Modern.az

''İgid bol olarsa basılmaz Vətən''!

''İgid bol olarsa basılmaz Vətən''!

3 Dekabr 2012, 13:17

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Qarabağ, bizim ən ağrılı-acılı yerimiz, dərdimiz, sərimiz, ulu tariximizin yaddaşlarda həkk olunmuş məskənidir. Biz tarixi vərəqlədikcə xalqımızın başına gətirilən o ağır, dəhşətli faciələrin şahidi oluruq. Erməni qəsbkarları ''Böyük Ermənistan'' iddiası ilə xalqımızı qədim dədə-baba
yurdlarından, Qarabağ torpağından çıxarmağa nail oldular.
             

Bu gün bir gənc azərbaycanlı kimi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq hər bir kəsin üzərinə düşür. Gələcəyin gənc jurnalisti kimi bu yöndə araşdırmalar aparmaq, həmin vəhşilikləri dünya mətbuatına çıxarmaq da bizlərin borcudur.
             

Bəlkə də həmin vəhşilikləri qələmə alıb, çatdırmağa yaşım çatmır. Çünki xalqımızın başına həmin vəhşiliklər gətirilərkən mən dünyaya yenicə göz açmısdım. Ona görə də o ağrılı-acılı hissləri, ürək yanğılarını əyani şəkildə hiss ede bilmərəm. Lakin tarixi vərəqlədikcə, xalqımızın başına gətirilən fəlakətləri oxuduqca bir növ özümü həmin hadisələrin canlı iştirakçısı kimi hiss edirəm. Bu ağlasığmaz vəhşilikləri, qadınların, uşaqların, qocaların ürək ağrıdan mənzərələrini  gördükcə ürəyim paralanır, düşmənə qarşı nifrət hissi daim alovlanır. Çünki bu vəhşiliklər heç bir insanlığa sığmaz. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrım bütün insanlığa qarşı edilmiş faciədir.
           

Xüsusilə  Qarabağ hadisələrinə nəzər saldıqca Azərbaycan qadınına qarşı edilmiş ağlasığmaz vəhşilikləri gördükcə ürəyim nifrət hissiylə daha da dolur. Gələcəyin qadını olaraq bir növ özümü onların yerinə qoyur və bütün bu vəhşiliklərə necə dözəcəyimi göz önünə belə gətirə bilmirəm. Azərbaycan qadını dəfələrlə Erməni təcavüzünün ən faciəli  ən ağrılı anlarının şahidi olmuş və bu təcavüzün qurbanlarına cevrilmislər.

 
Azyaşlı qızlara qarşı vəhşi hərəkətlərin  valideynlərin gözü qarşısında uşaqların öldürülməsi  bəşər tarixində görünməmiş müsibətlərdir. Lakin buna baxmayaraq  bu dəhşətli hadisələrin şahidi olmuş qəlbinə və ruhuna sağalmaz yaralar vurulmuş Azərbaycan qadını və uşaqları sabaha dərin inamla yasayır bütün bəşəriyyəti dünyada müharibələrə son qoymağa və sülhü bərqərar etməyə  çağırır.
           

Gənclərin vətənpərvər ruhda böyüməsində, vətənə sədaqətli oğulların yetişməsində valideynlərin  tərbiyəsi ilə yanaşı təhsilin, tədrisin də önəmli rolu vardır. Təbii ki hal-hazırda bu yöndə müsbət mənada addımlar atılmaqdadır. Lakin biz gənclər bütün bunları lazımınca qiymətləndirməli, ilk növbədə savadlı,yüksək dünyagörüşlü bir gənc kimi formalaşmalı, Qarabağ həqiqətlərini bütün dünyaya, hətta gələcək nəsillərə belə təbliğ etməli, vətənimizin sarsılmaz, igid oğulları olduğunu hər kəsə nümayiş etdirməliyik. Çox sevindirici haldır ki, bu gün müxtəlif sahələrdə digər ölkələrdə çalışan təhsil alan gənclərimiz var. Və əminəm ki, həmin gənclər vətənimizin təbliği sahəsində bir çox işlər görürlər. Bu hal bütün gənclərimizin uğuru, vətənimizin baş ucalığıdır.
           

Qarabağımız uğrunda canından keçməyə hazır olan minlərlə gənclərimiz var. Bu gün onlar Mübariz ve Çingiz kimi oğulları göz önünə gətirərək onların qəhrəmanlıqlarından ilhamlanaraq torpaqlarımızı geri qaytarmağa,  cəbhə bölgələrində hərbi xidmətə getməyə, torpaq, vətən uğrunda şəhid olmağa  şövq ilə can atırlar. Mübariz İbrahimov öz qəhrəmanlığı ilə daimi yaddaşlara həkk olundu. Erməni vəhşiliklərinin canlı şahidi olmuş analarımızın, uşaqlarımızın, böyüklərimizin ürəyindəki yanğı hissini bir az da olsa sakitləşdirdi.Şəhidlərimiz rahatlıq tapdı. Çingiz Mustafayev isə bir jurnalist kimi xüsusi örnək alacağımız bir qəhrəmandır. O Azərbaycan - Ermənistan müharibəsinin 1992 -ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, xüsusi reportajlar onun müəllifliyi ilə bütün dünyaya çatdırıldı.  Xüsusilə,  Xocalıda çəkdiyi filmlə bütün dünya Çingizi tanıdı. Və bu filmlə  Ermənistanın imici bütün dünyada sarsıntıya məruz qaldı. Mərmi qəlpəsindən həlak olan Çingiz sonacan kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da  yaşayacağına işarə idi.
         

Bəli bu gün Çingiz, Mübariz kimi gənc qəhrəmanlarımız hələ də bizim qəlbimizdə yaşayır və bizlər gələcək nəsillər olaraq,bu ənənəni davam etdirməli, Qarabağımızın geri alınması, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmalı, lazım gələrsə canımızdan keçməyə, şəhid olmağa belə hazır olmalıyıq. Atalar demişkən, ''İgid bol olarsa basılmaz Vətən''!
         

Mən fəxr edirəm ki,  bizim belə igid qəhrəman gənclərimiz var. Və əminəm ki, gec - tez  Qarabağ problemimiz öz həlli yerini tapacaq. Daha azad, müstəqil, bütöv bir ölkədə əmin amanlıqla,  sülh içində bir həyat sürəcəyik.   
 

Rzayeva Pərvin

Qərb universiteti, 4-cü kurs beynəlxalq
jurnalistika
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir