Arxiv
16 Dekabr 2013, 13:11 | AKTUAL
İntellektual qələbə taktikası

Əzəl başdan “Nəqliyyatın intellektual idarəetməsi” termini qarmaqarışıq bir yenilik kimi ortaya çıxdı. Dədə-baba qaydasından qəfil olaraq belə bir idarəetməyə keçid zamanı hər kəsin marağını içində boğmamaq üçün sora biləcəyi bir soru ola bilərdi: belə bir intellekt varsa, bunu indiyədək niyə gizlətmişdilər? Bu intellektin səsi tramvay xətti dağıdılanda, şəhərətrafı dəmir yollarının yerində şose yolları çəkiləndə, yeni inşa edilən yollarda əlillərin araba ilə yürüməsi görməzdən gəlinəndə, velosipedlər üçün cığırlar unudulanda, hətta piyadalar üçün zorla yürüyə bilinəcək dar səkilərin üzərinə ildə bir dəfə daş plitələr döşənəndə, yağış və qar sularının axması üçün yeni yollarda heç bir mexanizm düşünülməyəndə niyə ucadan çıxmadı? Bax, indiyədək anlaşılmayan məsələ də budur.

Bizlər guya gələcək haqqında rahatsızlığımızı gözə soxmaq üçün tez-tez bir sənəd hazırlayırıq, adını “Qarabağ məsələsinin həlli yolları” qoyuruq və başlayırıq bütün variantları bir-birinə calamağa. Halbuki bu cür məsələlərin nə qədər həlli yollarını düşünsən də, sonda zınqırovu pişiyin boynuna asacaq hazırlığa sahib bir millət, iradəli, istəkli passionar insan kütləsi yoxdursa, hamısı bir arxivlik sənəd nümunəsindən başqa bir işə yaramayacaq. Ancaq Nəqliyyatın İntellektual İdarəedilməsi bu məsələdə bizləri xeyli ümidləndirmiş olmalı ki, söhbətin lap alt hissələrində bu fikrin açıqlamasını verməyə çalışacağıq. Bəlkə elə bundan ötrü də gözlədilər ki, yollar, nəqliyyat vasitələri bir az sadələşsin və intellekt oturub rahatlıqla uzunmüddətli savaşa hazırlıq strategiyası üzrə idarəetməyə başlasın. Tunellərə və yaxud silsilə dağ massivinə bənzəyən yeni körpülərin salınması, dünyada analoqu olmayan ucsuz-bucaqsız beton yolların çəkilişi, habelə üç-dörd aydan bir təmirə ehtiyacı olan geniş asfalt örtüklü yolların salınması insafən Bakının simasını qısa bir zamanda xeyli dəyişdi və dörd milyona yaxın əhalisi olan bu şəhərdə sürətli inkişafın gözlə görünən əsas artilleriyası oldu. Bununla belə, bu qədər infrastruktur və bu qədər intellektual idarəetmə Bakı şəhərini hələ də tıxaclardan xilas etməyə yaramadı və müvafiq olaraq 20 illik Qarabağ tıxacından sonra Azərbaycan vətəndaşları saatlıq, gündəlik Bakı tıxaclarını da yaşamalı oldu. Üstəlik, bu tıxacların gündən-günə artması saatlarla ayaq üstə əlacsız şəkildə qalan və siqnaldan başqa dili-ağzı olmayan avtomobilləri bir-birini yola verməyə dəvət edən yol polislərinin də ictimai gərəkliliyi və nüfuzu xeyli artmağa başladı. Saatlarla tıxacda qalan sıradan insanlar, qarda, yağışda, küləkdə sifəti büzüşmüş yol polisləri ilə tale birliyi səviyyəsinə varacaq duyğular yaşamağa, mehribanlıqla hal-əhval tutmağa imkan qazandılar. Artıq hansısa ciddi bəhanə də qalmadı, istər ölkəyə gələn maşınların sayının artmasının, istər bir neçə avtomobil dayanacaqlarının tikilməsinin də problemin həllinə təsiri olmadı. Məhz intellektual idarəetmə hər gün yüz minlərlə vətəndaşın dəyərli vaxtını Bakı yollarında keçirməyə və bu minvalla da ölkənin tale yüklü məsələlərini düşünməyə cəlb edə bildi. Minik avtomobillərində sürücülər və sərnişinlər, səkilərdə yürüyən piyadalar, avtobuslarda bir-birinin az qala belinə minməyə məcbur insanlar bir yana qalsın, üstəlik, yerin altındakı metro məmləkətində də tıxaclara görə tunellərdə saatlarla qalmış qatarların içində bir-birinin üzünə əsnəməli olan vətəndaşlar da özləri də hiss etmədən əməlli-başlı YOL adamına çevrilməyə başladılar.

Əslində Bakı sakinlərinin günlük əzabına çevrilmiş tıxacların bu səviyyədə də mürəkkəb bir sistemlə intellektual idarə edilməsinə heç gərək yox idi. Bəs nədən buna gərək duyuldu? Bəli, buradan başlayaraq hər şeyin intellektual izahına zərurət yaranır. Belə bir dünyada analoqu olmayan idarəetməni gerçəkləşdirənlər mövzunun adını da sadə olaraq seçə bilirlər: Nəqliyyat tıxacının intellektual izahı. Və bundan sonra tıxacın vətəndaşlarımız üçün, dövlətimiz üçün, hətta dövlətçiliyimiz ancaq faydalarından danışmaq olardı. Bu zaman vətəndaş da hər dəfə söyüşü-söyüşə calamaz və bu tıxacları faydalı təlim prosesi kimi içinə sindirə bilər.

Biz savaşı uduzmuşuq və uduzduqlarımızı geri qaytarmaq üçün ən azı sözdə mübarizə apardığımızı iddia edirik. Bunun üçün də ordu quruculuğuna böyük-böyük pullar ayırırıq. Bu pullarla ordumuz gücləndirilir və lazım gəldiyində torpaqları düşməndən azad edəcək. Ancaq tək ordu ilə iş yekunlaşmaz ki. Bir də sabah müharibəyə görə təcili səfərbərlik keçirilsə, ölkə əhalisinin haradasa yarıya qədərinin yaşadığı Bakı şəhərinin əsasən kişi cinsinə aid hərbə yararlı bütün sakinləri ordu sıralarında yerini almalıdır. Bu insanlar günlərlə, aylarla isti-soyuğun altında qalmalı, səngərdə müdafiə olunmalı, yaxud da hücuma şığımalıdırlar. Bu iş isə insandan xeyli dözüm, əsəb bütünlüyü tələb edirsə, insanlarımız bu hazırlığı necə və harada keçməlidirlər? Müdafiə Nazirliyi əsgər və zabitləri hər an bizi gözləyən bu günə hazırlayır, bəs mülki həyatda olan vətəndaşlarımızı kim düşünməlidir? Bax, sevindiricidir ki, bu işi səssiz-səmirsiz Nəqliyyat Nazirliyi intellektual formada görməyə davam edir. Həm də bu hazırlıq işi təkcə ölkənin kişi cinsli əhalisi ilə yekunlaşmır, qadın sürücülərin və piyadaların da sayını düşünsəniz, bizim gələcək ordu potensialımızın gücünü təsəvvür edə bilərsinizmi?

Tıxaclarda, doğrudur, insan təhqir olunur, şəxsiyyəti alçalır, təyin etdiyi vaxtda işinə, görüşünə gedə bilmir, xəstələrin xəstəliyi şiddətlənir, sağlamlar əsəb xəstəliyi tapır - nə olsun? Təsəvvür edin ki, hər gün bu yaşam şərtlərinə alışan insan səngərdə darıxarmı, əsəbiləşərmi? Üstəlik də tıxacların bu cür intellektual idarə edilməsi sayəsində hamı Konstitusiyamızda nəzərdə tutulan hüquq və azadlıqlara sahiblik duyğusu yaşayır. Təsəvvür edin ki, haldan düşmüş sovet nostalgiyası olan bir “Jiquli”ni idarə edən vətəndaşımızla amerikan xəyalı olan “Lexus” idarə edən vətəndaş eyni cərgədə və ya qardaşcasına bir-birinin arxasında saatlarla yolun açılmasını gözləyir. Bir fəhlə və ya kiçik məmur öz köhnə maşınından yanında gözləyən bir nazirin arabasının içinə boylana bilirsə, bunun nəyi pisdir? Bu bərabərlik duyğusunu Azərbaycanda başqa hansı şəraitdə yaşaya bilərdiniz? Bu şəhərdə nəqliyyat tıxacının intellektual idarəetməsi sayəsində heç yanğınsöndürən maşınların, təcili yardım ambulanslarının da yekə-yekə özünü fərqləndirməsinə imkan tanınmamışdır. Ha çığır-bağır salsalar da, haqlı edib mədəni ölkələrdən fərqli olaraq, onlara da ayrıca keçid xətti saxlamayıblar ki, məhz hüquq və azadlıqların müqəddəs bərabərliyi pozulmasın.

Bu yazını bağda bazar gününün verdiyi sakitlikdən yararlanaraq yazdığım anda pulunu vaxtlı-vaxtında ödədiyim elektrikin və qazın da xəbərdarlıq edilmədən ənənəvi günlük kəsilməsinin xoş duyğularını yaşamalı oldum. Qətiyyən əhvalımı pozmadım və hətta sevindim ki, savaşa milləti məhz bu cür hazırlayarlar. Korrupsiyanın gətirdiyi bu üstünlüklərin hesabına nəqliyyatın da, elektrikin də, qazın da, bir çox başqa sahələrin də intellektual idarə olunması bizlərdən mətin insanlar hazırlamağa yönəlib və bizlər bunu anlayışla qarşılayıb, ömrümüzün sonuna qədər bu şərtlərdə yaşamağa vərdiş etməliyik.

Bizlər harada intellektsiz idarəetmə var, orada mütləq səsimizi qaldırıb, intellektual idarəetmə tələb etməliyik. Məsələn, ötən günlərdə hava limanına girişdə xarab olmuş keçid avtomatlarından çek götürmədən əraziyə daxil olub, qonağımızı yola saldıq. Geri dönüşdə hər açıq şlaqbaumun yanında bir adam çeksiz-filansız şəhərə qayıdan maşınlardan dədə-baba qaydasında pul yığırdılar. Həqiqətən də bu cür intellektsiz pul yığma əsəblərimə toxundu. Baxmayaraq ki, dünyanın heç bir mədəni ölkəsində hava limanına daxil olanlardan belə pul yığma qaydası yoxdur, ancaq onlarda intellektual idarəetmə olmadığından bunu başa düşmək mümkündür. Təki hər yerdə bu pullar vətəndaşdan intellektlə yığılsın. Mən indiyə qədər intellektual qaydalarla soyulan hansısa Azərbaycan vətəndaşının etirazına rast gəlmədim. Xalq intellektual idarəetmədən və hətta intellektual soyulmadan yanadır və buna kimsənin şübhəsi olmasın. Qaldı ki, tıxaclar məsələsinə, bu bilərəkdən düşünülmüş qarşıdakı Vətən savaşına hazırlıq taktikasıdır və buna görə hər birimiz addımbaşı Nəqliyyat Nazirliyinə söyüşlərimizi deyil, sevgi və şükranlarımızı göndərməliyik. Bu bir intellektual qələbə taktikası olaraq dəyərləndirilməlidir və hamılıqla müharibə havasında yaşamağa vücudumuzu və ruhumuzu alışdırmalıyıq.

İnanmıram hələ ermənilərin ağlına bu cür hazırlıq taktikası gəlsin. Biz mütləq qalib gələcəyik!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05