Modern.az

Yeni milli ideyamız - ZƏNGƏZUR

Yeni milli ideyamız - ZƏNGƏZUR

16 İyul 2021, 16:24

Hər bir xalqın və dövlətin inkişafında milli ideyanın mövcudluğu həlledici rol oynayır. Təbii ki, əgər bu milli ideya ümumbəşəri dəyərlərə zidd getməzsə (nasizim, faşizm kimi). Bu ideyanın ətrafında bütün resurslar toplanır, cəmiyyət özü üçün bir "yol xəritəsi" müəyyən edir. Məqsədə çatmaq üçün bəzən ilk öncə imkansız kimi görsənən nəticələr siyasi və iqtisadi gündəlik olur və onlar reallaşır.


XX əsrin sonlarından etibarən Qarabağ azərbaycanlılar üçün milli ideya oldu. Bu ideya ətafında biz bütün resurslarımızı səfərbər etdik, iqtisadiyyat, xarici və daxili siyasət , təhsil, ordu quruculuğu, bir sözlə hər şey bu hədəfə xidmət etdi. Nəticədə 30 ildən sonra biz təkcə Qarabağı əldə etmədik, çox uğurlara imza atdıq. Biz bu yolda iqtisadi müstəqilliyimizi əldə etdik ( Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars xəttləri, böyük strateji ehtiyatlar, yoxsulluğun azalması, sosial dövlət formatı və s.), regional gücə çevrildik (region iqtisadiyyatının və əhalisinin demək olar ki, 2/3 si bizə aid, Şərq-Qərb, Şimal-Cənub kommunikasiyaların kəsişdiyi tək ölkəyik, regionda istənilən ölkəyə siyasi və ya iqtisadi nüfuzumuz mövcuddur və s.), hərbi gücə çevrildik (ordumuz dünyanın ən güclü 50 ordusundan biridir, dünyanın ən döyüşkən və texnoloji ordularından biridir, azərbaycanlılar dünyada vətən uğrunda döyüşmək isyəyən 1-ci xalqdır və s), inkişaf üçün ən önəmli olan daxili siyasi sabitlik və uğurlu idarəetməyə sahib olduq (Prezident İlham Əliyev öz ağıllı siyasəti, iti ağılı, sözünün sahibi, praqmatikliyi və humanistliyi ilə bütün dünyada tanınan siyasətçidir, ölkə daxilində bütün siyasi qüvvələrin barışığına və parlament idarəçılıyində iştirakına nail olunub və s.), əhalinin maddi rifah halının davamlı olaraq yaxşılaşması və sosial proqramların intensivliyi nəticədində xeyli uğurlara imza atdıq və s... Həm bu nəticələrin hesabına böyük bir gücə çevrildik və düşmənlərimizi darmadağın etdik.


Artıq yeni bir mərhələ başlayır. Ərazilərin bərpası, insanların öz yurduna qayıtması, Xankəndinə, Xocalıya tam nəzarət zaman məsələsidir və biz bunlara nail olacağıq. Amma bəs yeni mərhələdə bizim milli ideyamız nədir? Biz tamamilə yeni bir Azərbaycanıq, bütün dünya bizi güclü, öz hədəfinə çatan, etibarlı, istedadlı bir xalq kimi tanıyır artıq. Bizim qarşımızdakı hədəflər də böyük olmalıdır. Düşünürəm ki, dövlət başçısı bizə bu hədəfi artıq aydın şəkildə göstərməkdədir.


Yeni hədəfimiz və milli ideyamız - ZƏNGƏZURDUR. Zəngəzur hər zaman bizim torpağımız olub. Qədim türk məskənidir. Süni şəkildə, bir kommunist partiyasının bir neçə azərbac vanlı olmayan şəxsinin imzası ilə, bizdən soruşmadan verilib Ermənistana. Zəngəzur bütün türk dünyasının təbii inkişafı yolunun ən mühüm həlqəsidir. Bu suni yaradılmış əngəl aradan qalxmalıdır.


Biz bu milli ideya ətrafında bütün resurslarımızı birləşdirməliyik. Bu həm də bizim digər bütün sahələrdə daha da inkişafımıza gətirib çıxardacaqdır. Düşünürəm ki, Biz özümüzdən sonra gələn nəslə türk dünyasının dünyada hegemonluğuna son əngəl olan bu aşırımı bizə düşmən olanların əlində qoymamalıyıq!


Tahir Mirkişili,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır