Modern.az

100 il öncə...

100 il öncə...

23 Aprel 2015, 23:23

Millət vəkili, fəlsəfə doktoru

Bütün millətlər bir-birindən özünəməxsus keyfiyyətləri ilə fərqlənir. Onlar sadəcə fiziki, antropoloji, mədəni xüsusiyyətlərinə görə deyil, bəzən öz keçmişinə münasibəti ilə də öz xarakterini açır, kimliyini ortaya qoyurlar.

Türkləri öz tarixi ilə birləşdirən - əbədi və yenilməz bir Zəfər duyğusudur. Türk tarixində belə zəfərlərin sayı çoxdur, onların ən möhtəşəmi isə bütün dünya türklüyünün artıq 100 ildir ki, böyük coşqu ilə yaşadığı Canaqqala Zəfəridir.

Ermənilər üçünsə tarix özgə torpaqlarında qurulması düşünülmüş “böyük Ermənistan” xülyasından, “erməni soyqırımı” əfsanəsindən və bu sindromun yaratdığı kütləvi psixozdan ibarət ağır bir yükdür. Hiyləgərlikdən, xəyanətdən və terrorçuluqdan yoğrulmuş bir tarixin yükü altında daim əzilən, alçalan ermənilər də artıq 100 ildir ki, özlərinin şərəfsizlik tarixindən əl çəkə bilmirlər.

24 aprel 2015-ci ildə böyük türk dünyası Çanaqqala savaşının, ermənilər isə “soyqırım tarixinin” 100 illiyini qeyd edəcəklər: bir xalq tarixi zəfərindən qürur duyacaq, bu qalibiyyətin ümumdünya əhəmiyyətini beynəlxalq səviyyədə bir daha təsdiqləyəcək, digəri isə yenidən “əzabkeş xalq” rolunu riyakarlıqla oynayacaq, xəyanət tarixinin matəminə toplaşacaq və özünə “siyasi və maddi sədəqə” toplamağa çalışacaq...

Birinci Dünya müharibəsinin (1914 – 1918) ən dramatik hadisəsi sayılan Çanaqqala savaşı hərb və siyasət tarixinin unikal epizodlarından biridir: 100 il öncə (1915 – 1916) Çanaqqalada elə bir savaş oldu ki, o Yer üzündə yeganə müstəqil türk dövlətinin “olum, ya ölüm” məsələsini həll etməklə yanaşı, imperializmin planetar hökmranlıq çarpışmalarında Qərb – Şərq münasibətlərinə də aydınlıq gətirdi - ikincinin birinciyə heç zaman müstəmləkə olmayacağı qətiyyətini ortaya çıxardı.

XX əsrin əvvəllərində dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropanın aparıcı dövlətləri iki hərbi-siyasi blokda – Antanta (İngiltərə, Fransa, Rusiya imperiyaları) və İttifaq dövlətlərində (Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları) qütbləşərək üz-üzə gəlmişdi. Qlobal qarşıdurmanın əsas tərəfləri Almaniya və Böyük Britaniya idi. O zaman yer kürəsinin bir çox qitələrində, əsasən də, Asiyada geniş müstəmləkələri olan Böyük Britaniya və onun müttəfiqləri müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkə ərazilərini ələ keçirmək, Avropa üçün davamlı təhlükə hesab edilən Osmanlı imperiyasını birdəfəlik çökdürərək, Şərqdə hələ böyük torpaqlara sahib olan bu qoca imperiyanın ərazilərini öz aralarında bölüşdürmək niyyətində idilər. “Antanta”nın üç qüdrətli dövlətindən biri – Rusiya imperiyası da getdikcə daha çox Şərqi Avropaya nüfuz etməyə çalışan Almaniyanı iqtisadi və hərbi cəhətdən zəiflətməyə, eyni zamanda, Osmanlı dövlətinin nəzarətində olan Qara dəniz bölgəsində daha da möhkəmlənməyə, Balkanlarda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa çalışırdı.

Nəhənglərin döyüşündə rəqibə arxadan zərbə vurmaq üçün yerinə yetirilməsi vacib olan xəyanət missiyası da var idi ki, bu da Osmanlı təbəələri olan ermənilərə həvalə olunmuşdu. Xəyanət müqabilində uğurlu savaşdan sonra türk torpaqlarında öz dövlətini yaradacağına ümid edən xain ermənilər bu şərəfsiz missiyanı həvəslə qəbul etmiş, hələ savaş ərəfəsində artıq ilk addımlarını atmışdılar. Van əyalətində üsyana qalxmış, Şərqi Anadolunun 2.200.000-dən çox türk əhalisinin böyük bir qismini qətlə yetirmiş, onlardan yalnız 600.000 nəfəri ölkənin içəridlərinə doğru qaçaraq, qurtula bilmişdilər. Xəyanət isə tükənmək bilmirdi, hələ savaşın ən qızğın mərhələsində o öz murdar sifətini bir daha göstərəcəkdi.

Beləliklə, böyük güclərin toqquşma arenasında öz tarixinin ən zəif dövrünü yaşayan Osmanlı imperiyası dünyanın ən qüdrətli dövlətinin – Böyük Britaniyanın və onun müttəfiqlərinin hərbi donanması və orduları ilə öz torpağında – Çanaqqalada üz-üzə gəlmişdi.

Bu ərəfədə Balkan müharibələrindəki məğlubiyyətlər Osmanlı dövlətinin və ordusunun nüfuzunu xeyli dərəcədə sarsıtmışdı. Dərin ziddiyyətlər içərisində boğulan Osmanlı Türkiyəsinin Çanaqqala cəbhəsindəki ordusu bütün ciddiliyi ilə dərk edirdi ki, özünü məhz bu döyüşdə fəda etməsə, Vətənsiz qalacaq. Geriyə yol yox idi. Ordu yalnız və yalnız Qələbəyə doğru yürüməliydi.

Antanta qısa bir zamanda qoca Osmanlını yer üzündən, Avropa qitəsindən silib atacağına əmin idi. Tale isə Zəfəri məhz böyük türk millətinin alnına yazmışdı.


1915-ci ilin 18 martında başlayan və aprelin 23-24-də ölüm-dirim mübarizəsinə çevrilən Çanaqqala savaşında türk ordusu dəniz və quru döyüşlərində, bəlkə də hərb sənətində Spartalılardan sonra tarixin ən parlaq şücaətini göstərdi. Tarixin bu həlledici anında türk əsgərləri güclü düşmən qüvvələri önündə canları ilə Vətən torpağına sipər çəkdilər. Ölərək Vətəni ölümsüz etdilər, öz qanları ilə doğma torpaq üzərində qəhrəmanlıq dastanı yazdılar. Antanta qüvvələri çox böyük itki ilə geri çəkilməyə məcbur oldu, onların Birləşmiş Donanmasının hərbi gəmiləri Çanaqqala boğazında sulara qərq oldu...

Birinci Dünya müharibəsində on ayrı cəbhədə vuruşmaq məcburiyyətində qalan Osmanlı ordusu türk vətəninin bütövlüyünü məhz Çanaqqala cəbhəsində zəfər çalmaqla qoruya bildi, ölkəni parçlamağa qəsdlənmiş düşmən ordusuna İstanbula daxil olmağa imkan vermədi.

Müharibə bitəndən sonra, bütün baş verənləri soyuq ağılla araşdıran tarixçilər və siyasətçilər bu qənaətə gəlirdilər ki, əslində, bütün ilkin şərtlərə görə, Osmanlı ordusunun həmin müharibədə məğlubiyyəti qaçılmaz idi. Bəs ona zəfər qazandıran nə oldu? – Yalnız türk əsgərinin yenilməzlik və fədakarlıq ruhu, öz haqqını müdafiə etmək qətiyyəti, dərin kökləri ilə ulu torpağa bağlı Vətəndaşlıq Əxlaqı!

Çanaqqala savaşında hərbi dühasını və liderlik keyfiyyətlərini göstərmiş, az müddətdən sonra Türkiyə Respublikasını quracaq və onun ilk prezidenti olacaq Mustafa Kamal Atatürk 1937-ci ildə – ölümündən bir il öncə isə bəyan edəcəkdi: “... Türk Ordusu! Bütün millətin köksünü etimad və qürur hissi ilə dolduran şanlı ad budur! Ordumuz Türk birliyinin, Türkün qüdrət və qalibiyyətinin, Türk vətənsevərliyinin poladlaşmış bir ifadəsidir. Ordumuz – Türk torpaqlarının qorunması və Türkiyə idealının həyata keçirilməsi üçün göstərdiyimiz sistemli səylərin məğlubedilməz təminatıdır”.

Bu il 100 illiyi anılacaq Çanaqqala savaşı türk tarixinin şərəf anı və eyni zamanda, bütün millətlər üçün azadlıq və müstəqillik uğrunda yenilməz mübarizənin örnəyi kimi, regionda və dünyada baş verən sonrakı hadisələrə də təsir edəcək nəticələri ilə birlikdə, dünya tarixinin ən önəmli hadisələrindən biridir.

Birinci Dünya müharibəsinin gedişində məhz Çanaqqalada baş verən dönüş trayektoriyası o zamankı dünya siyasətində müəyyən dəyişiklikləri meydana gətirdi:

1. Çanaqqala cəbhəsində Osmanlı Türkiyəsinə savaş açmış dünyanın iki nəhəng dövləti – Böyük Britaniya və Fransa birlikdə yarım milyondan çox canlı hərbi qüvvəsinin, demək olar ki, yarısını itirdi. Bu proses “Antanta”nın qüdrətini sarsıtdı və onun yeni müttəfiqlərlə güclənməsini ləngitdi.

2. Osmanlı Türkiyəsinə düşmən olan “Antanta”nın üçüncü nəhəng dövləti – Rusiya imperiyası Asiya və Avropanı birləşdirən boğazlardan keçmək imkanından və müttəfiqlərinin yardımından məhrum olduğundan, hərb meydanlarında geniş manevr imkanlarını itirdi, onun “isti dənizlərə” çıxmaq xülyası

birdəfəlik puça çıxdı. Savaşdan sonra ölkədə daxili ictimai-siyasi vəziyyət kəskinləşdi, beləliklə, bu proses Çar Rusiyasının çökməsinə və rejim dəyişikliyinə zəmin yaratdı.

3. Çanaqqala zəfəri Birinci Dünya müharibəsinin başlanğıcından sonunadək Osmanlı dövlətinə Aralıq dənizi və Qara dənizi birləşdirən boğazları bağlamaq, düşmən qüvvələrini bu “həyat yollarında” hərəkətdən məhrum etmək imkanı yaratdı və açıqca göstərdi ki, Osmanlı Türkiyəsinin ərazisindəki boğazların sahibi qeyd-şərtsiz olaraq onun özüdür.

4. Beləliklə, Qərb imperializminin Osmanlı Türkiyəsini parçalamaq və bu dövlətin varlığına son qoyub Anadolu üzərindən birbaşa Şərqə doğru irəliləmək niyyətləri alt-üst edildi.

5. Çanaqqala savaşındakı zəfər - türk millətinin əski zamanlardan qurtuluşunun və yeni tarix üçün səfərbər olmasının, özünüdərkinin və dirçəlişinin başlanğıcı oldu. Bu savaş türk əsgərinin inam və əzminin ən modern hərbi texnologiyalardan üstünlüyünü təsdiq etdi. Çanaqqala savaşı – dünya imperializminin qürurunun qırıldığı, onun müstəmləkə siyasətinin iflasa uğradığı bir savaş oldu.

6. Çanaqqala zəfəri – Balkan müharibələrindəki məğlubiyyətlər səbəbindən sarsılmış Osmanlıda daxili və xarici siyasətin yenidən güclənməsinə şərait yaratdı. Həmin durumu Mustafa Kamal Atatürk belə dəyərləndirmişdi: “Balkan müharibələrində alnımıza sürtülən ləkəni Çanaqqalada təmizləyə bildik...” Dünyanın ən güclü donanmasını və yüksək səviyyədə təchiz edilmiş ordusunu darmadağın edən Çanaqqala müdafiəçiləri Türk İstiqlal Hərbinin uğurla nəticələnməsinə yol açdı. Bu zəfər çökməkdə olan Osmanlı imperiyasının içindən onun möhtəşəm tarixinə layiq və varlığına doğma olan müasir bir dövləti – Türkiyəni ərsəyə gətirmək imkanları qazandırdı, türk millətinin ictimai və siyasi gücünü bu dövlətin təşəkkülü prosesinə səfərbər etdi.

Bəs ermənilərin aqibəti necə oldu?

Əsrlər boyu türklərə qarşı vuruşan çar Rusiyası hələ 1-ci dünya müharibəsindən də 100 il öncə İrandan və Suriyadan gətirdiyi erməniləri çoxsaylı rus-türk savaşlarında ələ keçirdiyi türk torpaqlarında – Azərbaycanın qərbində, Osmanlı sərhədlərində və Qarabağ bölgəsində yerləşdirməyə başlamışdı. Irəvan xanlığında sərhədyanı bölgələrdə məskunlaşdırılmış ermənilər vasitəsilə sərhədin o biri üzündə - Osmanlı ərazisindəki bölgələrdə yaşayan ermənilərlə təmas yaradılmış, gələcək qarşıdurmalarda Osmanlı daxilindəki ermənilərdən türk ordusuna qarşı istifadə etmək planlaşdırılmışdı. Erməni xislətinə yaxşı bələd olan ruslar onillər ərzində erməniləri silahlandırmış, təlimatlandırmış və edəcəkləri satqınlığın və xəyanətin müqabilində onlara “dənizdən dənizə uzanan böyük Ermənistan” yaratmağı vəd etmişdilər.Qərbdən Şərqə materik boyunca Avrasiyanın bütün cənub zolağını qurşaqlayan ucsuz-bucaqsız türk ərazilərini parçalamaq və hissələrə bölmək kimi məkrli bir plan təkcə çar Rusiyasının deyil, eləcə də Avropa və ABŞ siyasətinin də maraqlarına uyğun idi. Məhz buna görə bədbəxt ermənilər Osmanlı İmperiyasının məhvinə inanır və onun torpaqlarında özlərinə dövlət qurmaq üçün istənilən missiyanı canla-başla yerinə yetirməyə hazır idilər. Hələ 1870-ci illərdən başlayaraq zaman-zaman baş qaldıran erməni üsyanları Osmanlı imperiyasının zəiflədilməsi üçün düşünülmüş planın ilkin fazası idi. Lakin Osmanlı imperiyası həmin üsyanların iştirakçılarını bağışlayaraq bölgədə sabitliyin bərqərar olması üçün xoş məram nümayiş etdirmişdi. Bir müddət sonra baş verən hadisə isə əsl erməni xislətinin iç üzünü açıb göstərdi. Dünya savaşı başlayan kimi yüzilliklər boyu türk imperiyasının himayəsində digər toplumlarla birgə heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayan Osmanlı erməniləri məhz bu tarixi məqamda alınlarına yazılmış xəyanət missiyasını məharətlə yerinə yetirməyə başladılar.

Regionda siyasi və hərbi üstünlüyünü hər vəchlə təmin etməyə çalışan Qərb dairələri və Rusiya üçün erməni kartı əvəzsiz vasitə kimi görünürdü. Döyüş cəbhələrindəki, eləcə də Çanaqqala savaşındakı gərginliklə eyni zamanda Şərqi Anadoluda erməni üsyanlarının baş qaldırması da sadəcə təsadüf deyildi... Həm də bu dövrdə təkcə Anadolu türkləri deyil, eyni zamanda, Azərbaycan türkləri də öz vətənində - bütün Cənubi Qafqazda erməni xəyanətinin qurbanına çevrilmişdilər. 1918-ci ilin martında – məhz Osmanlı Türkiyəsində Çanaqqala savaşının getdiyi bir zamanda ermənilərin Bakıda, Şamaxıda, Qubada törətdikləri real soyqırım cinayətləri heç də məzlum, əzilmiş xalqın törədə biləcəyi hadisələrə oxşamırdı, – bütün bunlar böyük türk regionunun hər tərəfdən caynaqlanması prosesinin tərkib hissəsi idi.

Osmanlı ordusunun 1915-ci ildə Sarıqamışda erməni xəyanətinə uğraması Osmanlı ordusunda xidmət edən erməni hərbi birliklərinin tərki-silah edilməsini zəruri etdi. 1915-ci ilin mayında isə qəbul olunmuş digər bir qərara əsasən, dövlət təhlükəsizliyinin təmin edilməsi və Şərqi Anadoluda separatçı meyllərin qarşısının alınması məqsədi ilə 400 min erməni sərhədyanı bölgələrdən ölkənin içərilərinə doğru köçürülməyə məruz qaldılar. Bu zaman köç dəstələrinin yolu vaxtilə ermənilərin Şərqi Anadoludan kütləvi qətllər törətməklə qovub çıxardıqları türklərin yeni məskunlaşdıqları ərazilərdən keçməli idi. Köçürülən ermənilərin jandarm qüvvələri tərəfindən müşaiyət olunmasına baxmayaraq, türk köçkünlərin qisasçıları ara-sıra erməni köçünə hücumlar edir və bir müddət əvvəl ermənilər tərəfindən öldürülmüş yaxınlarının qisasını almağa cəhd göstərirdilər. Dünya nəhənglərinə qarşı amansız müharibənin getdiyi bir vaxtda erməni köçgünlərinin gəlib çatdığı Suriya ərazisində də onları ideal şərait gözləmirdi. Ona görə də köçürülməyə məruz qalmış xainlərin bir qisminin tələf olması qaçılmaz idi.

Bütün gözlənilənlərin əksinə olaraq, Çanaqqala savaşında türklərin möhtəşəm Zəfəri hadisələrin gedişini tamamilə dəyişdi. Antantanın Osmanlı imperiyasını məhv etmək planları və ermənilərin də Osmanlı xarabalıqları üzərində özlərinə “böyük Ermənistan” yaratmaq xülyaları iflasa uğradı. Elə həmin zamandan matəmə bürünmüş ermənilər hələ də reallaşmayan xəyallarına yas tutmaqda davam edirlər.

Buna baxmayaraq, müttəfiq güclər erməni əlaltılarının “qəhrəmanlığını” (oxu: xəyanətini) mükafatlandırmağı da unutmadılar. Türkiyəyə dişi batmayan və nəticədə öz məqsədlərinə nail ola bilməyən Qərb və Rusiya ermənilər üçün Azərbaycanın İrəvan xanlığı ərazisində Ermənistan adlı oyuncaq dövlət yarada bildilər. Bununla yanaşı, havadarları tərəfindən ermənilərin “kütləvi qırğını” iddiası ortaya atıldı və bu günədək buna hüquqi don geyindirmək üçün çoxsaylı cəhdlər edilməkdədir. Halbuki 1915-ci il hadisələrinin araşdırılması üçün müharibədən dərhal sonra Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə təşkil edilmiş tribunal da bu hadisələrin soyqırımı olduğunu sübut edən heç bir əsaslı dəlil tapmamış və ittiham edilən şəxslərin əksəriyyətinə bəraət verilmişdi. “Ermənilərin kütləvi qırğına məruz qalması” faktı hələ o zaman elə Qərb dünyasının ən qızğın erməni təəssübkeşləri tərəfindən sübut edilə bilinməmişdirsə, hadisələrin üzərindən 100 il keçdikdən sonra onun soyqırım aktı kimi qələmə verilməsi isə artıq müasir dövrümüzün siyasi riyakarlığından irəli gəlir. Bu erməni canfəşanlığının arxasında heç də “tarixi ədalətin” bərqərar edilməsi dayanmır. Məqsəd gündən-günə güclənən Türkiyənin təsir dairəsini məhdudlaşdırmaqdan, türk dövlətləri birliyinin güclənməsinə yönələn səyləri önləməkdən ibarətdir. Çanaqqala məğlubiyyətini hələ də həzm edə bilməyən güc sahiblərinin bu hadisələrdən 70 il sonra da Azərbaycan torpaqlarının – Dağlıq Qarabağın və ətraf bölgələrin Ermənistan tərəfindən işğalını dəstəkləməsi böyük türk dünyasının mühüm seqmentlərini bir-birindən ayırmaq, bu regionun malik olduğu potensial inkişaf və inteqrasiya proseslərini əngəlləmək məqsədi daşıyır. Bu gün də “əzabkeş Ermənistan” regionda iqtisadi, siyasi, hərbi mövqelərini getdikcə gücləndirməkdə olan Türkiyə və Azərbaycana qarşı istifadə olunan ideal təzyiq vasitəsi kimi görünür. Uydurma erməni soyqırımının tanınmasına beynəlxalq səviyyədə verilən dəstək də məhz bu siyasətin tərkib hissəsidir. Lakin bu siyasət ermənilərin özünü də siyasi təcridə, iqtisadi tənəzzülə və mənəvi deqradasiyaya sürükləyir. Bu reallığı dərk etməyən Ermənistan dövləti isə hələ də uydurma iddialarını həyata keçirmək ümidi ilə yaşayır və içərisində eşələndikləri uçurumu daha da dərinləşdirirlər. Dünyada baş verən inteqrativ proseslər fonunda ətrafına düşmənçilik toxumları səpən, əməkdaşlığa deyil, özünü təcridə yol açan, gələcəyə hədəflənməyən, keçmişin uydurma tarixində ilişib qalan erməni siyasəti indi daha miskin görünür.

Bir çox məşhur tarixçilər, siyasi analitiklər də öz araşdırmalarında erməni soyqırımı iddialarının real tarixi faktlara əsaslanmadığını dönə-dönə bildiriblər. Türkiyə dəfələrlə 1915-ci il hadisələrinin hərtərəfli şəkildə araşdırılması üçün arxivlərini açmaq barədə bəyanatla çıxış etmişdir. Lakin Ermənistan və erməni havadarları arxivlərin araşdırılacağı təqdirdə əsl həqiqətin üzə çıxacağından ehtiyatlanaraq Türkiyənin bu təklifini rədd edirlər.

Beləliklə, bir tərəfdə dialoq, əməkdaşlıq təklif edən Türkiyə, digər tərəfdə isə xoşməramlı çağırışı, tarixə realist yanaşmanı qəbul etmək istəməyən Ermənistan. Beləcə, 100 ildir ki, Həqiqətlə Yalan, Səmimiyyətlə Riyakarlıq, Barışla Savaş beynəlxalq siyasət meydanında yanaşı addımlayır.

24 aprel tarixində böyük türk dünyası Çanaqqala Zəfərinin 100 illiyini, ermənilər və onların diasporu isə saxta “soyqırım” tarixinin 100 illiyini qeyd edəcəklər. Çanaqqala savaşındakı qələbə bütün dünya dövlətlərinin etiraf etdiyi kimi, 100 il bundan öncə müstəmləkə imperializmi siyasətinə qarşı dünya xalqlarının mübarizəsinə başlanğıc və ruh verən ümumdünya əhəmiyyətli tarixi hadisədir. Çanaqqala zəfəri Vətən uğrunda savaşın, Azadlıq və Ədalət uğrunda mübarizliyin misilsiz örnəyi kimi zaman-zaman insanlığı şərəfləndirəcək, dünyada sülh, etimad, qardaşlıq və birlik siyasətinə hər zaman işıq yandıracaqdır!

Düşmənçilik toxumu səpən “erməni soyqırımı” isə xalqlar və dövlətlər arasında nifrət və ədavəti qızışdıran nəhəng bir uydurmadır. Tarixi həqiqətləri bilərəkdən təhrif etmək, ədalət prinsipini birtərəfli siyasi maraqlara qurban vermək, saxta olanı gerçək görüntüsünə salmaq isə yanlış yoldur və əvvəl-axır Ermənistanı iflasa aparır. Bunu anlamayan ermənilərsə, hələ də öz riyakarlıqlarını davam etdirməkdədirlər. Davam edin, cənablar. Siz saxta göz yaşları tökməklə öz ağalarınıza nökərçiliyinizi davam etdirin. Böyük Türk Dünyası isə sülhə, tərəqqiyə və xoş gələcəyə doğru uzanan yolda uğurdan uğura, qələbədən qələbəyə addımlayacaq. 100 il öncə Çanaqqala savaşından sonra olduğu kimi !

Böyük Türk Dünyasına şanlı zəfərlər arzusu ilə…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi