Modern.az

Bu tarixi gün daha böyük dəyər alacaq

Bu tarixi gün daha böyük dəyər alacaq

Aktual

6 Dekabr 2021, 16:50

Azərbaycan Ordusunun qələbəsini simvolizə edən Zəfər paradından bir il keçir və illər keçdikcə bu tarixi gün daha böyük dəyər alacaq, xalqımızın qəhrəmanlığının, mübarizliyinin və fədakarlığının rəmzinə, gələcək nəsillərin qürur mənbəyinə çevriləcək.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat paradda Şuşa azad edildikdən sonra mədəniyyətimizin paytaxtında ucaldılan bayrağın nümayiş etdirilməsinin, eləcə də bu tarixi gündə Azərbaycan əsgər və zabitləri ilə yanaşı qardaş Türkiyənin əsgər və zabitlərinin iştirakının böyük məna daşıdığını bildirib:

 

“Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etməsi iki qardaş ölkənin, bir millətin iki dövlətinin daim bir yerdə olduğunu və bundan sonra birlikdə olacaqlarını nümayiş etdirirdi. Bu tarixi hadisə, 2018-ci il sentyabrın 15-də Bakının işğalçı qüvvələrdən azad edilməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradın davamı və möhtəşəm sonluğu idi. Və dünyaya 100 il öncə olduğu kimi Azərbaycan və Türkiyə xalqlarının yenə də birlikdə olduğu mesajını verirdi. Bu parad Qardaşlığın, Birliyin, Həmrəyliyin, zülmə, ədalətsizliyə qarşı sonadək, tərəddüd etmədən mübarizə aparmaq əzminin nümayişi idi”.

 

A/Kərimli Zəfər paradının Azərbaycanın hərbi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilirdi. Paradda Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması isə işğalçılığın, terrorun, düşmənçilyin, başqasının torpağına göz dikməyin sonunun məhz belə olacağını vurğulayır, Azərbaycan xalqına düşmən gözündə baxan hər kəsə aqibətinin məhz belə olacağını bəyan edirdi”.

 

Deputat qeyd edib ki, 44 günlük müharibədə Azərbaycan Ordusu təkcə hərbi üstünlüyünü, döyüş bacarığını deyil, həm də Azərbaycan xalqının mənəvi gücünü nümayiş etdirmişdi və Zəfər paradı, eyni zamanda bu mənəvi gücün, döyüş ruhunun təntənəsi idi:

 

“Azərbaycan Ordusu döyüş meydanında erməni əsgərinin “məğlubedilməzliyi” barədə uydurulan və Ermənistan cəmiyyətinin, siyasi rəhbərliyinin əsas ideoloji söykəncəyi rolunu oynayan bütün miflıri darmadağın etdi, tarixin arxivinə göndərdi. Və Azərbaycan əsgərinin mükəmməl, gerçək obrazını yüksəklərə qaldırdı. Zaman keçəcək, əsgər və zabitlərimizin qəhrəmanlığı təkcə Azərbaycan xalqı üçün deyil, ədalətsizliklə, işğalla qarşı-qarşıya qalan bütün xalqlar üçün nümunəyə çevriləcək və xalqımızın nə qədər böyük mənəvi gücə sahib olduğunu nümayiş etdirəcəkdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır