Modern.az

Fransızların “məhəbbət alması” - Pomidorun bilmədiyimiz faydaları

Fransızların “məhəbbət alması” - Pomidorun bilmədiyimiz faydaları

4 May 2014, 21:55

Pomidor süfrələrimizi bəzəməklə, iştahamızı artırmaqla yanaşı, həm də sağlamlığımız üçün ən faydalı tərəvəzlərdən biridir.

Modern.az-ın məlumatına görə, pomidor öz zəngin tərkibi ilə ən faydalı və dadlı tərəvəzlərin sırasındadır. Onun tərkibində bitkilərdə rast gəlinən bütün növ vitaminlər var. Pomidor xüsusən A və C vitaminləri ilə zəngindir. Həmçinin bu faydalı tərəvəzin tərkibində insan üçün lazım olan kalium, fosfor, dəmir daxil olmaqla iyirmidən artıq kimyəvi element var.

Gözəl dad xüsusiyyətləri, zərif sellülozu, az kaloriliyinə görə pomidordan faydalı qida məhsulu kimi hamı istifadə edə bilər.

Ürək damar sisteminin xəstəliklərindən, maddələr mübadiləsinin pozulmasından əziyyət çəkən insanlar üçün pomidor xeyirlidir.

Tərkibindəki sellüloz bağırsağın mikroflorasına müsbət təsir göstərir, orqanizmdən xolestrenin çıxmasına kömək edir, mədə şirəsinin sekresiyasını gücləndirir.

Pomidor qan təzyiqini aşağı salmaqla yanaşı həm də yüksək göz təzyiqi üçün də faydalıdır.

Pomidorun orqanizm üçün faydalarından biri də odur ki, o insanı günəş şüalarının zərərindən və ətraf mühitin mənfi təsirlərindən qoruyaraq dərinin təravətli və sağlam qalmasında mühüm rol oynayır.

Qanda şəkərin səviyyəsini stabilləşdirən pomidor diabet xəstələri üçün də faydalıdır.

Mədə xorası olan insanlar pomidoru zeytun yağı ilə birgə istifadə etmələri məsləhətdir. Belə ki, pomidoru doğrayıb üzərinə az miqdarda zeytun yağı əlavə etmək lazımdır.

Antioksidantla zəngin olan pomidor infeksion xəstəliklərin qarşısının alınmasında və profilaktikasında ən yaxşı vasitələrdən biridir.

Tərəvəzlərdən istifadə edərkən bir məsələyə xüsusi diqqət yetirmək vacibdir. Adətən bir çox insanlar pomidorla xiyarı doğrayıb eyni boşqabda süfrəyə qoyurlar. Bu cür istifadə düzgün deyil. Çünki xiyar fermentləri pomidorun

tərkibində olan askorbin turşusunu dağıdır. Daha yaxşı olar ki, pomidor salatı düzəldərkən ona cəfəri, şüyüd, zeytun yağı və xama əlavə olunsun.

Əgər pomidor şirəsindən istifadə edirsinizsə onu yemək vaxtı deyil, yeməkdən yarım saat əvvəl qəbul edin. Cünki böyük miqdarda pomidor şirəsini çörəklə, kartofla, digər nişasta tərkibli qidalarla istifadə edildikdə böyrəklərdə və sidik kisəsində daşlar əmələ gələ bilər. Yaxud yemək yedikdən yarım saat sonra 100-150 qram pomidor şirəsi işməklə həzm prosesini yaxşılaşdıra bilərsiniz.

Dəridə yara və yanıqlar zamanı pomidordan istifadə etmək olar. Pomidoru yarı bölüb zədələnmiş yerə qoymaqla, yaxud tənzifi pomidor şirəsi ilə isladıb təpki etməklə yaranı yüngülləşdirmək mümkündür.

Siqaret çəkən insanlar üçün pomidordan müntəzəm istifadə etmək tövsiyə olunur. Pomidor qətranın orqanizmdən xaric olmasında siqaret çəkənlərə yardımçı olur.

Prostatın xərçənginə qarşı profilaktikada pomidor ən effektli qida məhsullarından sayılır. Həmçinin cinsi fəaliyyətin gücləndirilməsində pomidor olduqca xeyirlidir. Məhz elə buna görə fransızlar pomidoru “məhəbbət alması” adlandırırlar.

Üz dərisinin qayğısına qalan xanımlar pomidordan təbii kosmetik vasitə kimi istifadə edə bilərlər. Bunun üçün iki ədəd pomidorun şirəsini çəkməli və üzərinə bir çay qaşığı un əlavə edilməlidir. Üz təmiz yuyulduqdan sonra alınmış məhlul üzə çəkilir və 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Bu vasitə xüsusilə yağlı üz dərisi olan xanımlar üçün daha yararlıdır.

Pomidorun sağlamlıq üçün faydalarını nəzərə alaraq qarşıdan gələn yay mövsümündə qida rasionunuzda bu dəyərli tərəvəzə xüsusi yer ayırın ki, həm iştahlı olasınız, həm də sağlam.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır