Modern.az

Vaqif Səmədoğlu: “Hakimiyyəti yalnız İlham Əliyev dəyişə bilər” - MÜSAHİBƏ

Vaqif Səmədoğlu: “Hakimiyyəti yalnız İlham Əliyev dəyişə bilər” - MÜSAHİBƏ

31 Yanvar 2013, 11:53

“Rüstəm İbrahimbəyova münasibət Ramiz Mehdiyevlə bağlıdır”

Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu Azərbaycandakı son ictimai-siyasi durumla bağlı Modern.az saytına müsahibə verib.

- Vaqif müəllim, Prezident yanında Əfv Komissiyasının üzvüsünüz. Bu komissiyanın iclaslarında iştirak edirsinizmi?

- İctimai fəaliyyətlə məşğul olmuram. Səhhətimə görə dediyiniz komissiyanın iclaslarına getmirəm. Başqa səbəblər də var. Ancaq bunları ölsəm də demərəm. Çünki Prezident ve deputat təqaüdü alıram. Üç ailə saxlayıram, iki dənə də it.

- Uzun zaman ölkəmizi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil etmisiniz. Qarabağ məsələsi ilə bağlı düşüncələriniz necədir?

-
Bilirsən nə var, AŞPA özü-özlüyündə bulvardı, Sahil bağıdı. Yığılıb, oturub söhbət edib dağılırlar. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Nə olsun, ortada heç nə yoxdu! Mən 4 il AŞPA-nın üzvü olmuşam. AŞPA-ya ancaq dünyadan xəbəri olmayan insanlar siyasi təşkilat kimi baxa bilər. Necə ki, hər yerdə alver var, AŞPA-da da bu belədir. Son iclasda Ştrasser Azərbaycanla bağlı məruzə etdi. AŞPA bunu qəbul etmədi. Bu, bizim diplomatik qələbəmizidir. Amma Ştrasser əl yeri saxladı, dedi ki, yenə qayıdacaq bu məsələyə. Amma mən tam əminəm ki, o və onun mənsub olduğu çevrə Prezident İlham Əliyevin qəbulunda qaz və neft üçün xahiş edəcəklər. Bunların istəyi budur. Mən orada gördüyümü görmüşəm. Kobolyov kimi ömrünü dəlixanada, türmələrdə keçirən dissident mənə dedi ki, “Vaqif, ermənilər bizim xristianlardı, bunu bilin”.
Ona görə də hesab edirəm ki, itirilmiş torpaqlarımızın azadlığı ancaq müharibə yolundan keçir. Bununla nəsə etmək olar. Bir neçə rayonumuz Cənubi Azərbaycanın hesabına böyük kompensasiya müqabilində alınacaq. İranı federativ dövlət edib, Şimalla Cənubi Azərbaycanı tam olmasa da, qismən birləşdirəcəklər. Bu, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin, Amerika prezidentlərinin və onların üstü olan masonların planıdır. Dünya ictimaiyyəti deyəndə Amerika, Böyuk Britaniya, Almaniya, Fransa yada düşür. İspaniya və  İtaliya bu siyahıdan çıxarılıb. Dünyanın adından ancaq bunlar danışa bilir.

 - Vaqif müəllim, yalnız bu ilin ilk ayında 4 yerdə kütləvi aksiya oldu. Bunları necə qiymətləndirirsiniz?

-
İsmayıllıda adamlar maşınları, binanı yandırmaqla ən ədalətli tələblərini heçə döndərdilər. Belə bir məqamda mənə bizimkilərin dedikləri lazım deyil. Həmin gün bir erməni saytını izlədim. Hələ mən onların belə sevincli olduğunu görməmişəm. Biri yazmışdı ki, deyəsən Gəncəyə yol açılır. Yadınıza 1988-1993–cü illəri salın. Nə zaman ki, Bakıda, Lənkaranda, Gəncədə daxili çaxnaşma olurdu, ermənilər bundan istifadə edib bir-bir rayonlarımızı alırdılar. Bəli, Azərbaycanda ədalətsizlik və özbaşınalıq da var. Amma od vurmaq artıq bolşevizmdi, talandı. Bu hadisələrə sevinmək və “kaş iki-üç rayonda da olaydı” söyləmək o deməkdir ki, sabah Bərdə gedəcək, biri gün Yevlax və s. İndi gəl, burada Azərbaycanın müstəqilliyini saxla. Mümkün deyil, belə olacaqsa bunu Heydər Əliyev belə saxlaya bilməz.

- Kinodramaturq Rüstəm İbrahimbəyov və onun ictimai fəaliyyətinə münasibətiniz necədi?

- Rüstəm İbrahimbəyovla dostuq. Mən onun fikirlərinin hansı biriyləsə razılaşa bilərəm, hansıylasa yox. Bu, başqa məsələdir. Amma o cür namuslu, mədəni, bacarıqlı adama qarşı belə kampaniyanı mən qəbul etmirəm. Nə olub Rüstəmə? Ay Şamaxıda nəyi var, harada nəyi var. Sizinkilərdən çox deyil ki, onun əmlakı. O mənim dostumdur, bir yerdə böyümüşük və dost olaraq da qalacağıq.

- Əkrəm Əylislinin “Daş yuxular” əsəri Ziyalılar Forumuna mənfi təsirini göstərə bilərmi?

- Əgər Əkrəmin əsəri yazılanlar kimidirsə, Foruma misilsiz zərbə vurur. Amma onu da deyəcəm,  Forumun nə istəməsi mənə məlum deyil. Bax biz beşimizin söhbətindən o Forumun iclasları fərqlənmir. Onlar da belə otururlar, söhbət edirlər. Axırda Ramiz Rövşən gözəl şeir deyir, vəssalam. Məni də İctimai Palataya çağırmışdılar. Bir dəfə getdim, ikinci dəfə çağıranda dedim ki, evdə arvadla da danışıram da bunları.

- Rüstəm İbrahimbəyov deyib ki, bu seçkidə mütləq hakimiyyət dəyişməlidir.

-
Bu seçkidə hakimiyəti bir adam dəyişə bilər. O da İlham Əliyevdir. Başqa heç kim. Heç Ramiz Mehdiyev də dəyişə bilməz. Mən İlham Əliyevlə 4 il işləmişəm. Onun bacarığına, gücünə bələdəm. Görülən işləri yüksək qiymətləndirir. Xəyanəti isə bağışlamır. Ekranlarda yumşaq görünür. Düşmənimə də arzulamazdım ki, onun qəzəbinə tuş gəlsin. Heydər Əliyev qəzəbi İlham Əliyev qəzəbinin yanında qərənfildir.

- Sizcə, Rüstəm İbrahimbəyov bu qəzəbə tuş gəlməyib ki?

- Mənə elə gəlir ki, bu, Ramiz Mehdiyevlə bağlıdır. Başa düşün, indi bütün yazıçılardan, ziyalılardan Rüstəm İbrahimbəyov olmağı tələb etmək düzgün deyil. Deyərdim ki, vicdansızlıqdı. Rüstəm İbrahimbəyovun getməyə Moskvası var, San-Fransiskosu var. Atdığı addımlarda da onlara güvənib hərəkət edir.

 

 

 

Elmin Nuri
Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır