqavimət qabiliyyətli və strateji müstəqil Avropa”nın formalaşdırılmasının prioritetlər sırasında yer aldığını elan edib. O, Aİ ölkələrini gələcəkdə pandemiyalar və kiberhücumlara qarşı daha mütəşəkkil hazırlaşmağa çağırıb.

 

Hazırda Aİ Şurasına sədrliyi Portuqaliya edir və sabahdan rotasiya əsasında sıra Sloveniyaya çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir